Yojef Sayer

Yojef Sayer (mac. Szájer József; 7 sentyabr 1961-ci ildə Şopron şəhərində anadan olub) — Macarıstan siyasətçisi, Fidesz partiyasından olan Avropa Parlamentinin keçmiş üzvüdür. 27 noyabr 2020-ci ildə o, COVID-19 pandemiyası ilə əlaqədar Belçika ərazisində tətbiq olunan ciddi sanitar-epidemioloji məhdudiyyətlərə və qadağalara əməl etməyərək, Brüssel şəhərindəki evlərin birində gizli və kütləvi Party and Play və ya PnP (homoseksual cinsi əlaqədən əvvəl və ya zamanı ehtiras hislərinin gücləndirilməsi və uzadılması üçün seks partnyorları tərəfindən müxtəlif narkotiklərin istifadəsi) gey əyləncə gecəsinə qatılmış və Belçika polisi tərəfindən yaxalanmışdır (yaxalandıqdan 3 gün sonra o, parlamentdəki kreslosundan istefa vermək qərarını vermişdir (istefa 2020-ci ilin dekabr ayının sonunda qüvvəyə minmişdir)[3][4].

Yojef Sayer
mac. Szájer József
Yojef Sayer 2016-cı ildə.
Yojef Sayer 2016-cı ildə.
Avropa Parlamentinin deputatı[d]
1 iyul 2014 – 2019
Avropa Parlamentinin deputatı[d]
14 iyul 2009 – 30 iyun 2014
Avropa Parlamentinin deputatı[d]
20 iyul 2004 – 13 iyul 2009
Avropa Parlamentinin deputatı[d]
1 may 2004 – 19 iyul 2004
Avropa Parlamentinin deputatı[d]
2 iyul 2019 – 31 dekabr 2020
Şəxsi məlumatlar
Doğum tarixi (62 yaş)
Doğum yeri Şopron, Dyör-Moşon-Şopron medyesi
Milliyyəti Macar
Vətəndaşlığı Macarıstan Macarıstan
Təhsili İştvan Seçeni Universiteti (1976–1980)
Eötvöş Lorand adına Budapeşt Universiteti (1981–1986)
Balliol Kolleci (1986–1987)
İxtisası Siyasətçi, Vəkil
Fəaliyyəti Macarıstan Milli Assambleyasının üzvü (1990 — 2004) Macarıstan
Avropa Parlamentinin üzvü (2004 — 2020)[1] Avropa İttifaqı
Uşağı 1
szajer.fidesz-eu.hu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən illəri və təhsili

[redaktə | mənbəni redaktə et]

Yojef Sayer 7 sentyabr 1961-ci ildə Macarıstanın Avstriya ilə sərhəddində yerləşən və özünəməxsus almandilli multikulturalizmi ilə tanınan Şopron şəhərində anadan olub. O, Şopronda böyük köklərə malik bir ailədən gəlir, valideynləri birinci nəsil ziyalı idilər. Atası Yojef coğrafiya və biologiya müəllimi, anası Edit Kiss isə ibtidai sinif müəllimi idi. Onun valideynləri 1982-ci il noyabrın 26-da dəm qazından zəhərlənərək dünyasını dəyişmiş və Sayer azyaşlı qardaşlarının qəyyumuna çevrilmişdir[5][6].

İbtidai və orta məktəbi Yojef Sayer doğma Şopronda bitirdikdən sonra, Dyör şəhərində yerləşən Macarıstanın məşhur İştvan Seçeni Universitetinin ingilis dili fakültəsinə qəbul olmuş və 1980-ci ildə bitirmişdir. Daha sonra o, Eötvös Lorand adına Budapeşt Universitetinin Hüquq fakültəsində təhsil almış və 1986-cı ildə doktorluq dərəcəsinə kimi yüksəlmişdir. 1986-cı ildə Soros Fondunun təqaüdü ilə, Yojef Sayer Böyük Britaniyanın Oksford Balliol Kollecində 1 il, 1988-ci ildə isə Miçiqan Universitetinin Hüquq Məktəbində əlavə təhsil almışdır. 1986-cı ildən etibarən, o, Budapeşt Universitetinin Hüquq fakültəsində Roma hüququ üzrə dosent və eyni zamanda konstitusiya hüququ fənni üzrə müəllim kimi fəaliyyət göstərməyə başlamışdır. Onun həmçinin hüquq tarixi və hüquq nəzəriyyəsi üzrə onlarla elmi məqaləsi xarici jurnallarda dərc olunmuşdur. 1983-cü ildən Sosial Elmlər Kollecinin (1988-ci ildən İştvan Bibo Peşə Kolleci) üzvü, 1985–1988-ci illərdə həmin kollecdə həm də fəlsəfə müəllimi olmuşdur. 1987-ci ildə isə, Yojef Sayer Macarıstan Oksford Cəmiyyətinin prezidenti seçilmişdir.

