Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yaqub Zurufçu (8 aprel 1956, Təbriz – 14 sentyabr 2021, Bakı) — əslən Güney Azərbaycanlı tanınmış vokalist və musiqiçi.
Yaqub Zurufçu | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 8 aprel 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 14 sentyabr 2021 (65 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | COVID-19, Orthocoronavirinae |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Aynur |
Uşaqları | Dəniz, Dalğa, Atilla |
Atası | Qulu |
Anası | Xədicəsultan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Səs tembri | Lirik Tenor |
yaqubzurufchu.az |
Yaqub Zurufçu 8 aprel 1956-cı ildə Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. 7 yaşında Fərvərdin Mədrəsəsində ilk təhsilə başlayan Yaqub elə o illərdə Təbrizdə uşaq proqramlarında iştirak edib və məşhur "Cücələrim" mahnısı ilə həm Azərbaycanda, həm də İranda dillər əzbəri olmuşdu. 11 yaşında Azərbaycanın xalq mahnıları və bəstəkar mahnılarıyla tanış olan və onları məharətlə, şövqlə ifa edən Yaqub Zurufçu 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan "Evləri var xana-xana", "De, gülüm gəlsin, ay nənə", "Dilbər" mahnılarını ifa etmişdi. Müğənni özünün musiqiyə olan böyük həvəsini, istedadını və oxumaq istəyini hər zaman atasının bir vaxtlar Bakıda yaşaması və Azərbaycan musiqisinə olan böyük sevgisi ilə izah edirdi.
Tamaşaçıların, çoxsaylı musiqi həvəskarlarının xahişi ilə onu sonralar da vaxtaşırı Təbriz və Tehranın Radio və Televiziyaları öz musiqili proqramlarında çıxış etməyə dəvət edirdilər. Ailədə 8 uşaqdan biri olan gənc Yaqub musiqi ilə yanaşı sonralar daha bir sənətə yiyələnmək üçün Tehran Universitetinin iqtisad fakültəsində ali təhsil almağa başlamış, eyni zamanda Tehran Operasının xorunda öz musiqi fəaliyyətini davam etdirmişdi. [[İran İslam İnqilabı|1979-cu ildə İranda Xalq İnqilabından]] 1 il sonra — 1980-ci ildə İranı tərk edib, Almaniyaya köçməli olmuşdu. O, öz peşəkar musiqi təhsilinə Hamburq şəhərində başlamış və vokal sənəti üzrə diplomlu musiqiçi kimi daha sonra Amerikanın Florida ştatının Myami Universitetində vokal sənəti üzrə ali mütəxəssis diplomuna layiq gövülmüşdü.
Hər zaman ürəyində milli musiqi sevgisi yaşadan Yaqub Zurufçunun ən böyük, müqəddəs arzusu illərlə həsrətində olduğu, qəlbində böyük bir sevgi kimi yaşatdığı Azərbaycana gəlmək idi. Nəhayət, 1989-cu ilin əvvəllərində Azərbaycanın məşhur müğənnisi, Xalq artisti Gülağa Məmmədov Almaniyada olarkən təsadüfən Yaqub Zurufçunun "Ayrılıq" mahnısına çəkilmiş sadə bir klipi görüb, adını ilk dəfə eşitdiyi gənc müğənninin ecazkar ifasından heyrətə gəlmişdi. Başı min-bir bəlalar çəkmiş Azərbaycanın 200 il əvvəl (1813-cü ildə) rus və fars şovinistləri tərəfindən "Gülüstan" müqaviləsi üzrə qəsdən iki yerə bölünərək, Güney və Quzey adlanan iki hissəyə ayrılmasına həsr edilən "Ayrılıq" mahnısını Yaqub Zurufçunun ifasında çox bəyənən Gülağa Məmmədov həmin klipi Azərbaycana gətirmiş və respublika televiziyasında yayımlanmasına nail olmuşdu. Yaqub Zurufçunun o taylı — bu taylı Azərbaycanın birləşmə istəyinin ağrı-acı və böyük sevgi, həsrətlə dilə gətirildiyi "Ayrılıq" mahnısı qısa bir zamanda çox sevilərək, dillər əzbəri olmuş və ötən əsrin 90-cı illərində xalqımızın milli-mənəvi dirçəlişinə mühüm bir dayaq olmaqla ona sanki yön verərək, milli-azadlıq hərəkatının manifestinə çevrilmişdi. Və 1989-cu ildə Gülağa Məmmədovun təşəbbüsü və "Vətən" Cəmiyyətinin dəvəti ilə Vətən eşqli, Vətən həsrətli Yaqub Zurufçu ilk dəfə olaraq doğma Azərbaycana gəlmişdi.
