Yadigarovlar — Azərbaycan xalqının tanınmış soylarından biri.
Yadigarovlar | |
---|---|
Titul | Bəy |
Əcdadı | Yadigar bəy |
Qohum soylar | Vəkilovlar |
Mənşəyi | Borçalı |
Təbəəliyi |
Kaxeti çarlığı, Rusiya imperiyası |
General Yadigarov qardaşları Borçalının Təkəli kəndindən olublar. Borçalıda olanda ağsaqqalların əksəriyyəti fəxrlə dedilər ki, kəndin binasını da Yadigaroğulları qoyublar. Ona görə də kəndin adına çox vaxt "Ağalıq" da deyirlər. Bu nəslin 1701-ci ildə I İrakli, 1707-ci ildə II David, sonralar Anna, Konstantin, II Teymurazdan ağalıq imtiyaznamələri vardır. Sınıq körpüdən bəri kəndlər Yadigaroğullarına verilmişdir. O sıradan Yadigaroğlu Mirzə Bağır bəy I İrakli sarayının mustofisi (xəzinadarı), Yadigaroğlu Bahadır bəy 1730-cu illərdə gürcü valisinin naib-eşikağasıbaşı, Borçalı mahalında böyük mülk yiyəsi olmuşdu. Məhəmməd Sadıq bəy Yadigaroğlu Mustafa bəyin oğludur. 1780-ci ildə İrakli Sadıq bəyə, onun oğlanları Ağacan-Mamacana, Mustafa bəyə, Allahverdi bəyə və onların varislərinə Tiflisdə Meydan məhəlləsində məscid yanında beş dükan bağışlamışdı. 1787-ci ildə şahzadə Georginin buyruğu ilə Loridəki Ağöyü kəndi də Sadıq bəyə verilmişdi. Sadıq bəy ora öz rəncbərlərini yerləşdirmişdi. Əsrin axırlarında Sadıq bəyin böyük oğlu Ağacan Baydar sultanı olub, öz elini oraya köçürüb Çələbili obasını qurmuşdu. 1797-ci ildə şah İraklinin Sadıq bəyə, onun oğlanları Ağacana, Mustafaya, Allahverdiyə, İsmayıla və onların varislərinə verdiyi imtiyaznamə: "…Ağa Məhəmməd xan Tiflisi odlara qalayıb virana qoyanda sən bizimləydin və nə qədər bacardın bizə kömək elədin, oğulların Ağacan, Allahverdi bizi Araqviyəcən bələdlədilər və bizə sadəqətlə xidmət göstərdilər. Tiflis dağıdılan vaxt sən çox şey itirdin, xatırlanan imtiyaznamələri də o vaxt itirdin. Canidillə, sədaqətlə xidmətini nəzərə alıb, həmin imtiyaznamələrin qüvvəsini bərpa edirik və Sınıq körpü əhalisini rəiyyət kimi sənə bağışlayırıq".