Macarıstan daxilində

[redaktə | mənbəni redaktə et]
Yojef Sayer (sağda) Rəqəmsal Vahid Bazarda Müəllif Hüquqları Direktivi haqqında qanunun qəbulu ilə bağlı səsvermədə iştirak edir.

Yojef Sayer, Macarıstanda millətçilik, iqtisadi mühafizəkarlıqavroskeptisizm ideologiyaları ilə xarakterizə olunan iki ən böyük siyasi partiyadan biri olan Fidesz — Macarıstan Vətəndaş Birliyinin qurucu üzvüdür.

Yerli müxalifətçi liderlərin təşkil etdiyi Dəyirmi Masanın (mac. Kerekasztal-tárgyalások) daimi üzvü seçilmiş Sayer, artıq formalaşmış Polşa modeli üzrə 1989-cu ilin yayında və payızında Macarıstan Xalq Respublikasında hakim iqtidar və müxalifət arasında nizamlı danışıqların aparılması rolunu öz üzərinə götürdü. Danışıqlar, tam azad, çoxpartiyalı parlament seçkilərinin keçirilməsinə dair razılaşma ilə nəticələndi və bu, ölkədə siyasi sistemin dəyişməsinə gətirib çıxardı[7]. 1989–1992-ci illərdə Fides Milli Şurasının üzvü olmuş, 1993–1994-cü illərdə isə həmin partiyanın sədri seçilmişdir. 1990-cı ildən 2004-cü ilə qədər Yojef Sayer artıq Macarıstan Parlamentinə deputat olaraq seçilmiş, eyni zamanda da Şopron seçki dairəsinin nümayəndəsi kimi fəaliyyət göstərmişdir. 1990–1993-cü illərdə o, Konstitusiya Məsələləri və Ədliyyə Komitəsinin üzvü, 1992–1994-cü illərdə isə, Avropaya inteqrasiya komitəsi sədrinin müavini vəzifələrini uğurla icra etmişdir.

Sayer Avropa Parlamentinin deputatı olarkən 2010-cu ildə Macarıstanın yeni Konstitusiyasının layihəsini hazırlayan komitənin sədri təyin edilmiş və Milli Məsləhət komitəsinə rəhbərlik etmişdir. Yeni Konstitusiyanın qaralama versiyası Sayer tərəfindən iPad-də yazılmışdır[8]. Özünün bu cür "innovativ" hərəkətini isə, Sayer yumoristik tərzdə "Stiv Cobs, Macarıstanın yeni konstitusiyasının iPad-də, daha dəqiq desək mənim iPad-imdə yazıldığını biləndə, şübhəsiz ki, xoşbəxt olacaq!" — deyə şərh etmişdir[9]. Yojef Sayer, yeni konstitusiyanın "ailə" aspektlərinə də nəzər yetirərək, müxtəlif telekanallara verdiyi müsahibələrdə, Macarıstanın vergi sisteminin yalnız çoxuşaqlı ailələri mükafatlandırmalı olduğunu söyləmişdir. Sayerin sözlərinə görə, Macarıstan konstitusiyasının unikal cəhəti ondan ibarətdir ki, valideynlər azyaşlı uşaqları adından səs verə bilərlər. Buna etiraz olaraq, jurnalistlər, yetkinlik yaşına çatmayanların səsvermə hüququ olmadığı üçün onların valideynləri Macarıstanda çoxlu səsə sahib olacağını, bunun isə demokratik və bərabər seçki hüququnu pozacağını bildirmişdilər.

