Yanina Batırşina (tatar. Янина Фархат кызы Батыршина; 7 oktyabr 1979, Daşkənd, Özbəkistan SSR) — Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı. Olimpiya oyunlarının gümüş mükafatçısı, yeddiqat dünya, beşqat Avropa çempionu.[1]
Yana Batırşina | |
---|---|
rus. Яна Батыршина | |
Şəxsi məlumatlar | |
Tam adı | Yanina Fərhad qızı Batırşina |
Vətəndaşlığı | Rusiya |
Doğum tarixi | |
Doğum yeri | Daşkənd, Özbəkistan SSR |
Boyu | 165 sm |
Çəkisi | 46 kq |
İdman növü | Bədii gimnastika |
Yana Daşkənddə anadan olub. Tatar və yəhudi köklərə (atası - tatar, anası - yəhudi[2]) malikdir. Beş yaşından (1984) bədii gimnastika ilə məşğul olmağa başlayıb. İlk məşqçisi Valentina Andreyevna Çernova olub.
Doqquz yaşında olarkən mürəkkəb seçimlərdən sonra Özbəkistan SSR yığmasına daxil olub. Bir il sonra SSRİ-nin gənclərdən ibarət yığmasına qəbul edilmişdir. SSRİ dağıldıqdan sonra valideynləri ilə birlikdə Rusiyaya köçmüş və burada İrina Viner-Usmanovanın rəhbərliyi altında, Rusiya yığmasının üzvü kimi Novoqor gimnastika mərkəzində idmanla məşğul olmağa davam etmişdir.
İdman karyerası ərzində 180 medal qazanıb, bu mükafatlar arasında 1996-cı ildə Atlantada keçirilmiş Olimpiya oyunlarının gümüş mükafatı, dünya çempionatının 7 qızıl medalı, Avropa çempionatının 5 qızıl medalı, habelə daha 40 kubok vardır. 1997-ci ildə "Vətən qarşısında xidmətlərinə görə" ordeninin II dərəcəsi ilə təltif edilib.[3] 1998-ci ildə, 19 yaşı olarkən böyük idmandan getmişdir.
20 yaşında olarkən bədii gimnastika üzrə Braziliya yığmasının baş məşqçisi olub.[4]
2000-ci ildə televiziya karyerasına başlayıb. "16-ya qədər və daha böyük" proqramının aparıcısı olmuşdur. "Stolitsa" kanalında idman buraxılışları xəbərlərini aparmışdır. 2002-ci ildən 2009-cu ilədək "Rossiya" telekanalında — "Xəbər-İdman" və "Xəbər-İdman. Yerli Vaxt. Moskva" informasiya proqramlarının aparıcısı olmuşdur.
"Fort Boyard" (2003), "Xalq artisti" (2004), "İdmanla məşğul ol" (2010) televiziya verilişlərinin, həmçinin "Şöhrət" milli idman mükafatının (2003, 2004, 2006, 2008-ci illərdə) aparıcısı olmuşdur.
2010-cu ildə Kanadanın Vankuver şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında Soçi-2014 rus evinin aparıcısı olmuşdur. 2013-2016-cı illər ərzində "Karusel" kanalında yayımlanan, məktəblilər üçün intelektual şou olan "Tək hamıya qarşı" verilişinin aparıcısı olmuşdur.
2004-cü ildə[5][6] prodüser, "Parni iz Baku" şən və hazırcavablar klubu komandasının sabiq üzvü Timur Vaynşteyn ilə ailə həyatı qurub.[7][8] Onların toy mərasimi iki şəhərdə — Moskva və Bakıda baş tutub.[5] Cütlüyün Məryəm[9] və Ayla[10] adında iki qızı və Leonid adlı bir oğulları var.[11]
2010-cu ilin yayından "Təmiz idman səfirləri" anti-dopinq layihəsinin səfirlərindən biridir.[12]
2017-ci ilin dekabrında Rusiyanın hazırkı prezidentinin siyasətini dəstəkləyən — Putin Team komandasının sıralarına qoşulub.[13]
2019-cu ildə Bakıda keçirilmiş bədii gimnastika üzrə dünya çempionatının səfiri olub.[14]