Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Versal sülh müqaviləsi – Birinci dünya müharibəsinin rəsmən başa çatmasını təsbit edən sülh müqavilələrindən biri.
Versalda (Fransa) Antanta dövlətləri ilə Almaniya arasında 1919-cu il 28 iyunda imzalanmış, 1920-ci il 10 yanvarda qüvvəyə minmişdir. Almaniya məğlub dövlət olduğundan müqavilənin tərtib olunmasında iştiraka buraxılmamışdı. Müqavilə layihəsinin Paris Sülh Konfransında (1919–1920) Beşlər şurası (ABŞ, İngiltərə, İtaliya, Fransa, Yaponiya) tərəfindən tərtib olunmasına baxmayaraq, həlledici müqavilə imzalandıqdan sonra ABŞ senatı iki dəfə — 1919-cu ilin noyabrında və 1920-ci ilin martında müzakirələr keçirsə də, onu ratifikasiya etmədi. Buna səbəb isə V. Vilsonun təşəbbüsü ilə yaradılmış və ABŞ-nin dünyada aparıcı rolunu müəyyən etməli olan Millətlər Cəmiyyətində İngiltərə və Fransanın mövqeyinin üstünlüyü idi. Çin isə Şandunun Yaponiyaya verilməsinə etiraz edərək, müqaviləni imzalamadı. 1921-ci ilin avqustunda ABŞ Almaniya ilə ikitərəfli sülh müqaviləsi bağladı. Bu müqavilə Versal sülhü ilə eyni olsa da, burada Millətlər Cəmiyyəti barəsində maddələr yox idi.
Versal sülh müqaviləsi 440 maddədən ibarət olub, 15 hissəyə bölünmüşdü. Millətlər Cəmiyyətinin Nizamnaməsi(1-ci hissə) və Beynəlxalq əmək bürosunun nizamnaməsi (13-cü hissə) də müqavilənin tərkibinə daxil idi. Versal sülhü qalib dövlətlərin maraqlarının təmin olunmasına xidmət edib, dünyanın müharibədən sonrakı inkişafını müəyyənləşdirilmiş məcraya yönəltməli idi. Versal sülhü Almaniyanın 1914-cü il 1 avqusta qədərki ərazisinin 1/8-ni, əhalisinin isə 1/10-ni itirməsinə səbəb oldu. Elzas-Lotaringiya Fransaya, Eypen, Malmedi və Morene Belçikaya, Poznan, Yuxarı Sileziya, Qərbi Prussiyanın xeyli hissəsi Polşaya, Şlezviq-Holşteyn Danimarkaya verilirdi. Qdansk (Dansiq) "sərbəst şəhər" elan olunurdu və Millətlər Cəmiyyətinin himayəsinə verilirdi. Memel (Klaypeda) qalib dövlətlərin ixtiyarına keçdi. Helqoland və Dyun adalarındakı hərbi istehkamlar dağıdıldı. Saar vilayəti 15 il müddətinə Millətlər Cəmiyyətinin idarəçiliyinə, Saar kömür şaxtaları isə Fransanın mülkiyyətinə verilirdi.
80-ci maddə ilə Almaniya Avstriyanın müstəqilliyinə hörmətlə yanaşmalı idi. Yəni, onun Almaniyaya birləşdirilməsi qadağan edilirdi. Almaniya, həmçinin, Çexoslovakiya və Polşanın da müstəqilliyini tanıyır və Çindəki Versal sülh müqaviləsi (1919) 345 Vayxır körpüsü. 1997. mülklərindən və imtiyazlarından, bütün müstəmləkələrindən məhrum edilirdi.
42–44-cü maddələrə görə Reyn silahsızlaşdırılmış zonası yaradılırdı. Müqavilənin V hissəsi Almaniya üzərinə qoyulmuş hərbi məhdudiyyətləri əks etdirirdi. Almaniya daxili asayişi təmin etmək üçün könüllülük əsasında təşkil olunmuş 100 minlik qoşun saxlaya bilərdi. Ümumi icbari hərbi mükəlləfiyyət qadağan edilirdi. Almaniya ağır artilleriyaya, tanklara, hərbi aviasiyaya və sualtı qayıqlara malik ola bilməzdi. Hərbi dəniz donanması xeyli ixtisar olunurdu. Bu məhdudiyyətlərə nəzarət etmək üçün xüsusi komissiya yaradılırdı.
231–284-cü maddələrlə Almaniya üzərinə təzminat qoyulsa da, onun miqdarı müqavilədə qeyd edilməmişdi.
Versal sülhü Elba, Oder, Neman, Reyn və Dunay çaylarını beynəlxalq çaylar elan etmişdi.
116-cı maddə ilə Almaniya Rusiyanın 1914-cü il 1 avqusta olan sərhədləri daxilində ərazi bütövlüyünü tanıyırdı. İşğal etdiyi rus torpaqlarından qoşunlarını geri çəkməli və sovet Rusiyası ilə bağlanmış Brest-Litovsk müqaviləsini və digər müqavilələri ləğv etməli idi. Versal sülh müqaviləsi, ədalətsiz olaraq, müharibənin bütün günahlarını məğlub olmuş dövlətlərin üzərinə qoymaqla və həmin xalqları ağır şərtləri qəbul etməyə məcbur etməklə, bu ölkələrdə revanşizmin, şovinizmin və millətçiliyin güclənməsinə zəmin yaratdı.
30-cu illərdə Almaniyanın faşist rəhbərliyi Versal sülh müqaviləsinin şərtlərini ləğv edərək, yeni müharibəyə başlamaq qərarına gəldi. Almaniyanın sovet Rusiyası ilə imzaladığı müqavilələrin ləğv edilməsi, alman siyasətçilərinin 1918-ci ildə Qafqaz bölgəsində həyata keçirmək istədikləri anti-Azərbaycan planlarınada son qoydu.
Almaniya hakim dairələrinin Azərbaycan xalqının maraqlarına laqeyd münasibətinə baxmayaraq, öz milli hüquqlarının daim qətiyyətlə müdafiəsinə qalxan Azərbaycan Xalq Cümhuriyyətinin siyasi xadimləri nəinki Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, həm də Paris sülh Konfransında müstəqil dövlət kimi iştirakına nail oldular. Versal sülhü keçmiş Rusiya imperiyasının ərazi bütövlüyünün tanınmasını nəzərdə tutsa da, xalqların öz müqəddəratlarını sərbəst müəyyən etmələri prinsipinin elan olunması və Qərb dövlətlərinin anti-bolşevik tədbirləri Azərbaycanın müstəqil dövlətçiliyini möhkəmlətmək istəyinə, müvəqqəti də olsa, şərait yaratdı.