Yaxşı terrorçu — 1985-ci ildə ingilis yazıçısı Doris Lessinq tərəfindən yazılmış siyasi roman. Kitab ilk dəfə həmin il İngiltərədə Conatan Keyp və ABŞ-də Alfred Knopf tərəfindən nəşr edilmişdir. Kitabın baş qəhrəmanı Londonda radikal bir qrupa qoşularaq terrorist fəaliyyətlərinə cəlb edilən və sadə və səfil həyat tərzi keçirən Alisadir.
Yaxşı terrorçu | |
---|---|
ing. The Good Terrorist | |
Müəllif | Doris Lessinq |
Janr | Siyasi roman |
Orijinalın dili | İngilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1985 |
Nəşriyyat | Conatan Keyp, Böyük Britaniya; Knopf, ABŞ. |
Nəşr | 1985 |
Səhifə | 370 səh. |
ISBN | 0-224-02323-3 |
Lessinqi bu əsəri yazmağa 1983-cü ildə İrlandiyanın Respublika Ordusunun Londondakı Harrods mağazasının bombalanması təşviq etdi. O, Britaniya Kommunist Partiyasının üzvü olub, lakin 1956-cı ildə Macarıstanda baş verən üsyandan sonra oradan ayrılıb. Bəzi tənqidçilər romanı satirik üslubda yazılmış roman adlandırdılar, lakin Lessinq onu heyrətləndirici və yumoristik hesab edirdi. Əsərin adı Alisanın ikitərəfli təbiətini təsvir edir.
"Yaxşı terrorçu" əsəri tənqidçilərin fikirlərini ikiyə ayırdı. Bəzi tənqidçilər əsərin əsas ideyasını və qəhrəmanlarını yüksək qiymətləndirdilər, digərləri onu süjet xəttinin sadə, qəhrəmanlarının isə mənasız və darıxdırıcı olduğu üçün tənqid etdilər. Bir tənqidçi Lessinqin "güclü təsviri nəsr bacarıqlarını və personajlarının dəqiq və real xarakteristikaları"-nı qiymətləndirərkən,[1] digəri onu "kifayət qədər sadə məzmunlu"[2] və qəhrəmanlarını isə "mənasız və ya özünü xülyaları ilə aldadan" adlandırdı.[3] "Yaxşı terrorçu" əsərinin Buker mükafatı üçün namizədliyi irəli sürüldü və Mondello Mükafatı və U. H. Smit Ədəbi Mükafatını qazandı. Həmçinin, Ədəbiyyat üzrə Nobel Mükafatına layiq görülmüşdür.
"Yaxşı terrorçu" bir icmadan digərinə qovulan 33–37 yaş arasındakı siyasət və iqtisadiyyat fakültəsinin məzunu olan işsiz Alisanın mövqeyindən üçüncü şəxsdə yazılmışdır. Alisa daha sonralar 15 il yaşadığı tələbə yataqxanasından tanıdığı Casper ilə sevgi münasibəti yaşayır. Alisanın ona vurulmağının əsas səbəbləri xarici görünüşünə heyran olması və homoseksuallıqdan qurtulmaq istəyi idi. O, özünü inqilabçı və "faşist imperializmi" əleyhinə mübarizə aparan bir insan hesab edirdi,[4] lakin hələ də hörmətsizlik elədiyi valideynlərindən asılı idi. 1980-ci illərin əvvəllərində Londonda tərk edilmiş bir evdə bir qrup təhlükəli şəxslərə qoşulur.[5] Bu qrupun digər üzvlərinə qrupun bacarıqsız lideri Bert və lezbiyan cütlük olan Roberta və Fey daxildir.[6]
Tərk edilmiş ev təmirsiz vəziyyətdə idi və Şəhər Şurası tərəfindən sökülməli binalar siyahısında idi. Digər otaq yoldaşlarından fərqli olaraq Alisa qərara aldı ki, evi təmizləsin və mümkün olduğu qədər təmir etsin. O, həmçinin aidiyyəti şəxslər ilə danışaraq elektrik enerjisinin və suyun bərpasını da təmin etdi. Alisa evdə "ana" vəzifəsində oldu və ev işlərinə nəzarət etmək, qrup üzvlərini yaşadıqları evdən uzaqlaşdırmağa çalışan polislərlə mübarizə aparmaq kimi öhdəlikləri öz üzərinə götürdü. Beynəlxalq Kommunistlər Birliyinə daxil olan cinayətkar qrupun üzvləri mitinq və nümayişlərdə iştirak etməyə başladılar. Alisa da bəzən bu fəaliyyətlərə qoşulurdu, lakin vaxtının çoxunu ev işlərinə həsr edirdi.