Yojef Sayer tərtib edilmiş yeni konstitusiyaya, LGBT hüquqlarının ciddi məhdudlaşdırılmasına da nail olmuşdur. Belə ki, Konstitusiyanın M maddəsində deyilir ki, "Macarıstan yalnız kişi ilə qadın arasında nikah institutunu, könüllü nikah münasibətlərini və millətin yaşaması üçün əsas olan ailəni qoruyur". Avropalı jurnalistlərin və Avrodeputatların homoseksuallara ailə hüquqlarını verməyən konstitusiyanı necə "21-ci əsr konstitusiyası" adlandıra biləcəyi ilə bağlı çoxsaylı suallarına cavab olaraq Yojef Sayer, bu məsələlərə dair Avropa İttifaqının Macarıstan qarşısında hansısa qanunvericiliyi və ya tələbləri olmadığı bildirmişdir[10].

" Hər şey 21-ci əsri necə şərh etməyimizdən asılıdır. Fərqli minilliyə qədəm qoyduğumuz üçün ənənəvi evlilik anlayışının dəyişdiyini düşünmürəm[10].
Yojef Sayerin EURACTIV media saytına verdiyi müsahibə
"

2015-ci ildə Azad Demokratlar Alyansının (Macarıstanda liberal siyasi partiya) üzvü, açıq şəkildə Budapeştdə homoseksual olaraq yaşayan[11] və Macarıstanda ictimaiyyətə çıxan ilk lezbiyan siyasətçi Klara Unqar siyasi səbəblərə görə, öz Facebook səhifəsində Sayer və deputat həmkarı Mate Koçişi homoseksual adlandırmışdı[12]. Koçiş deyilənləri təkzib etməyə çalışaraq, Unqara qarşı böhtan iddiası qaldırır. O, birinci instansiya məhkəməsində qalib gəlsə də, ikinci instansiyada uduzur; bunun başlıca səbəbi, Macarıstan Apellyasiya Məhkəməsinin "gey" ifadəsinin təhqiramiz olmadığı qənayətinə gəməsi idi; Sayerə gəldikdə isə, o, Klara Unqarın açıqlamalarına öncədən heç bir reaksiya vermir[13][14][15].

Avropa Parlamenti

[redaktə | mənbəni redaktə et]
Brüssel Mərkəzi Polis İdarəsinin küncündə, Rü de Pyer (fr. Rue de Pierre) küçəsindəki məhz bu binanın birinci mərtəbədəki mənzildə Yojef Sayerin də qatıldığı gey seks əyləncə gecəsi baş tutmuşdur

2003-cü ildə Sayer Avropa Konvensiyası kimi də tanınan Avropa Birliyinin Gələcəyi haqqında Konvensiyaya qoşuldu. Konvensiya öz işini 2003-cü ilin iyul ayında Avropa üçün Konstitusiyanı təsis edən müqavilə layihəsi ilə başa vurdu[16]. Bunun ardınca Macarıstanın 2004-cü ildə Avropa Birliyinə üzv olması ilə bərabər, Sayer Avropa Parlamentinin müşahidəçi üzvü seçildi.

2004-cü ildə Sayer ilk dəfə olaraq Avropa Parlamentinə tamhüquqlu üzv seçilir və paralel olaraq da Avropa Xalq Partiyası və Avropa Demokratlar Qrupunun sədr müavinlərindən birisi olaraq təyin edilir.

2004–2007-ci illərdə o Daxili Bazar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komitəsinin üzvü olmuş, daha sonra isə Konstitusiya Məsələləri Komitəsində (2007–2014-cü illərdə) xüsusi vəzifə tutmuşdur.

