Cücələrim — uşaq mahnısı.
"Cücələrim" | |
---|---|
tərəfindən ifa olunmuş mahnı | |
Yayımlanıb | 1949 |
Dil | azərbaycanca |
Bəstəkar | Qəmbər Hüseynli |
Sözlərin müəllifi | Tofiq Mütəllibov |
"Cücələrim"in qəribə taleyi olub. Mahnı yazılandan düz 10 il sonra məşhurlaşıb. 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli şair Tofiq Mütəllibova bir musiqi dinlədir və ondan xahiş edir ki, buna söz yazsın. O dönəmlər uşaq şeirləri yazan Tofiq Mütəllibov musiqiyə söz yazıb verir Qəmbər Hüseynliyə. Mahnının ilk ifaçısı, deyilənə görə, indi Muğam Teatrının direktoru çalışan Arif Qazıyev olur.
Mahnının ulduzu düz 10 il sonra parlayır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında "Cücələrim"i indi hamımızın tanıdığı aktrisa və rəssam-florist Suqra Bağırzadə oxuyur. Mahnı "ura "yla qarşılanır və tezliklə dillər əzbərinə çevrilir, sovetlər məkanını aşaraq bütün dünyaya yayılır. Müxtəlif dillərə (100-dən çox dilə !) çevrilir. Hətta "Dünyanın ən yaxşı uşaq mahnıları" albomuna daxil edilir.
Vaxtilə Azərbaycan kino xadimləri Fransada olarkən, dünya şöhrətli Charlie Chaplin (Çarli Çaplin) gələnlərin Azərbaycandan olduğunu biləndə piano arxasına keçib "Cücələrim"i ifa edib və qonaqlara üz tutub deyib: "Demək, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!".
"Bəxtəvər bəstəkar"sa Bakıda adidən-adi, sadədən-sadə həyatını yaşayırdı… Nə şöhrət, nə də sərvət dalınca qaçırdı. Heç elə bil o dünya şöhrətli mahnını yazmamışdı… Yenə də gözəl mahnılar bəstələyirdi. Onun "Ay işığında" mahnısı öz ölkəsində sevilə-sevilə oxunurdu. "Muğana ceyran" mahnısı isə nəinki böyüklərin, elə uşaqların da sevimlisiydi.
Qəmbər 1916-cı il aprelin 16-da Gəncədə dəmirçi ailəsində dünyaya gəlib. Kiçik yaşlarından atası Məşədi Muxtarı itirmişdi. O dönəmlərin Gəncə musiqi mühiti çox zəngin idi. Əfsanəvi Məşədi Cəmil Əmirovun şəhərində tez-tez adlı-sanlı xanəndələr – Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malıbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov qonaq olurdu. Qəmbər Hüseynli də belə bir mühitdə böyüyür və təbii ki, musiqiçi olmağa qərar verir. 1927-ci ildə Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə, 1929-cu ildə Gəncə Pedaqoji Texnikumuna daxil olur. Sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və misilsiz tarzən Zərif Qayıbovla birgə təhsil alır. "Rast"ı, "Şur"u, "Zabul segah"ı tarda məharətlə ifa etməsi ilə şəhərdə tanınır. Tələbəykən aşıq və el havalarını toplayıb nota alır…
1934-cü ildə istedadlı gənci Bakıya göndərirlər. Qəmbər Bakı Musiqi Texnikumunda tanınmış pedaqoq A. S. Şvartsın violonçel sinfində təhsil alır. Daha sonra qabiliyyətini görüb bəstəkarlıq şöbəsinə keçirirlər. O, pedaqoq Buruşteynin sinfində oxuyur. Cəfər Cabbarlının sözlərinə "Tellər oynadı" romans-mahnısını da bu illərdə bəstələyir. Mahnı çox sevilir. Qəmbər HüseynliQəmbər Hüseynli
1939-cu ildə bəstəkarı Şuşa Musiqi Texnikumuna direktor göndərirlər. Qəmbər orada da ürəklə çalışır. Amma bir ildən sonra onu təzədən Bakıya çağırırlar. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi çalışır, həm də Üzeyir bəyin məsləhətilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının təşkilatçısı və bədii rəhbəri olur.
