Xaçın knyazlığının memarlığı — Xaçın knyazlığında inkişaf etmiş memarlıq ənənəsi.
Kirakos Qandzaketsinin "Tarix" əsərində də Qafqaz Albaniyası ilə bağlı çoxlu dəyərli məlumatlar verilmişdir. Müəllif monqol-tatarların Qafqaza yürüşü dövründə yaşamış və təsvir etdiyi hadisələrin birbaşa şahidi olmuşdur. Memarlıq və inşaat haqqında məlumatlarla zənginliyi baxımından əsərin ikinci hissəsi xüsusi maraq kəsb edir.[1] Mənbənin məlumatına görə, XII–XIII əsrlərdə Qafqaz Albaniyasının xristianlıq saxlanmış hissəsinin siyasi həyatında Xaçın knyazlığı aparıcı rol oynamışdır. Həmin dövrün ən məşhur dövlət xadimi Aşağı Xaçın hökmdarı olmuş Həsən Cəlal Dövlədir.[2] Həsən Cəlal Xudavəng və Xatirvəng monastırlarının kitabələrində xatırlanan[3] Xaçın knyazı Vaxtanq Tangik və Gəncəsər monastırının kitabəsində xatırlanan[4] Xorişə xatunun övladırır. Həsən Cəlalın Gəncəsər monastırının zəng qülləli nəhəng narteksini inşa etdirmiş[5] həyat yoldaşı Mamkan xatun isə Baq çarının nəvəsi olmuşdur.[6] Vaquas yepiskop evi, Gəncəsər, Böyük Arran monastırları, Vaçar kilsəsi, Akana, Xoxanaberd, Qaxac,[7] Caraberd, Karkar, Ded qalaları[8] Həsən Cəlal sülaləsinə məxsus idi. Gəncəsər monastırının epiqrafikasına əsasən monastırın əsas kilsəsi olan Müqəddəs Vəftizçi İohann kilsəsinin 1216-cı ildə başladılmış inşas məhz Həsən Cəlalın adı ilə bağlıdır. Kilsənin inşası 1238-ci ildə Həsən Cəlalın anasının vəfatından sonra tamamlanmışdır. Kirakos Qandzaketsi bu məbədin inşasına xüsusi diqqət ayırır.[5]
Həsən Cəlal sülaləsi ilə yanaşı, Qandzaketsi Yuxarı Xaçın ərazisində hakimiyyətdə olmuş knyaz Vaxtanqın da quruculuq işləri ilə bağlı məlumatlar verir. Bu sülalə başlanğıcını çar Vaxtanqdan götürür. Onun oğlu Həsənin həyat yoldaşı, Kürike çarının qızı Mamaxatun Xudavəng monastırında rahibəliyi qəbul etmişdi. Həsəndən sonra hakimiyyətə onun oğlu Vaxtanq Axbak gəlmişdi. Vaxtanq Axbak Kaen vilayətinin kürd mənşəli[9] hakimi Sadunun qızı Arzu xatunla evli idi. Arzu xatun eyni zamanda Zakare və İvane Dolqorukilərin də kuzeni idi. Xudavəng monastırının baş kilsəsi məhz Arzu xatunun sifarişi ilə inşa etdirilmişdir. Həyat yoldaşı Vaxtanq və dövrün mühüm elm xadimi Mxitar Qoşla birlikdə Arzu xatun Qoşavəng monastırının inşasını maliyyələşdirmişdir.[10] Müasirləri tərəfindən Aterk sülaləsi adlandırılmış bu sülaləyə Xudavəng monastırı, Aterk, Havaqala, Akanaberd qalaları məxsus idi.[11]