2008-ci ildə Yojef Sayer Valdşteyn sarayında təntənəli şəkildə Avropa Vicdanı və Kommunizmi haqqında Praqa Bəyannaməsini imzalayır[17]. Bu, nasizmlə kommunizm arasında bərabərlik işarəsinin qoyulduğu Avropa İttifaqının ilk sənədlərindən biri hesab olunur. Bəyannamədə həmçinin 2009-cu il aprelin 2-də Avropa Parlamenti tərəfindən təsdiq edilmiş Stalinizm və Nasizm Qurbanlarının Avropa Anım Gününə çağırış da öz əksini tapır[18][19][20].

2009-cu ildə yenidən seçilərək, Macarıstan EPP nümayəndə heyətinin rəhbəri (2011-ci ilə qədər) və Avropa Xalq Partiyası qrupunun sədr müavini (2020-ci ilə qədər) təyin edilmişdir. 2014-cü ildən 2020-ci ildə istefaya gedənədək, Yojef Sayer Hüquq Məsələləri Komitəsinin fəal iştirakçısı, eləcə də Beynəlxalq Ticarət Komitəsinin əvəzedicisi və ABŞ-la əlaqələr üzrə nümayəndə heyətinin üzvü idi.

Gey seks əyləncə gecəsi və istefa

[redaktə | mənbəni redaktə et]
"Cəhənnəm ol Orban: Mən özüm olmaq istəyirəm. Yojef Sayer yeni macar gey ikona" yazısı ilə diqqəti cəlb edən və LGBT hüquq mühafizəçiləri tərəfindən yaradılan strit art.

"Avropanın darıxdırıcı paytaxtı" kimi köklü reputasiyaya malik Brüssel şəhəri 2020-ci ilin dekabr ayında səs-küylü seks qalmaqalının episentrinə çevrilmişdir. Maraqlısı odur ki, həmin qalmaqalın başlıca səbəbi, Delta ştammının sürətlə yayılması ilə əlaqədar Belçikada tətbiq edilmiş genişmiqyaslı antikoronavirus tədbirləri idi[21]. 2020-ci ilin oktyabr ayının sonunda ölkə hakimiyyəti bütün restoran və əyləncə məkanlarının qapadılmasını qərara almışdır. Bundan əlavə, sərtləşdirilmiş yeni qaydalara əsasən, belçikalılara bir nəfərdən daha çox adamı ziyarət etmək və ya qonaq çağırmaq, eləcə də kütləvi toplantılarda iştirak etmək qadağan edilmiş və hər gecə komendant saatı bütün ölkə ərazisində tətbiq olunmuşdur. Ölkə sakinlərindən təkbaşına alış-veriş etmək və mağazada 30 dəqiqədən çox olmamaq tələb olunurdu[22].

Cümə günü, noyabrın 29-u axşam saatlarında Brüsselin mərkəzində, frankdilli belçikalılar tərəfindən Rü de Pyer (fr. Rue de Pierre), flamanddillilər tərəfindən isə Steenstraat adı ilə tanınan küçədəki evlərdən birinin sakinləri yüksək səs-küydən bezərək, polisə şikayət etmək qərarına gəlirlər. Polis bölməsi göstərilən ünvandan cəmi bir neçə metr aralıda, daha doğrusu çoxlu LGBT barları və BDSM klubları ilə məşhur olan gey məhəllədə yerləşirdi. Hadisə yerinə dərhal gələn polislər və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən pabın üstündəki mənzildə 25-ə yaxın tamamilə çılpaq kişinin iştirakı ilə gizli seks məclisinin təşkil olunduğu müəyyənləşmişdir[23]. Polis kütləvi seks toplantısındakı bütün iştirakçıların şəxsiyyətini müəyyən etdikdən sonra qanunu pozanların hamısını 250 avro məbləğində cərimələmiş və qanunsuz eyş-işvəti dağıtmışdır[24].

Bu bədnam seks məclisinin əsas iştirakçısı Yojef Sayer qeyri-adi üsulla — binanın fasadındakı metal navalça borusundan yapışaraq küçəyə düşmüş və hadisə yerindən qaçmağa cəhd göstərmişdir, lakin onun cəhdi uğursuzluqla nəticələnmişdir: küçədə yarımçılpaq vəziyyətdə cəld polis tərəfindən saxlanılan Sayerin bel çantasından axtarış zamanı ekstazi və digər narkotik həblər aşkar edilmişdir. Onun əlləri qan içində idi — çox güman ki, Sayer, yağış suyu borusundan qaçmaq istəyərkən xəsarət almışdır. Yojef Sayerin üstündə həmin an şəxsiyyəti təsdiqləyən heç bir sənəd olmadığı üçün polis onu yaşadığı evə qədər müşayiət etmiş və artıq orada, Sayer öz diplomatik pasportunu polisə təqdim etmişdir[25].