Mübarizədə daha yaxından iştirak etmək üçün Casper və Bert öz xidmətlərini İrlandiyanın Respublikaçılar Ordusuna və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə təqdim etmək məqsədilə İrlandiyaya və Sovet İttifaqına yola düşdülər, lakin geri qaytarıldılar. Daha mütəşəkkil inqilabçılar qrupu onların yaxınlığında yaşamağa başladı və Alisanın evini silah üçün anbar kimi istifadə etdi.[7] Müəmmalı qonşular daha sonralar Alisanın qrupunu ziyarət edir və onların məqsədləri ilə maraqlanırdılar.[8]
Qrup sonunda özünü "Azad Britaniya Kommunistləri" adlandıraraq öz fəaliyyətinə başlamağı qərar aldı.[9] Partlayıcıları və bombaları sınaqdan keçirməyə başladılar. Alisa ilk olaraq bu fəaliyyətə müsbət yanaşmadı, lakin qrupun qərarını dəstəkləməyə məcbur oldu. Onlar Naytsbridcdə fəaliyyətdə olmayan bir hoteli hədəfə aldılar və ilk sınağı burada keçirdilər, lakin eksperimentlərinin sonunda bombanın qəfil partlaması nəticəsində Fey və digər iştirakçılar öldü. Yerdə qalan qrup üzvləri hadisənin şokundan sarsılmış vəziyyətdə qrupu tərk etdilər və parçalanmağa qərar verdilər. Casper tərəfindən atılan Alisa onunla getmədi, artıq bağlandığı və böyük zəhmət çəkdiyi evini tərk etmədi. Hadisənin onu çox sarsıtmağına baxmayaraq Alisa bunu digərlərinə də izah etmək, özüvə və digər qrup üzvlərinə haqq qazandırmaq istədi, lakin bunun mənasız olacağını anladı, çünki "insanlar sadəcə onu anlamaya bilməyəcəklər".[10] Alisa başa düşürdü ki, o, artıq bir terroristdir, lakin bunun nə vaxt baş verdiyini anlamırdı.[11]
Doris Lessinqin siyasətə marağı 1940-cı illərdə Cənubi Rodesiyada (indiki Zimbabve) yaşadığı zaman başlamışdı.[12] O, kommunistlərin qrupuna cəlb edilir və Salisberidə (indiki Harare) Solçu Kitab Klubunun bölməsinə qoşulur.[12] Sonralar Doris o dövrlərdə Rodesiyada irqi ayrı-seçkiliklərlə bağlı qalxan münaqişələrə təşviq edilərək, həmçinin, Cənubi Rodesiya Əmək Partiyasına da üzv olur.[13] Lessinq 1949-cu ildə Londona köçür və burada yazıçılıq karyerasına başlayır. O, 1950-ci illərin əvvəllərində Britaniya Kommunist Partiyasının üzvü olur və nüvə silahlarının istifadəsinə qarşı aktiv mübarizə aparır.[13]
1964-cü ildə, Lessinq altı roman çap edir, lakin o, 1956-cı ildə Macarıstanda baş verən üsyan zamanı Kommunizmdən uzaqlaşır və İdris Şahın "Sufilər" əsərini oxuduqdan sonra diqqətini İslam dininin qollarından biri olan Sufizmə yönəldir.[14][15] Bu onu beş cildlik "fəza ədəbiyyatı" seriyası olan[14] və Sufilərə həsr olunan "Arqolarda Kanopus" əsərini yazmağa təşviq edir. Əsər oxucuları tərəfindən yaxşı qarşılanmır[14] və hesab edirlər ki, əsər onu "şüurlu dünyagörüşünü" –ndən uzaqlaşdırır.[16]
"Yaxşı terrorçu" Lessinqin "Arqolarda Kanopus" əsərindən sonra çap etdirdiyi ilk kitabıdır və bəzi tənqidçilər bunu belə qiymətləndirdilər: "Lessinq yenidən Yerə qayıtdı"[17] və "Lessinq yenidən reallığa qayıtdı".[18] Lessinq bəzi tənqidçilərin "Yaxşı terrorçu" əsərini satira adlandırmasını[19][20][21] gülməli hesab edirdi. O, deyirdi:
