Bədii gimnastika — gimnastika və rəqs hərəkətlərinin musiqi müşayiəti ilə alətsiz və alətlərlə (ip, halqa, top, gürzlər, lent) icra olunduğu bir idman növüdür. İsveçdə yaranan idman növüdür. Aktyorluq, balet, musiqi və Pantomim ilə birlikdə edilir. Bədii gimnastika turnirlərində yalnız qadın idmançılar iştirak edirlər. 1984-cü il Yay Olimpiya Oyunlarıda Olimpiya Oyunlarına daxil edilən bədii gimnastikanın özünə xas qaydaları və qiymətləndirmə sistemi var.
Bədii gimnastika | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Bütün çıxışlar ölçüsü 13x13 m olan gimnastika xalçası üzərində yerinə yetirilir. Musiqi kompoziyasının seçimi gimnast və məşqçinin istəyindən asılıdır. Fərdi proqramda hər bir çıxış bir dəqiqə yarımdan, qrup hərəkətlərində isə iki dəqiqə otuz saniyədən artıq olmamalıdır. Klassik çoxnövçülük (fərdi proqramda 4, qrup hərəkətləri proqramında 2 çıxış) – Olimpiya proqramına daxildir. Çoxnövçülükdən əlavə fərdi birincilikdə və qrup hərəkətləri komandalarının tərkibində çıxış edən gimnastlar ənənəvi olaraq ayrı-ayrı alətlər üzrə final yarışlarında da medallar uğrunda mübarizə aparırlar (Olimpiya Oyunlarından başqa). Bundan əlavə, komanda hesabında da yarışlar mövcuddur və burada bir neçə gimnastın, bəzən də eyni zamanda fərdi gimnastlar və qrup hərəkətləri komandalarının da göstərdikləri toplam nəticələr nəzərə alınır (nəticələr müxtəlif yaş qruplarına da aid ola bilər).
Bədii gimnastika bir idman növü kimi XIX əsrdə formalaşmağa başlayıb.
Fransız fizioloqu və pedaqoqu Corc Deneni (1850-1917) qızların fiziki tərbiyəsinin elmi əsaslandırılmasında görkəmli rol oynayıb. O, sübut edib ki, dinamik təmrinlərin, əzələ dartılması və boşalması təmrinlərinin, rəqs addımlarının, müxtəlif əşyalarla (top, halqa, toppuz, lent) tapşırıqların yerinə yetirilməsi məqsədəmüvafiqdir. Çünki, bu təmrinlər elastiklik, çeviklik, gözəl bədən quruluşu, cəzbediji və əsrarəngiz hərəkətlərin meydana gəlməsinə imkan yaradır.
Fransız pedaqoqu Fransua Delsart (1811-71) isə ifadəli hərəkət vərdişləri nəzəriyyəsinin hazırlanmasında böyük rol oynayıb. Dramatik sənəti təhlil edərkən o, belə bir nəticəyə gəlmişdir ki, insanın hər bir hiss və həyəcanı bədənin müəyyən hərəkəti ilə müşaiyyət olunur, deməli, hərəkəti ifadə etməklə tamaşaçıda həyəcan, təşviş təəssüratı yaratmaq olar. Delsartın yaratdığı "Bədii hərəkət qrammatikası" əsəri fiziki tərbiyə prossesində, xüsusilə musiqinin müşayiəti ilə ifa olunan kütləvi gimnastika çıxışlarının hazırlanmasında tətbiq olunmağa başlayıb. Delsartın işləyib hazırladığı ideya və prinsiplər məşhur rəqqasə Aysedora Dunkanın (1878-1927) sənətində də öz əksini tapıb. Onun sərbəst plastika hərəkətlərinin üzərində qurulmuş rəqsləri və improvizasiyaları bir çox cəhətdən müasir bədii gimnastikanı xatırladırdı.
1911-ci ildə Dalkroz məktəbinin alman pedaqoqu Rudolf Bode bədii gimnastika üzrə Bode məktəbini təsis etdi və tez bir zamanda yüzlərlə müəllim yetişdirdi. Bu gün də fəaliyyət göstərən məktəb bədii gimnastikanın texniki inkişafına böyük töhfəsini vermişdir.