Hadisədən sonra Sayer qeyri-qanuni toplanışda iştirak etdiyi üçün üzr istədiyini rəsmi açıqlamasında bildirmişdir. Gey seks əyləncə gecəsinin təşkilatçısı, əslən Polşadan olan David Manzheley idi[26]. O, koronavirus məhdudiyyətlərini pozan əyləncə tədbirinin təşkilində səhv bir şey etmədiyini israr edərək bildirmişdir ki, o, müntəzəm olaraq yüzdən çox ictimai xadimləri, o cümlədən Polşanın aparıcı homofobik və konservativyönümlü Hüquq və Ədalət (pol. Prawo i Sprawiedliwość, PiS) partiyasının və Macarıstanın Fidesz üzvləri üçün bu cür orgiyalar təşkil edir[27][28].

" Mənim gizli seks tədbirlərimdə müxtəlif ölkələrdən bir çox ictimai xadim, o cümlədən Polşa, Ukrayna və Macarıstan siyasətçiləri daim iştirak edir. Onların adlarını çəkmək istəmirəm, çünki bu, ailələrinin dağılmasına səbəb ola bilər. Məhz bu səbəbdən də, onlar əvvəldən bu tədbirlərdəki iştirakını gizli saxlamağı məndən xahiş etmişdilər[29].
David Manjeley
"

Əyləncə gecəsi təşkilatçısının sözlərinə görə, polis basqını zamanı, orgiyadakı qonaqların bəziləri güclü narkotik vasitələrin təsiri altında idilər və onlar, polis uniformasının bir fetiş-sürpriz olduğunu zənn edərək, polis əməkdaşlarının şalvarlarını soyundurmağa çalışırdılar.

Macarıstanda baş vermiş hadisədən sonra yerli sakinlər təkcə evli və bir qız atası olan mühafizəkar sağçı və rusofob Yojef Sayerin davranışından qəzəblənmişdilər. Sayer həm də ikiüzlülükdə və riyakarlıqda ittiham olunurdu[30]. O, bir siyasətçi kimi, LGBT-yə mənsub şəxslərin — yəni lezbiyan, gey, biseksual və transseksualların Macarıstan konstitusiyasında nəzərdə tutulmuş hüquqlara malik olmaları faktına daim aqressiv şəkildə qarşı çıxmış və bir sıra diskriminativ qanunların qüvvəyə minməsinə birbaşa səbəbkar olmuşdur. Macarıstan jurnalisti Sabolç Panyinin sözlərinə görə, özünü Macarıstanın mənəvi həvarisi adlandıran Sayer gənc oğlanlarla sevişmək üçün tez-tez Taylanda üz tuturdu.

Bütün bu qalmaqallı hadisələr səbəbindən, Sayer 2 dekabr 2020-ci ildə sevdiyi Fidesz partiyasını tərk etmək, daha sonra isə, doğma şəhəri Şoprondan hələ 2010-cu ildə aldığı fəxri vətəndaş titulundan da imtina etmək qərarına gəldi. Sonrakı günlərdə o, həmçinin siyasi postundan və təşkilat üzvlüyündən istefa verdi. 2020-ci ilin sonuna qədər o, yalnız Macarıstan Milli Dövlət İdarəçilik Universitetində fəxri müəllim vəzifəsinə sahib idi, lakin 2021-ci ilin fevralında universitet onun təyinatını birdəfəlik ləğv etdi.