Və həmin il oktyabrın 29-da Azadlıq meydanında dəniz kimi dalğalanaraq, kükrəyib-coşan izdihamın sürəkli alqışları altında Yaqub Zurufçu azadlıq eşqli doğma xalqımızı tribunadan böyük sevgi və ehtiramla salamlamış, sonra da izdiham qarşısında diz çöküb, "Ayrılığ"ı oxumuş, birlik, həmrəylik çağırışı kimi səslənən bu mahnını Azərbaycanın azadlıq hərəkatında bir inqilabi "Marselyoza"ya, müstəqillik yolunda sönməz bir məşələ çevirərək, hamını kövrəltmişdi. O vaxt Yaqub bəy çox cavan bir oğlan idi, cəmi 33 yaşı vardı, ancaq artıq bütün Azərbaycan onu "Ayrılıq" və digər vətən eşqli mahnıları ilə tanıyır və sevirdi!.
Həmişə doğma Azərbaycanda, onun yanında olmağı, xalqımızın ağır günlərində ona kömək durmağı, onun qayğıları ilə yaşamağı arzulayan Yaqub Zurufçu 1989-cu ilin dərdli-həyəcanlı günlərində təşkil edilmiş konsertlərindən yığılan böyük həcmdə vəsaiti bütünlüklə azğın düşmən təfəfindən yaşadıqları doğma torpaqlardan — Qərbi Azərbaycandan və Qarabağdan qovulmuş, didərgin salınmış evsiz-eşiksiz həmvətənlərimizə yardım fonduna köçürülmüşdü — Yaqub Zurufçunun xahişi, öz təşəbbüsü ilə!.. Təsadüfi deyildi ki, həmin günlərdə Xalq hərəkatına rəhbərlik edən Əbülfəz Elçibəy fars əlifbası ilə ona təşəkkür məktubu yazmışdı.
Xalqımızın unudulmaz, dahi sənətkarı Rəşid Behbudov hələ 1985-ci ildə Almaniyada konserti zamanı Gülağa Məmmədovun təklifi ilə söz verilən 29 yaşlı Yaqub Zurufçunun "Ayrılıq" mahnısına heyranlıqla qulaq asaraq, 29 yaşlı gənc müğənnini elə səhnədəcə, tamaşaçıların gurultulu alqışları altında bağrına basıb, öpərək fəxrlə, qürurla demişdi: "daha arxayınam ki, məndən sonra davamçım var!". Yaqub Zurufçu Azərbaycanın, bütün türk-müsəlman dünyasının görkəmli sənətkarı olaraq, milli musiqimizi Avropada – Almaniya, İngiltərə, Fransa, İspaniya ilə yanaşı ABŞ-da, Kanadada, Braziliyada, Cənubi Afrika Respublikasında, Misirdə, Mərakeşdə, hətta uzaq Yaponiya və Avstraliyada da uğurla təbliğ edərək, milyonlarla tamaşaçıya, dinləyiciyə sevdirə bilmişdi.