“Bu kitabda siyasi fikirlər yer almamışdır. Bu yalnız zəngin cəmiyyətlərin yetişdirə biləcəyi inqilabçı şəxs haqqındadır. Ani dəyişiklik baş verən cəmiyyətlərdə həddindən artıq inqilabi hərəkətlərdə iştirak edəcəyinizi düşünmürəm”.[17]. |
Lessinq deyirdi ki, onu "Yaxşı terrorçu" əsərini yazmağa 1983-cü ildə Londonda Harrods univermağında İrlandiyanın Respublikaçılar Ordusunun partlayış etməsi təhrik etmişdir.[22] Həmçinin qeyd edir: "KİV bu hadisəni sadəcə həvəskar insanların fəaliyyəti kimi qələmə alırdı, lakin mən sonralar fikirləşməyə başladım ki, belə bir hadisəni həvəskarlar törədə bilərdilərmi?[17] və başa düşdüm ki, "hələ öz hərəkətlərini dərk etməyən bir uşağı və ya yeniyetməni terror qrupunun daxilinə cəlb edilmək daha asan olar".[22] Lessinq artıq Alisa personajını öz təxəyyülündə mərkəzi fiqur kimi formalaşdırmışdı: "Mən Alisa kimi bir an içində heç düşünmədən çox sayda insanları öldürə biləcək bir neçə insan tanıyırdım". O, Alisanı "tamamilə yumoristik" obraz kimi təsvir etmişdi,[17] çünki o, başdan-ayağa ziddiyyətlərlə dolu idi".[17] Lessinq düşünürdü ki, bəzi zəif xarakterli və narkotik düşkünü olan personajların (Alisanın sevgilisi Casperdən başqa) "məhv olmuş fərd"-dən inkişaf etmiş şəxsə çevrilə biləcəyi təəccüblüdür.[22]
"Yaxşı terrorçu" kitabı Nyu-York Revyus of Bukz jurnalının tənqidçisi Alison Löri daxil olmaqla bir sıra nəşriyyatçılar və bəzi tənqidçilər tərəfindən "siyasi roman"[23] adlandırılmışdır.[24] Löri bildirir ki, siyasi janr kimi bu əsər Cozef Konradın "Gizli Agent" əsərindən sonra terroristlərin daxili dünyası[24] barəsində yazılan ən yaxşı romanlardan biridir, lakin The Hadson Revyu jurnalının tənqidçisi Uilyam Pritçard yazır ki, Kondarın əsəri ilə müqayisədə[24] "Yaxşı terrorçu" əsəri "məzmunsuz"-dur.[25] Bir neçə şərhçilər bu əsəri siyasi romandan çox siyasət haqqında olan roman adlandırdılar.[26] "İmperiyanın qaydaları" əsərində belə yazılır: "Kristina Stid, Doris Lessinq, Nadin Qordimer, Luis Yelin kitabı siyasi roman deyil, siyasət haqqında kitab kimi təsvir edirlər".[27]
"Yaxşı terrorçu" kitabı həmçinin satira da adlandırılmışdır. Qeln Qrin öz Doris Lessinq: Dəyişiklilərin poetikası əsərində onu "bir qrup inqilabçının satirası" adlandırır[19] və Susan Votkinsin Doris Lessinq: Sərhədləri keçərkən əsərində "Yaxşı terrorçu" əsərini "solçuların qrupuna daxil olan bir qadının quru və satirik təhlili" kimi təsvir edir.[20] 2007-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülərməsi münasibətilə İsveç Akademiyası üçün yazdığı avtobioqrafiyasında Lessinq "Yaxşı terrorçu" əsərini mütləq hakimiyyətin əldə edilməsi üçün müasir solçuların ehtiyaclarının və qadın qəhrəmanının yanlış istiqamətləndirilmiş fədakarlığı və itaətsizliyinin satirik təsviri" adlandırmışdı.[13] Yelin əsəri "satira və nostolgiya arasında roman" adlandırdı.[21] Akademik Robert Kuen bu əsərin satirik roman olmadığını iddia etdi və qeyd etdi ki,[3] "Lessinqin heç bir yumor hissi yoxdur, o, öz əsəridə hadisələri istehza ilə təsvir edir".[3]