1951-ci ildə Qəmbər yenidən A. Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin bəstəkarlıq şöbəsində – bu dəfə professor B. İ. Zeydmanın sinfində təhsil almağa başlayır. Üç ildən sonra şair Mirmehdi Seyidzadənin librettosu əsasında "Qızıl quş" operasını (diplom işi) yazır və 1954-cü ildə məktəbi bitirir. "Cücələrim" artıq çoxdan yazılmışdı…
Qəmbər Hüseynli cəmi 45 yaşında (1 avqust, 1961-ci il) dünyadan köçüb. "Cücələrim" mahnısının triumfunu – misilsiz zəfərini görəndən 2 il sonra sakitcə həyata gözlərini yumub. Atası kimi onu heç xatırlamağa gücü çatmayacaq kiçik oğlu var idi. Amma özündən sonra elə böyük bir əsər qalıb ki, adını yüzillərcə yaşadacaq… Sağ oldu, ya olmadı, onu "bəxtəvər bəstəkar" adlandıracaqlar. Gəncəli Məşədi Muxtarın bəstəkar oğlunun adı "Cücələrim"lə bütün dünyanı gəzməyə davam edəcək.
"Cücələrim" dünyanın bir sıra dillərində uşaqların dilinin əzbəri olan mahnılardan biridir. Sovet multiplikasiyasının şedevrlərindən olan "Düşərsən, əlimə!" silsilə cizgi filminin seriyalarından birində də bu mahnı məhz Azərbaycan dilində səslənir.[1] Mahnı türk, rus, ingilis, alman, yapon, bolqar, polyak, erməni, serb, xorvat və rumın dillərinə tərcümə edilmişdir.
Cib-cib cücələrim.
Cib-cib-cib-cib cücələrim.
Mənim qəşəng cücələrim,
Tükü ipək cücələrim.
Gözləyirəm tez gəliniz,
Göy çəməndə dincəliniz.
Ay qəşəng cücələrim,
Tükü ipək cücələrim,
Mənim göyçək cücələrim.
Cib-cib cücələrim.
Cib-cib-cib-cib cücələrim.
Nə yesəniz mən verərəm,
Su verərəm, dən verərəm
Ay qəşəng cücələrim,
Tükü ipək cücələrim,
Mənim göyçək cücələrim.
Cib-cib cücələrim.
Cib-cib-cib-cib cücələrim.
Arzum budur boy atasız,
Ananıza tez çatasız.
Ay qəşəng cücələrim,
Tükü ipək cücələrim,
Mənim göyçək cücələrim.
Azərbaycanı Respublikasının Xalq Artisti Aygün Kazımova, 4 dekabr 2017-ci ildə mahnını gürcü bəstəkar Kaxaber Tsiskaridze-nin aranjemanında təqdim etmişdir.[2]
Mahnıya klipi rejissorlar Anar Hüseynov və Kamran Aydınov lentə almışdır. Aygün Kazımova klipdə modelyer-dizayner Rüfət İsmayılın geyimlərindən istifadə etmişdir. Aygün Kazımovanın saç və makiyajını stilist Ruxa etmişdir.[3]
"Cücələrim" | |
---|---|
Aygün Kazımova tərəfindən Duy albomunda ifa olunmuş mahnı | |
Yayımlanıb | 4 dekabr, 2017 |
Janr | pop |
Dil | azərbaycanca |
Müddət | 03:50 |
Bəstəkar | Qəmbər Hüseynli |
Sözlərin müəllifi | Tofiq Mütəllibov |
Prodüser | Aygün Kazımova |
Studiya | Tiflis, Gürcüstan |
Ölkə | Tarix | Format(lar) | Şirkət |
---|---|---|---|
Azərbaycan | 4 dekabr 2017[3] | MP3 | Aygun Music |
Musiqi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |