Ukrayna Birinci Dünya müharibəsi illərində — Ukraynanın Birinci Dünya müharibəsində rolu və orada baş verən hadisələr. Birinci Dünya müharibəsinin başladığı dövrdə Ukrayna toponimi sadəcə coğrafi anlayış kimi istifadə edilirdi. Müasir Ukrayna Respublikasının ərazisinin əksəriyyəti Rusiya imperiyasının, şimal-qərb hissəsini isə Avstriya-Macarıstan imperiyasının idarəsi altında idi.
O dövrdəki dövlət sərhədləri Avropanın etnik qruplarının yayıldığı əraziləri bölürdü. XIX əsrin axırlarında Avropada milli fərqindəlik artırdı, bu imperiyalar isə öz təsir sahələrini genişləndirmək istəyirdilər. Rusiya imperiyası ukraynalıları kiçik ruslar olaraq görürdü və regiondakı böyük ruspərəst rusin və Ukrayna icmalarını dəstəkləyirdi. Avstriya-Macarıstan imperiyası əksinə, XIX əsrin axırlarında Ukrayna milliyətçiliyinin artışını dəstəkləyirdi. Qərbi Ukrayna orada yaşayan slavyan pravoslav əhali ilə Balkan yarımadası arasındakı bir qarşıdurma zonası idi.
Avstriya-Macarıstanın siyasi təsir gücü azalır, panslavyan hərəkatının gücü isə gündən-günə artırdı. Buna görə də, Avstriya-Macarıstan və Serbiya arasında bir müharibənin baş verməsi qaçınılmaz idi. Etnik milliyətçiliyin artması Serbiyanın gücünün və ölkədə Avstriyafobiyanın artması ilə üst-üstə düşmüşdür. Avstriya-Macarıstan keçmiş Osmanlı vilayəti olan Bosniya və Herseqovinanı işğal etmişdi. Bu regionda böyük bir serb icması var idi. Region Avstriya-Macarıstan tərəfindən nizamlı şəkildə ilhaq olunmuşdur. Miliyyətçi düşüncələrin populyarlığı Osmanlının tənəzzülü ilə də üst-üstə düşmüşdür. Rusiya Avstriya-Macarıstan ilə Krım müharibəsindən bəri rəqib idi və regionda Rusiyaya etnik və dini bağlılıq var idi. Bu səbəblərə görə də Rusiya panslavyan hərəkatını dəstəkləyirdi. [1]
Bu qarşıdurmada din də böyük rol oynamışdır. Rusiya və Avstriya-Macarıstan Polşanın XVIII əsrin sonlarında öz aralarında böldüklərində onlar Şərqi Avropa mədəniyyətinə malik olan böyük bir katolik cəmiyyətini öz imperiyalarına aldılar. Rusiya regiondakı katolikləri pravoslav etməyə çalışırdı. Bu proses çox zaman sülh yolu, bəzən isə zorla davam edirdi.[2]
Son amil 1914-cü ildə Ukrayna milliyətçiliyinin regionun gələcəyinə təsir göstərə biləcək şəkildə böyüməsi idi. Bu milliyətçilik və Rusiya–Avstriya qarşıdurmaları kimi başqa əsas amillər bu iki imperiyanın regiondakı torpaqları itirməsi ilə nəticələnmişdir.[3]
Rusiya 1914-cü ilin avqust ayında Qalitsiyaya doğru irəliləməyə başlamışdır. Hücum zamanı, Rusiya ordusu düşmən qoşunlarını Karpat dağ silsiləsinə qədər məğlub etmiş, bütün ovalıq əraziləri işğal etmiş və uzun illər davam edən regionu ilhaq etmək cəhdlərini yerinə yetirmişdilər.
Ukraynalılar iki ayrı və zidd ordulara bölünmüşdülər. 3,5 milyon ukraynalı Rusiya İmperator Ordusu, 250 min ukraynalı isə Avstriya-Macarıstan Ordusu üçün vuruşmuşdur.[4] Beləliklə, çox ukraynalı həmvətənləri ilə döyüşmüşdür. Həmçinin, çoxlu ukraynalı mülki şəxs rəqib ordularla əməkdaşlıq etmək ittihamlarına görə qətlə yetirilmişdir.[5]
Birinci Dünya müharibəsində qərbi ukraynalılar Avstriya-Macarıstan və Rusiya imperiyalarının idarəsi altında yaşayırdı. Ukrayna kəndləri atışmalarda mütəmadi olaraq məhv edilirdi. Ukraynalılar münaqişənin iki tərəfində də iştirak edirdilər. Qalitsiyada 20 mindən çox ukraynalı Rusiyaya rəğbət duymaqla ittiham olunmuşdu. Onlar həbs edilib, Avstriya-Macarıstanın həbs düşərgələrinə atılırdılar. Bu həbs düşərgələri arasında Talerhof, Ştiriya və Terezin var idi.
Birinci Dünya müharibəsi sona çatanda ukraynalılara qarşı olan zorakılıq bitməmişdi. Döyüşlər 1917-ci ilin oktyabr ayında başlamış Oktyabr inqilabının başlamasından sonra daha da çoxalmışdı. İnqilab Rusiya imperiyası daxilində bir vətəndaş müharibəsinə gətirib çıxarmışdı və döyüşlərin çoxu Ukraynanın vilayətlərində baş verirdi. Bolşevik, loyalist, polyak, ukraynalı və keçmiş antanta dövlətlərinin orduları ölkədə fəaliyyət göstərdiklərindən regionda çoxlu qırğınlar baş vermişdi.
Bu dövrdə müstəqil bir Ukrayna dövlətinin qurulması üçün bir neçə uğurlu cəhd olmuşdur. Dövlətlərin birində paytaxt Kiyev, bir digərində isə Lvov idi, lakin bu dövlətlərin heç biri beynəlxalq icmadan yetərli dəstək almamış və uğursuz olmuşdular.
1919-cu ildə imzalanan Versal sülh müqaviləsi Ukrayna torpaqlarını digər Avropa dövlətləri arasında bölüşdürmüşdü. Qərbdə Qalitsiya və qərbi Volın regionları Polşaya verilmişdi. Bukovina vilayəti Rumıniyaya verilmişdi. Çexoslovakiya keçmiş Avstriya-Macarıstandakı torpaqları – Ujqorod və Mukaçevonu qorumuşdu. Qalan mərkəzi və şərqi Ukrayna vilayətləri Sovet İttifaqına verilmişdi. Birinci Dünya müharibəsinin və Rusiya vətəndaş müharibəsinin bir nəticəsi olaraq, ukraynalılar öz dövlətlərini qurmaq üçün bir neçə cəhd göstərmişdi. Bu cəhdlərin hamısının uğursuz olmasından əlavə, bu dövrdə 1,500,000 ukraynalı həyatını itirmişdi.[5]