Virciniya Skott romanı fantaziya adlandırdı. Luis Kerrollun "Alisa möcüzələr ölkəsində" əsəri ilə müqayisə edərək bildirib ki, "Alisanın bir qrup inqilabçı ilə yaşadığı macəralar Kerrollun əsərindəki Alisanın başına gələnlər ilə müəyyən mənada uyğun gəlir". Hər ikisində Alisa evə daxil olur və burada bir sıra imkansız problemlərlə qarşılaşır: Kerrollun Alisası evə sığa bimək üçün kiçilməli olduğu halda, Lessinqin Alisası sökülmək üçün nəzərdə tutulan bir evdə yaşamalı olur.[28] Hər iki əsərdə Alisa personajları öz görünüşləri dəyişə bilərlər: Kerrollun Alisası öz ehtiyaclarını təmin etmək üçün öz fiziki ölçüsünü dəyşməyi bacarır, Lessinqin Alisası isə başqalarından istədiklərini əldə etmək üçün öz davranışlarını dəyişir.[28] Skot qeyd edir ki, "Yaxşı terrorçu" əsərinin bir nöqtəsində Fey Alisaya "Alisa möcüzələr ölkəsində" deyə xitab edir,[29] beləcə "Alisa möcüzələr ölkəsində" əsəri xatırlanır.[28]
Amerika yazıçısı Cudit Friman yazır ki, "Yaxşı terrorçu" əsərinin ümumi mövzusu öz "şəxsi vicdanını"[2] qorumaqla müəyyən bir qrupun içində öz şəxsiyyətinini qoruyub saxlamağı bacarmaqdır. Belə ki, əgər biz müəyyən bir mühitə uyğunlaşmağa məcbur ediliriksə, bu zaman problemlər yaranmağa başlayır.[2] Friman qeyd edir ki, "Alisa öz yaşıdlarının təsiri altında piş vərdişləri qəbul edən, lakin daxilən təmizqəlbli balaca bir qızdır".[2]
Digər bir mövzu isə məskən saldıqları evin simvolik xüsusiyyətləridir. Marqaret Skanlan qeyd edir ki, "Mansfild parkı" və "Ceyn Eyr" kimi romanlarda olduğu kimi "Yaxşı terrorçu" əsərində də "qadın öz evinin xanımı kimi təsvir edilib".[30] Katerin Fişbörn Roman əsərlərinin tədqiqatları jurnalında yazır ki, Lessinq "onların yaşadıqları evi tez-tez psixoloji və ontoloji dəyişikliklərin simvolu" kimi təsvir edir"[31] və burada "ev işləri Alisanın vəzifələrinə daxildir".[31] Yelin "Yaxşı terrorçu" əsərini "İngiltərədə yaşayış evinin yeni distopik versiyası" kimi təsvir edir. Bildirir ki, əsəri oxuyarkən Londonda evlərə baxaraq ingilis üslubunu görmək olar.[27] Doris Lessinqin "Yaxşı terrorçu" əsəri ilə əlaqədar "Qadın istismarını siyasəti: Siyasi təzyiq və kişilərin hakimiyyəti" adlı əsər yazan Lalbaxs və Yəhya[32] qeyd edirlər ki, əsərdə olan ev və "zülmkar münasibətlər" cəmiyyətin özündəki oxşar təzqiyli münasibətləri əks etdirir.[32]
Bəzi tənqidçilər "Yaxşı terrorçu" əsərində analıq mövzusunu daha çox önə çəkdilər. "Analar və qızlar/yaşlanmaları və vəfatları" əsərində Klara Spraq yazır ki, Lessinq əsərlərində anaların davranışlarının qızlarına ötürülməsindən və həmçinin, anaları ilə mübarizə aparan qızlardan bəhs edir.[33] İngilis yazıçısı Ceyn Roqers "Yaxşı terrorçu" əsərində analıq və analar haqqında radikal fikirlər olmasından[8] və burada analıq hissinin dəhşətli təsvir edilməsindən bəhs edir.[8] O, qeyd edir ki, Alisanın anası daimi öz eqoist qızının tələblərinə dözməli olur və Alisanın himayədarlıq etdiyi sevgilisi Casper ilə də eyni münasibətləri mövcuddur. Roqers əlavə edir ki, əsərdə analıq hissi yalnız zəifləri qorumaq zamanı daha qabarıq ifadə olunur.[8]