Azərbaycanın görkəmli şəxsiyyətlərinin adını daim uca tutan Yaqub Zurufçu 2015-ci ilin sentyabrında Azərbaycanın professional musiqi sənətinin banisi, bütün Şərq dünyasının ilk opera yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyinə öz sanballı töhfəsini vermişdi – əbədiyaşar musiqi korifeyimizin və onun davamçıları olan bəstəkarlarımızın əsərlərindən ibarət maraqlı mahnı albomu hazırlamış və respublikanın musiqi ictimaiyyətinin iştirakı ilə dahi bəstəkarın Ev-muzeyində onun təqdimatını keçirərək, klassik Azərbaycan mahnılarını böyük sənətkarlıqla, məftunluqla ifa etmişdi.
Ulu öndər Heydər Əliyev də türk dünyasının sevimli müğənnisi Yaqub Zurufçu sənətinin böyük pərəstişkarı idi. Xalqımızın unudulmaz xilaskarı Amerikada müalicə olunarkən müğənninin ona baş çəkərək, o böyük şəxsiyyətin sevdiyi mahnıları pianinoda özü çalaraq, böyük sevgi ilə ifa etməsi dahi rəhbərin çox xoşuna gəlmişdi. İlk müalicədən sonra Bakıya qayıdan Heydər Əliyev Prezident Aparatında Yaqub bəyi qəbul edərkən ona olan rəğbətini, sevgisini dilə gətirərək demişdi:
Mən səni, sənin sənətini çox sevirəm. Təbiidr, səni məndən başqa da Azərbaycanda çoxları, hamı sevir. Çünki sən Azərbaycanın o ağır illərində xalqımıza öz mahnılarınla, öz sənətinlə çox qürur vermisən, mənəvi dayaq olmusan! |
Doğma Odlar Yurdunu bütün varlığı ilə sevən Yaqub Zurufçu uzun illər xaricdə yaşadığına baxmayaraq, Azərbaycan musiqisini dünyada ən çox təbliğ edən bir sənətkar olmuşdur. Onun Almaniyada, ABŞ-də, Kanadada, Azərbaycanda və digər ölkələrdə 30-dan çox musiqi albomu işıq üzü görüb.
Azərbaycan musiqisinin həm respublikada, həm də xarici ölkələrdə pərəstişkarlarının daha çox olmasını arzulayan Yaqub Zurufçu 1995-ci ildə respublikada ilk professional səsyazma studiyası yaratmışdı. Xalqımızın unudulmaz, sevimli şairi Səməd Vurğunun adını verdiyi həmin səsyazma studiyası bir-neçə il uğurla fəaliyyət göstərmiş, tanınmış musiqi sənətkarlarının böyük tirajla mahnı albomlarının buraxılmasına nail olmuşdu.
Hələ gənclik illərindən Bakının həsrətini çəkmiş görkəmli sənətkar Qarabağın, Azərbaycanın musiqi beşiyi, həm də akademiyası olan Şuşanın azad olunmasında Milli Ordumuzun gücünə, qələbə əzminə inanaraq, bu müqəddəs amala tezliklə nail olunması üçün özünün sənətkar töhfəsini vermiş, son 20–25 il ərzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə əsgər və zabitlərimizin vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə 35-ə qədər hərbi hissədə geniş konsert proqramı ilə çıxış etmişdi. Azərbayacanı bütün varlığı ilə sevən Yaqub Zurufçu Qarabağımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş Vətən şəhidlərini daim ehtiramla yad etmiş, Bakıda, Mingəçevirdə, Masallıda və digər rayonlarımızda Şəhidlər xiyabanlarına gedərək, torpaqlarımıza azadlıq bəxş etmiş igid oğulların müqəddəs məzarlarını ziyarət etmiş, şəhid ailələrinə yardım göstərmiş, ölməz qəhrəmanlarımızın ruhuna onların şərəfli adına layiq çox təsirli və kövrək duyğulu "Ağlama, anam, mənə…" mahnı-elegiyasını bəstələmiş və qəlb ağrısıyla ifa etmişdi. Bununla o, Vətənə böyük Qələbə sevincini bəxş etmiş oğul və qızlarımıza öz sənətkar minnətdarlığını ifadə etmiş, sanki onlarla qəlbən vidalaşmışdı.
