Xaçın — Azərbaycanda tarixi ərazi.
Xaçın təqribən indiki Xaçın və Tərtər çaylarının yuxarı axarı, Göyçə gölündən cənuba Qarabağın dağlıq hissəsini əhatə edirdi.[1]
XII əsrdə Xaçında feodal hakimliyi təşəkkül tapmışdır. Mərkəzi Xaçın çayının sağ sahilində yerləşən Xoxanabert olmuşdur. Xarabalığı indiki Kəlbəcər rayonunun Vəng kəndi ərazisindədir.[1]
Hakimliyi alban Mehranilər sülaləsi nəslinin nümayəndələri idarə etmişdilər. XIII əsrdən Calalilər sülaləsi kimi tanınan bu nəslin ən görkəmli nümayəndəsi Həsən Calal Dövlə olmuşdur. O, güclü, feodal hökmdarları ilə qohumluq əlaqəsi yaratmış və "keçmiş alban səltənətini bərpa etmişdir". Həsən Calal Dövlənin dövründə Xaçın ərazisində Dad, Xatra, Xota, Qandzasar və s. alban kilsə və məbədləri inşa olunmuşdur. Qandzasar alban katolikosluğunun mərkəzi elan edilmişdi. Alban katolikosları da həmin sülalə üzvlərindən seçilirdi. Xaçında, əsasən, Albaniyanın islam dinini qəbul etməmiş xristian əhalisi yaşayırdı, lakin bu ərazidə xristianlığın qriqoryan məzhəbi üstünlük təşkil etdiyindən əhali arasında erməniləşmə prosesi gedirdi.[1]
XV əsrdə Qaraqoyunlu hökmdarı Cahanşah Calalilərə məlik titulu vermişdir. Bu məliklik 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya birləşdirilmişdir.[1]