"Yaxşı terrorçu" əsərinin mövzularından biri də feminizm və qadınların istismarıdır. Skanlan qeyd edir ki, kitabda təsvir olunan qrup üzvlərinin əksəriyyəti qadın olsa da, siyasi fəaliyyətləri onların mövqelərinə təsir etmir və onlar itaət etməli olduqları patriarxiyanın əhatəsindən çıxa bilmirlər".[30] Yelin əsərdəki feminizm mövzusundan bəhs edərkən yazır ki, Lessinq burada yalnız Beynəlxalq Kommunistlər Birliyinin fəaliyyətini ələ salmır, həmçinin, "kişilərin hakimiyyətdə üstünlük təşkil etdiyi siyasi təşkilatlarda fəaliyyət göstərməyə razı olan və beləcə onların üstünlüyünü qəbul edən" qadınları da tənqid edir.[34] O, əlavə edir ki, "cəmiyyətdə kişilərin üstün hakimiyyətini dəstəkləyən və belə kişilərə qarşı emosional bağlılıq hiss edən" qadınları daima tənqid edən Lessinq əsərdə Casperin homoseksuallığına kinayə ilə yanaşır,[34] lakin "heteroseksual patriarxal quruluşlardakı qadınların daha aşağı mövqelərə sahib olması" faktı qarşısında səssiz qalır.[34] Lalbaxs və Yəhya Lessinqin əsərdə Alisanı öz ailəsinə qayğı ilə yanaşan "tipik bir ev qadını" kimi təsvir etdiyini qeyd edirlər,[35] lakin yenə də Alisaya digər məsələlərdə etibar edilmir. Onlar belə bir nəticəyə gəlirlər ki, Alisanın taleyi möhürlənmişdir, çünki ingilis sosialist feminist yazıçı Culiet Mitşelə görə, qadınlar "insan cəmiyyətinin təməlidir,[36] lakin onların cəmiyyətdəki iqtisadi, sosial və siyası mövqeləri hələ də marjinaldır".[36]
Bir sıra tənqidçilər "Yaxşı terrorçu" əsərinin adını oksimoron adlandırırlar. Robert Boşman bildirir ki, əsər Alisanın "ziddiyyətli şəxsiyyətinin " simvoludur[37] – o, məhv olmağa doğru gedən cəmiyyətdə xarabalıqlar arasında tapdıqları bir evi yenidən canlandırır.[37] Corc Kirns yazır ki, əsərin adı ironiya ilə seçilmişdir.[38] Oxucu əsəri oxumağa başlayanda Alisanın "yaxşı terrorçu" olduğunu zənn edir, lakin bu iki mənada başa düşülə bilər.[38] Birincisi Alisanın yaxşı insan olmasıdır, ikinci mənası isə Alisanın "artıq öz işini peşəkar görməyi bacaran bir terrorçu" olmasıdır. Müasir dünyanın ədəbiyyatı jurnalında Mona Knapp belə bir nəticəyə gəlir ki, Lessinqin qəhrəmanı nə yaxşı insandır, nə də yaxşı inqilabçıdır.[39] O, köhnə evləri yenidən canladırmağı və insanları özünə necə yönəltməyi bacarır, amma o, işsizdir və dolanmaq üçün valideynlərindən pul alır.[39] Əsl inqilabçılar evi silah anbarı kimi istifadə etməyə başlayanda o, qorxur və yoldaşlarının arxasınca gedir,[39] aidiyyəti qurumları xəbərdar etmək üçün telefonla zəng edir.[31] Knap Alisanı "pis terrorçu və sürünən bəşər övladı" adlandırır.[39] Fişbörn iddia edir ki, əsərdəki "yaxşı terrorçu" Lessinqin özüdür, burada Lessinq Alisa personajında özünü təsvir etmişdir, lakin onunku "siyasi terrorrizmin ədəbi növüdür".[31]
Kuen Alisanı "yaxşı niyyətli, qəddar və bəzən də sevimli" biri kimi təsvir edir,[3] lakin o, 36 yaşında olmasına baxmayaraq hələ də böyüməyib və öz valideynlərindən asılıdır.[3] Yelin Alisanın "daimi yetkinlik dövründə" olduğunu[27] və onun hər kəsə analıq etmək ehtiyacının "həddindən artıq psixoloji geriləmə və ya uğursuzluq halında olan bir vəziyyət" adlandırır.[40] Qrin yazır ki, Alisanın " öz dünyasında yaratdığı humanitarizmi gülüncdür"[41] və onu "özü ilə qəzəbli şəkildə rəftar edən" biri kimi təsvir edir, çünki baş verənləri başa düşmək üçün mənəvi olaraq tam böyüməmişdir və onun hərəkətləri faydalı və eyni zamanda da təhlükəli ola bilər.[42]