Yaqub Zurufçunun 2019-cu il oktyabrın 12-də Heydər Əliyev adına Respublika sarayında təşkil edilən konserti onun son solo-konserti kimi sənətsevərlərin yaddaşına əbədi həkk olunmuşdur. Dahi Üzeyir Hacıbəylinin əsərlərinin, Bülbülün, Rəşid Behbudovun repertuarlarından klassik mahnıların, bütöv Azərbaycana, doğma Təbrizə və Bakıya həsr edilmiş musiqi əsərlərinin səsləndirildiyi, respublikamızın görkəmli mədəniyyət və incəsənət xadimlərinin, yüzlərlə pərəstişkarın iştirak etdiyi həmin möhtəşəm konsert sanki Yaqub Zurufçunun öz doğma xalqı ilə heç vaxt unudulmaycaq son, vida konserti idi. Yaqub bəy 2021-ci ilin iyun ayında xalqımızın Bütöv Azərbaycan həsrətinə — Güney və Quzey Azərbaycanın 200 illik birləşmə arzusuna həsr etdiyi, Xalq şairi Söhrab Tahirin "Daha" şeirinin motivləri əsasında iki hissəli klipin layihəsi üzərində işləmişdi. Klipin 30 il əvvəl Arazın o tayından tikanlı məftillər arxasından milyonlarla ürəkləri alovlandıran "Ayrılıq" mahnısının təkrarsız ifası ilə çəkilmiş ilk klipə "cavab" olaraq Arazın bu tayından, bir zamanlar hələ parçalanmamış Azərbaycanın Xudafərin körpüsü üzərindən xalqımızın azad, sərbəst el-oba gediş-gəlişinin yenidən bərpasını, Vətənin iki sahilinin birləşməsini tərənnüm edəcək maraqlı bir klip ssenarisi hazırlamışdı. Ancaq çox heyf ki, amansız xəstəlik onu çox vaxtsız, həyatının daha gözəl, xoşbəxt çağlarını yaşamalı olduğu bir vaxtda haqladı və Yaqub bəyin oğlu Atilla ilə birlikdə ərsəyə gətirmək istədiyi klip yaxşı bir ideya olaraq başlanmadan yarımçıq qaldı. Bugünlərdə həmin klipin çəkilişi Xudafərin körpüsündə sənətkarın 11 yaşlı istedadlı oğlu, atasının layiqli davamçısı olacaq Atillanın iştirakı ilə aparılmışdır.
Yaqub Zurufçu ailəli olub. Dalğa, Dəniz və Atilla adında övladları var. Görkəmli, unudulmaz sənətkar ABŞ vətəndaşı olmaqla yanaşı 15 iyul 2009-cu ildən Azərbaycan vətəndaşlığı da almışdı. Əslində o, bütün ömrü boyu Azərbaycan vətəndaşı, Vətənə sadiq olan, qədirbilən Azərbaycan oğlu olub. Nazir olmağı ancaq yüngül, səviyyəsiz mahnı ifaları ilə xalqı bezdirmiş bəzi "oxuyanları" rüşvət müqabilində fəxri adlara təqdim edən riyakar Əbülfəs Qarayev Azərbaycanın dünya şöhrətli oğlu Yaqub Zurufçuya "Xalq artisti" fəxri adının verilməsinin qarşısını illərlə hər vəchlə almış, sənətsevərlərin haqlı narazılığına, ikrahına səbəb olmuşdu.
Görkəmli sənətkar 14 sentyabr 2021-ci ildə 65 yaşında Bakıda ağır xəstəlikdən sonra vəfat etmişdir.[1]