Uşağa döyüşü

Rusiya II Rusiya-İran müharibəsinin
xronologiyası

Şamxor döyüşü (1826)
Gəncə döyüşü (1826)
Uşaqan döyüşü (1827)
İrəvan qalasının işğalı (1827)
Türkmənçay müqaviləsi (1828)

Uşağa döyüşü yaxud Uşaqan döyüşüII Rusiya-İran müharibəsi dövründə Üçkilsə yaxınlığında baş vermiş döyüşdür. Döyüş Qacarlar İranı tərəfindən Abbas Mirzənin, Rusiya imperiyası tərəfindən isə general-leytenant Krasovskinin başçılığı ilə baş vermişdir. Döyüşdə rus qoşunları məğlub oldular.[1][2]

Döyüş[redaktə | mənbəni redaktə et]

II Rusiya-İran müharibəsinin gedişində İrəvan qalasını mühasirəyə alan general-adyutant K. X. Benkendorfa dəstəyə gələn Qafqazın baş komandanı general-adyutant İvan Paskeviç, qalanın yaxşı müdafiəsi və istilər səbəbindən İrəvan qalasının mühasirəsindən müvəqqəti olaraq əl çəkdi və əsas gücünü səfərbər edərək Naxçıvan istiqamətində hücuma keçdi.[3] Qalanın mühasirəsini isə Krasovskiyə tapşırdı. Krasovskinin başçılığı altında 20-ci piyada diviziyası, Sevastapol, Krım piyada alayları, 39 və 40-cı yeger alayları, 6-cı batalyon 38 topla qalanın mühasirəsində idi.[4]

Rus qoşunları Naxçıvandakı döyüşlərdə qalib gəlsə də, İrəvandakı rus ordusunun vəziyyəti getdikcə pisləşirdi.[5] Belə ki, havaların isti keçməsi və əsgərlər arasında yayılan xəstəliklər rus qoşunlarının vəziyyətini günbəgün ağırlaşdırırdı. Krasovski vəziyyət barədə Paskeviçə məlumat verərək geri çəkilmək üçün icazə istədi. Paskeviçin icazəsindən sonra ruslar iyunun 21-də Üçkilsəyə doğru geri çəkildilər.[5]

Üçkilsədə yerləşən rus qoşunu iyulun 1-dək buranın müdafiəsini möhkəmləndirməklə məşğul oldu və qoşunun müəyyən hissəsini burada qoyaraq Üçkilsədən 35 verst aralı, Abaran çayı sahilində yerləşən Çınqıllı kəndində düşərgə saldı.[2] Rus qoşunlarını təqib edən İrəvan qoşunları isə onların düşərgəsindən 10 verst aralı Alagöz dağının ətəyində onlara nəzarət edirdi. Bu zaman İrəvan xanı Hüseynqulu xan Abbas Mirzəyə məktub yazaraq ondan kömək istədi.[2]

Abbas Mirzə öz qüvvələrini cəmləşdirib 10 min piyada, 15 min süvari və 28 top var idi, avqustun 17-də Uşağa vuruşmasında rus qoşunlarına ağır zərbə endirdi. Səhər saat 7-dən gündüz saat 4-dək davam edən qanlı döyüş Üçkilsənin 2 verstliyində başa çatdı.[2] Döyüşdən qaçan Krasovski Üçkilsə monastırına sığındı. Gizetti bu vuruşma haqqında məlumatına görə, Krasovskinin dəstəsi həmin döyüşdə 1166 əsgər və zabit itirdi (685 nəfər öldürüldü, 347 nəfər yaralandı, 134 nəfər isə əsir düşdü).[2][1] Şerbatova görə isə, Krasovskinin dəstəsindən 700-ə yaxın əsgər və zabit öldürüldü, 300 nəfərədək yaralandı və generalın özü çiynindən ağır yara aldı. Şerbatov Abbas Mirzənin itkisinin 3 minə çatdığını qeyd edir. Görünür, müəllif Abbas Mirzənin itkisini çox, ruslarınkını isə az göstərmişdir. Krasovskinin dəstəsi qaçaraq geri çəkildiyindən rus qoşunlarının itkisi daha çox olmalı idi.[2][1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Elçin Qarayev.s.234–235.
  2. 1 2 3 4 5 6 Yaqub Mahmudov.s.229.
  3. Fuad Əliyev, Urfan Həsənov.s.162.
  4. Elçin Qarayev.s.227.
  5. 1 2 Yaqub Mahmudov.s.228.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]