Boşman əsəri "istehzalı" adlandırır,[43] çünki əsərdə Alisanın kim olduğu ilə özünün kim olduğunu düşünməsi arasında ziddiyyətlər və onun mübarizəsi önə çəkilir.[43] Alisa "analıq fəaliyyətlərinin"[44] anasının razılığını qazanmaq arzusundan irəli gəldiyini danırdı[44] və anasının ona xəyanət etdiyinə və onu tərk etdiyinə inanırdı. O, "özü və dünyası haqqında öz inanclarını qoruyub saxlamaq üçün" Casperə daha çox bağlanmağa çalışırdı.[44] Casper Alisanın ona qarşı olan hisslərindən istifadə edərək onu aldatmağa çalışsa da, Alisa yenə də onu sevməyə davam edirdi, çünki o, Casperin insani keyfiyyətlərini olduğu kimi deyil, özü görmək istədiyi təsvir edirdi, beləliklə, həqiqəti inkar edir və özünü aldadırdı.[45] Casperin sonradan homoseksual olduğunu qəbul etməsi belə qəbul etmirdi və hesab edirdi ki, bu onun "emosional həyatının"[46] müəyyən psixoloji çətinlikləri ilə bağlıdır. Kuen Alisanı "xəyalpərəst" adlandırırdı.[47]
Knapp bildirir ki, Lessinq əsərlərində təsvir etdiyi üsyançı gəncləri "cəmiyyətin orta təbəqəsinin düşüncəsiz və doğru yolda olmayan"[39] nümayəndəsi kimi göstərsə də, onların müəyyən bir dəyişikliyə nail ola biləcəklərinə inanır.[39] Lessinq daima öz əsərlərində işçi sinfini istismar edən[39] və evsiz insanlara qarşı etinazıqlıq göstərən müəssisələri qınayır.[39] Knapp həmçinin qeyd edir ki, Lessinq bu problemlərin həll edilməsi üçün heç bir yol göstərmir, o, sadəcə dövlətin və bu vəziyyəti həll etmək istəyən digər səlahiyyətlilərin uğursuzluqlarını vurğulayır. Skanlan Lessinqin əsərindəki terrorçuları E. Rubersteynin "İnqilabın kimyaçıları: Müasir dünayda terrorizm" əsərindəki terroristlərlə müqayisə edir.[48] Rubensteyn yazırdı ki, "iddialı idealistlərin" "özləri üçün ideal hesab edə biləcəkləri heç bir sələfləri və ya onlarla birgə etiraz edən aşağı təbəqənin nümayəndəli olmadıqda", onlar mübarizələrində fəlakətə sürüklənirlər.[49]
Tənqidçilərin "Yaxşı terrorist" əsəri ilə bağlı fərqli fikiləri mövcuddur. Elizabet Lori London Review of Books jurnalında Lessinqin əsərini cansıxıcı adlandıraraq onu kəskin şəkildə tənqid etdi və öz fikrini qətiyyətlə müdafiə etdi.[50] İrlandiyalı ədəbi tənqidçi Denis Donofe romanın üslubunun "tamamilə darıxdırıcı",[17] Kuen isə Lessinqin mətnlərinin "olduqca sadə" olduğunu bildirdi.[3] İngilis akademiki Klara Henson "Yaxşı terrorçu" əsərini müdafiə etdiyini bildirdi. Henson romanın cansıxıcı olmasını onun mövzusu ilə izah etdi.[50]
Friman isə kitabı "zərif və tamamlanmış hekayə" adlandırdı[2] və "terrorist fəaliyyətləri ilə məşğul olan şəxslərin daxili dünyasının möhtəşəm təsviri"-ni vurğuladı.[2] Los-Anceles Taymz jurnalında yazan Friman Lessinqi "insan münasibətlərini qeyri-adi şəkildə təsvir etməyi bacaran" "ən yaxşı yazıçılarımızdan biri" adlandırdı.[2] San-Sentinel jurnalına müsahibə verərkən Bonnie Qross qeyd edird ki, bu kitab Lessinq bu günə kimi yazdığı ən gözəl və anlaşılan romanlarından biridir və onun "personajların dəqiq və real xüsusiyyətlərini əks etdirmək bacarığı" kitabı daha "möhtəşəm" və "oxunaqlı" etdi. Qross əsərdəki qadın personajları daha mükəmməl hesab edirdi.[1]