1963-cü ildə bədii gimnastika rəsmi olaraq Beynəlxalq Gimnastika Federasiyasının idman növü kimi tanınmışdır. Elə həmin ildə bu növ üzrə ilk Dünya Çempionatı keçirilmişdir. 1984-cü ildə isə bədii gimnastika yalnız fərdi çıxış proqramında təmsil olunmaqla Olimpiya Oyunlarına daxil edildi. 12 il sonra, 1996-cı ildə qrup hərəkətləri komandaları da dünyanın ən böyük çoxnövlü idman yarışlarına qoşuldu.[1]
Azərbaycanda bədii gimnastikanın yaranma və inkişaf tarixi XX əsrin 40-cı illərinə təsadüf edir. Ölkədə bu idman növünün formalaşması Nadejda Merkulovanın adı ilə bağlıdır. Azərbaycan gimnastları beynəlxalq arenada SSRİ yığmasının tərkibində çıxış edirdilər. Bu gimnastlar arasında ilk olaraq Lina Vinnikova 1961-ci ildə Almaniyada keçirilən 1-ci Ümumdünya gimnastika turnirində iştirak etmişdir.
2002-ci ilin oktyabrında ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilməsi ilə Azərbaycanda gimnastika növlərinin, xüsusilə də bədii gimnastikanın dirçəliş dövrü başlandı.
2003-cü ildə Azərbaycan gimnastı Dinarə Gimatova Budapeştdə (Macarıstan) keçirilən Dünya Çempionatında çıxış edərək, milli gimnastika tarixində ilk dəfə olaraq Afina-2004 Olimpiya Oyunlarına lisenziya qazandı. Bu yarışda Azərbaycanı Anna Qurbanova təmsil edərək, zədə səbəbindən Olimpiadada iştirak edə bilməyən komanda yoldaşı Dinarə Gimatovanı əvəz etdi.
2008-ci ildə təşkil olunan Olimpiya Oyunlarında Azərbaycan tam heyətlə təmsil olundu – yarışlarda fərdi proqram üzrə iki gimnast (Aliyə Qarayeva və Dinarə Gimatova), həmçinin müstəqil Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qrup hərəkətləri komandası (Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina, Anastasiya Prasolova və Dina Qorina) iştirak etdi. Çoxnövçülük finalında Aliyə 6-cı, qrup isə 7-ci yerdə qərarlaşdı.
4 il sonra, 2012-ci ildə Londonda baş tutan Olimpiya Oyunlarında Aliyə Qarayeva yenidən çoxnövçülük finalında mübarizə apardı və nəticədə 4-cü yeri tutdu.
Rio-2016 Olimpiya Oyunlarında isə ölkəmizi Marina Durunda təmsil edərək 10 ən güclü idmançılar arasında finalda çıxış etdi.
2019-cu ildə Bakıda keçirilmiş Dünya Çempionatının nəticələrinə əsasən Azərbaycan yığma komandası Tokio-2020 Olimpiadasına iki lisenziya əldə etdi. Fərdi proqramda ölkə üçün lisenziyanı Zöhrə Ağamirova qazandı. Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova, Zeynəb Hümmətovadan ibarət qrup hərəkətləri komandası da Olimpiya Oyunlarında iştirak etmək hüququnu təmin etdi.
Azərbaycan gimnastları Dünya Çempionatlarının komanda hesabında (2007, 2009, 2010), ayrı-ayrı alətlər üzrə final mərhələlərində (Aliyə Qarayeva/2009, 2010) və çoxnövçülüyündə (Aliyə Qarayeva/2011) mükafatçılar sırasında olmuşlar.
2007-ci ildə Aliyə Qarayeva ölkənin gimnastika tarixində ilk dəfə olaraq iplə hərəkətlərdə Avropa çempionu adına layiq görülmüşdür. Bu uğurun ardınca gimnastlar Avropa Çempionatlarının komanda hesabında (2007, 2009), ayrı-ayrı alətlər üzrə finallarında (Anna Qurbanova/2009; Marina Durunda/2015) və çoxnövçülüyündə (Aliyə Qarayeva/2010, 2012) fəxri kürsüyə yüksəlmişlər.
2014-cü ilin Bakıda keçirilmiş Avropa Çempionatında Bakı tamaşaçısının gurultulu alqışları ilə Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova, Aynur Mustafayeva və Səbinə Abbasovadan ibarət qrup hərəkətləri komandası Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq, böyüklər proqramı üzrə 3 top və 2 lentlə hərəkətlərin finalında gümüş medal qazanmışdır.
2018-ci ildə İspaniyada (Quadalaxara) keçirilən Avropa Çempionatında qrup hərəkətləri komandası(Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova/3 top və 2 ip) bürünc medala layiq görülmüşdür.
Elə həmin tərkibli qrup hərəkətləri komandamız 2018-ci ilin “Challenge” seriyasına aid Dünya Kuboku mərhələlərində topladıqları ümumi xala əsasən 3 top və 2 iplə qalib oldu.[1]
Bədii gimnastika üzrə Dünya Çempionatı