Xəyalat (pyes)

Xəyalat — yaradıcılığının birinci dövründə dram əsərləri yazan Ə.Haqvеrdiyеv, ikinci dövründə (1905-1920) Azərbaycan ədəbiyyatına ustad bir hеkayəçi kimi daxil оlur, Azərbaycan bədii nəsrinin gözəl nümunələrini yaradır. Həmin dövrdə ədibin yazdığı səhnə əsərlərindən biri də “Xəyalat” pyesidir[1].

Əsər 1911-ci ildə "Orucov qardaşları" mətbəəsi tərəfindən Bakıda çap edilmişdir. Bir pərdədən ibarət olan bu pyesi yazıçı Ə. Haqverdiyev 1911-ci ildə qələmə almışdır. Pyes, yazıçının özünə ustad bildiyi Mirzə Fətəli Axundzadənin 100 illiyinə həsr etmişdir və ilk dəfə Axundzadənin doğum günündə səhnədə oynanılmışdır[2].

Mövzusu[redaktə | mənbəni redaktə et]

Ədib “Xəyalat” pyеsində Mirzə Fətəli Axundоvun “böyük faciə” ilə dоlu həyatını ölməz kоmеdiyalarının qəhrəmanları: Hatəmxan ağa, Hacı Qara, Dərviş Məstəli şah, Mоlla İbrahim Xəlil və s. ilə əlaqəli şəkildə təsvir еdir. Pyеsdə incə və оrijinal bir yоlla M.F.Axundоv və оnun ölməz kоmеdiya qəhrəmanları qarşılaşdırılır, böyük mütəfəkkir-ədibin öz dövründə nеcə qiymətləndirildiyi və nеcə ağır şəraitdə yazıb-yaratdığı göstərilir[1].

Süjeti[redaktə | mənbəni redaktə et]

Hadisələr Mirzə Fətəlinin Tiflisdəki evində baş verir. Xalqını oyatmağa çalışan Mirzə Fətəli bu yolda həmişə çətinliklərlə üzləşir. Pyes Mirzə Fətəli ilə kitab paylayanın dialoqu ilə başlayır. Kitab paylayan Mirzə Fətəliyə kitablarının pulsuz olmasına baxmayaraq Müsəlmanlar tərəfindən alınmadığını bildirir. Hətta mollaların xalqa bu kitabları oxumağın günah olduğunu söylədiklərini çatdırır. Kitabların yalnız bir neçə erməninin diqqətini çəkdiyini deyir və gedir. Kitab paylayan getdikdən sonra Mirzə Fətəlinin oğlu Rəşid gəlir və atasın məktəbə rahat gedib gəlmədiyindən, hər kəsin təhqirlərinə məruz qalmasından şikayət edir. Mirzə Fətəli oğluna səbir etməsini tövsiyə edir və onu anasının yanına göndərir.

Rəşid getdikdən sonra Hatən Xan Ağa əsəbi halda otağa girir və Mirzə Fətəliyə əsərində niyə öz adının çəkildiyini soruşur. Bu mövzuda Mirzə Fətəlini hədələyir və digər bəyləridə onun üzərinə qaldıracağına söz verir. Mirzə Fətəli xidmətçilərin köməkliyi ilə onu evdən çıxarır. Sonra kürsüsünə atıb üzgün halda oturur. Bu an xidmətçi Hacı Qaranın gəldiyini xəbər verir. Hacı Qara otağa girərək onunla salamlaşır. Mirzə Fətəli ondan dava etmək üçün gəldiyini soruşur. Hacı Qara isə ondan incidiyini və əsərində onun adını çəkməsindən narahat olduğunu söyləyir. Mirzə Fətəli onun könlünü alaraq yola salır.

Mirzə Fətəli öz-özünə danışarkən bayırdan bağırtı səsləri gəldiyini eşidir. Dərviş Məstəli Şah əsəbi halda otağa girir və Mirzə Fətəlini hədələməyə başlayır. Mirzə ondan üzr istəyir və əsərindən onun adını çıxaracağına söz verir.Yalnız bundan sonra sakitləşən Dərviş Məstəli Şah evi tərk edir. Dərvişi yola salan xidmətçi Axundzadəyə Molla İbrahim Xəlilin gəldiyini söyləyir. Molla İbrahim Xəlil Mirzəni ağır təhqir edərək onu kimya elmindən xəbərsiz olmaqda ittiham edir. Mirzə Fətəli isə ona insanları aldatmaqdan əl çəkməsini tövsiyə edir. Molla İbrahim evi tərk edərkən yenə bayırdan bağırtı səsləri gəlir. Bu sırada xidmətçi Bakıdan məktub gəldiyini xəbər verir. Məktubda Həsən Bəy Məlikov Mirzə Fətəlinin əsərini ana dilində səhnələşdirdiyini yazır və onu təbrik edir. Buna çox sevinən Mirzə Fətəli pis günlərin bitəcəyinə ümid edir[2].

Dil və üslub özəllikləri[redaktə | mənbəni redaktə et]

Ə.Haqverdiyev ədəbi fəaliyyətinin ikinci dönəmində qələmə aldığı son səhnə əsəri olan "Xəyalat"dı da əvvəlki pyeslərində olduğu kimi anlaşılan bir dildə yazmışdır. Yazıçı bu əsərində də tez-tez atalar sözləri və məsəllərə yer verməkdədir: "Nəsihəti avama, qanmayana edərlər.", "El üçün ağlayan gözsüz qalar", "Getdim saqqal gətirməyə, bığıda qoydum gəldim", "Yaxşı igidin adını eşit, üzünü görmə.", "Mən heç vaxt çəkmə geyib, küçələrin palçığını evimə gətirmərəm." Müəllif əsərdə az da olsa ərəbcə, farsca, rusca kəlimələrə yer vermişdir. Bu tip kəlimələr daha çox Həsən Bəy Məlikovun göndərdiyi məktubda yer alır. Burada məqsəd o dövrün danışıq dilini olduğu kimi oxucuya çatdırmaqdır.

Yazıçı əsərdə az da olsa arqo kəlimələrə və günümüzdə istifadə edilməyən bəzi arxaik sözlərədə yer vermişdir: "gədafərzən", "sovxa", "səgdəm", "murov" ..[2].

Obrazlar[redaktə | mənbəni redaktə et]

  • Mirzə Fətəli Axundov
  • Rəşid – оnun оğlu
  • Kitabpaylayan şəx
  • Hatəmxan ağa – mülkədar, qarabağlı
  • Hacı Qara – sövdagər
  • Dərviş Məstəli Şah – məşhur cadugər
  • Molla İbrahim Xəlil – kimyagər
  • Nökər – Mirzə Fətəlinin еvində

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV SЕÇİLMİŞ ƏSƏRLƏRİ İKİ CİLDDƏ I CİLD" (PDF). 2022-05-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-03.
  2. 1 2 3 "Abdurrahim Bey Hakverdiyev Hayatı-Sanatı ve Tiyatro Eserleri" (PDF). 2020-06-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-02.