Kirakos Qandzaketsinin haqqında məlumat verdiyi monastırlardan biri də, Xatirvəng monastırıdır. Bu monastır Dop sülaləsinin dəfn yeri kimi məlumdur. Sülalə adını Dop (Dofi) adlı ilk təmsilçisi olan qadının adından almışdır. Mənbələrdə həm də Şuşan adlandırılan bu qadın İberiyanın kürd mənşəli knyazları Dolqorukilərin bacısı olmuşdur. Onun həyat yoldaşı Həsən isə Qeqam vilayətinin hakimi olmuşdur.[12] Qara Həsən və Dop xatunun oğlu Cəsur Həsən isə Knyaz Kürdün qızı və Arzu xatunun bacısı Mamkan xatunla evli idi.[13] Cəsur Həsən və Mamkanın oğlu Qriqor Həsən Cəlalın qızı Asfa xatunla evli idi. Bu şəxslərin adı yuxarı Xaçın ərazisindəki əksər abidələrin kitabələrində xatırlanır və Qriqori və Asfa xatunun XIV əsrdə yaşamış nəvəsi Sarkis Xudavəng, Xatirvəng və Getameç monastırlarının zəng qüllələrini inşa etdirmişdi. Dop sülaləsinə Andaberd, Tsar qalaları və Xatirvəng monastırı məxsus idi.[13]
İnşaat və quruculuq işləri ilə yalnız alban knyazları deyil, həm də alban katolikosları məşğul olurdular. Kirakosun məlumatına görə Ərəb Xilafəti dövründə, daimi mərkəzi olmayan alban katolikosları tez-tez məskunlaşdıqları yeri dəyişməyə məcbur olurdular. Onların qərar tutduqları yerlərdən biri də Gədəbəy rayonu ərazisindəki Çarek qalası yaxınlığındakı mağaralar idi.[14] Makar Barxudaryan "Artsak" adlı tədqiqat əsərində həmin mağara-kilsə kompleksini ətraflı təsvir edərək qeyd edir ki, qayalıqda yerləşən yeddi mağaradan yalnız ikisi kilsə kimi, digərləri isə yaşayış yeri kimi istifadə edilmişdir. Mağaraların girişi daş və gil məhluludan hörülmüş divarlarla örtülmüş, divarlarda isə qapı yerləri yaradılmışdır.[13] 1195-ci ildə katolokos taxtına keçən Hovannes Zakare və İvane qardaşlarına müraciət edərək məskunlaşmaq üçün müvafiq yer istəyir. İvane ona Miapor əyaləti ərazisindəki Həmşivəng monastırında yerləşməyi məsləhət görür. Qandzaketsi Gədəbəyin Böyük Qaramurad kəndi yaxınlığında yerləşən Həmşivəng monastırının baş kilsəsinin inşasına başlanılması haqqında məlumat verir: "İvane Dolqoruki orada böyük və möhtəşəm kilsənin inşasına başladı, lakin Xorasan sultanı Cəlaləddinin gəlişinə görə kilsənin inşası tamamlanmadı."[15]
Mxitar Qoşun əsərlərində də bəzi memarlıq abidələri haqqında qısa məlumatlar dövrümüzə çatmışdır. Qoş 1139-cu ildə baş vermiş zəlzələnin Gəncə, o cümlədən, Dağlıq və Düzənlik Xaçın, Parisos ərazisindəki yaşayış məntəqələrində törətdiyi dağıntılardan bəhs edir. "Dağlıq rayonlarda bir çox qalalar və kəndlər sakinlərin başına uçdu, monastırlar və kilsələrlə birlikdə xarabalığa çevrildi."[16] "Zəlzələ və gürcü çarı Demetrenin talançı yürüşündən sonra, atabəy Qara Sonqur Arranın bərpasına başladı. O, Gəncənin qala divarlarını yenidən inşa etdirdi."[17] G. Məmmədovanın fikrincə, XII əsr hadisələri ilə əlaqədar olaraq Mxitar Qoşun Gəncəsər monastırının adını çəkməsi,[18] həmin monastırın hələ Həsən Cəlalın inşaat işlərindən əvvəl mövcud olmasını sübut edir.[19]