Amanda Sebastyan "Yaxşı terrorçu" əsərini ilk oxuduqda süjet xəttinin sadə göründüyünü yazırdı.[51] Lakin müəyyən bir hissəsindən sonra Lessinqin romanlarında olan özünəməxsus üslubu görmək olar.[51] O, müəyyən bir qrupun gündəlik yaşayışını ən gözəl tərzdə təsvir etmişdir[51]. Sebastyan Alisa personajının ədəbi təsvirini də yüksək qiymətləndirərək bildirmişdir ki, bu personaj gənc nəslin xüsusiyyətlərini mükəmməl şəkildə özündə cəmləşdirir.[51] Amerikanın feminist yazıçısı Vikki Leonard "Yaxşı terrorçu" əsərini "çox yaxşı yazılmış" və "maraqli kitab", personajları isə "həyəcan verici" və "realist" hesab edirdi.[52] Leonard həmçinin əlavə edirdi ki, kitabdakı Alisa personajı feminist deyil, sadəcə yazıçı burada "qadınlara və onların nailiyyətlərinə qarşı heyranlığını bildirir".[52]
Roqers Qardian qəzetində "Yaxşı terrorçu" əsərini "cəmiyyəti fərdlərin gözü ilə araşdıran" bir roman kimi təsvir edir. O, bildirdi ki, "roman insanların ağılsız və dağıdıcı fəaliyyətlərinə" qarşıdır və Londonda son zamanlarda baş verən terror hücumlarını özündə əks etdirə bilməmişdir. Kirkus Reviews jurnalında çalışan bir tənqidçi Alisanın hekayəsini "fövqəladə sayəhət — intiqamla gerçək olan psixoloji bir portret" adlandırdı. Həmçinin əlavə etdi ki, Alisa əsərdə "daima özünü aldadan və sevilməyən" bir personaj olsa da, romanı güclü edən onun qəhrəmanları və onların siyasi motivasiyalarıdır.
Donofe Nyu-York Taymz qəzetində qeyd etmişdi ki, o, Alisa və onun yoldaşlarının başlarına nə gələcəyi ilə maraqlanmır. Hesab edirdi ki, Lessinq Alisa personajını çox mükəmməl yaratmağa çalışıb.[17] Kuen əsərdəki personajalrın təsirli olmadıqlarını bildirdi. O, qeyd etdi ki, Lessinq əsərdə real maraqları olan qəhrəmanları canlandırsa da, personajlar "mənasızdırlar və əksər hallarda özlərini öz xülyaları ilə aldadırlar".[3]
"Yaxşı terrorçu" kitabı 1985-ci ildə Buker mükafatı üçün namizəd görülmüş[53] və 1986-cı ildə Mondello mükafatını və U. H. Smit Əbəbiyyat mükafatını qazanmışdır.[54] 2007-ci ildə Lessinq Ədəbiyyat üzrə Nobel mükafatına alyiq görülmüşdür.[55] 2013-cü ildə Lessinqin vəfatından sonra Qardian qəzeti "Yaxşı terrorçu" əsərini Lessinqin kitabları içərisində ilk beşliyə daxil etmişdir.[56] Hindistanlı yazıçı Nil Mukherje 2015-ci ildə Qardian qəzetində nəşr etdiyi məqaləsində romanı "inqilabçılar haqqında yazılan ən gözəl 10 kitab" siyahısına daxil etmişdir.[57]
"Yaxşı terrorçu" ilk dəfə 1985-ci ilin sentyabr ayında Conatan Keyp tərəfindən Böyük Britaniyada, daha sonralar isə Alfred Knopf tərəfindən ABŞ-də nəşr etdirilib. Kitab bir il sonra 1986-cı ilin sentyabr ayında Qrafton tərəfindən Böyük Britaniyada nəşr edilmişdir. Audio kitab forması Nadia Mey tərəfindən 13 saat ərzində hazırlanmışdır və 1999-cu ildə Blackstone Audio səsyazma studiosunda buraxılmışdır.[58] Roman katalan, çin, fransız, alman, italyan, ispan və isveç dilləri də daxil olmaqla bir sıra dillərdə tərcümə edilmişdir.[13][59][60]