Baş nazir və partiya lideri Viktor Orban Macarıstanın məşhur Magyar Nemzet qəzetinə verdiyi intervyuda bunları demişdi: Üzvümüz Yojef Sayerin etdikləri siyasi icmamızın dəyərlərinə tamamilə uyğunsuzdur. Onun otuz illik zəhmətindən imtina etməyəcəyik və unutmayacağıq. Lakin onun hərəkətləri qəbuledilməz və bağışlanmazdır[31][32]. Macarıstanın Jobbik siyasi partiyasının icraçı vitse-prezidenti Marton Dyöndyeşi, İtaətsiz Fransa və ya Üsyankar Fransa (fr. La France insoumise) adı ilə tanınan Fransanın məşhur solçu siyasi partiyasını təmsil edən Manon Obri və Alliance '90/The Greens partiyasının üzvü Terri Reintke də daxil olmaqla Avropa Parlamentinin deputatları, Fidesz partiyasının LGBT məsələlərindəki mövqeyi fonunda Jojef Sayeri ikiüzlülükdə ittiham etdilər[33][34][35][36]. Müxalifət partiyasının lideri Andraş Feketenin fikrincə, baş vermiş bu skandal hadisə Fidesz-in tam olaraq mənəvi iflasa uğratmış və o, sadə macar xalqının gözündən düşmüşdür[37].

Sonrakı günlərdə Sayerin seks əyləncə gecəsindən qaçmaq üçün aşağı endiyi su borusunun üzərinə memorial lövhə vurulmuş, Laika psevdonimi ilə məşhur olan avropalı küçə rəssamı isə Roma şəhərində Sayerin gey-ikona obrazında və mural üslubunda divar rəsmini küçələrin birində yaratmışdır[38][39] .

2000-ci ildə Sayer Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən Müqəddəs MixailMüqəddəs Georgi (KCMG) ordeninin kavaler tituluna layiq görülmüşdür[40][41].

2010-cu ildə Sayer Şopronun fəxri vətəndaşı olmuşdur. Qalmaqaldan sonra o, 3 dekabr 2020-ci ildə fəxri vətəndaşlıqdan imtina etmək qərarına gəlmişdir[42].

2019-cu ildə Yojef Sayer Mərkəzi Avropa xalqlarının azadlığı naminə verilən fədakarlıqların və nailiyyətlərin tanınması şərəfinə Şandor Petöfi premiyası ilə mükafatlandırılmışdır[43].

Yazdığı kitabları

[redaktə | mənbəni redaktə et]
  • Jogállam, szabadság, rendszerváltoztatás (tərcüməsi: Qanunun aliliyi, azadlıq, rejim dəyişikliyi)[44] (1998)
  • Európa (tərcüməsi: Avropa)[45] (2004)
  • Szabad Magyarország, szabad Európa (tərcüməsi: Azad Macarıstan, azad Avropa)[46] (2014)
  • Ne bántsd a magyart! Gondolatok a bevándorlásról, a Fideszről, Magyarországról, Alaptörvényünkről és Európáról (tərcüməsi: Macarları incitməyin! İmmiqrasiya, Fidesz, Macarıstan, Əsas Qanunumuz və Avropa haqqında düşüncələr) (2019)
  1. "Fiche de József Szájer". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08.
  2. "Szájer quits Fidesz over scandal, Orbán condemns his actions, orgy's host speaks out" (ingilis). 2020-12-03. 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08..
  3. Than, Krisztina; Blenkinsop, Philip. "Hungarian deputy quits Fidesz after Brussels scandal, Orban says his acts 'indefensible'". Reuters. 2020-12-02. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  4. Pronczuk, Monika; Novak, Benjamin. "Hungarian Politician Resigns After Brussels Party Raided by Police". The New York Times. 1 December 2020. 1 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
  5. Kisalföld, vol. 38. issue 281., 1982–11–30
  6. "His biography (1996) at parlament.hu". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-10.
  7. Bayer, József, The Process of Political System Change in Hungary // Schriftenreihe (PDF), Budapest, Hungary (HU): Europa Institutes, 2003, səh. 180, 2011-07-21 tarixində orijinalından (PDF) arxivləşdirilib.
  8. Simon, Zoltán. "Hungary First to Write a Constitution on IPad, Lawmaker Says". Bloomberg News. 2011-03-04. 2015-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-25.
  9. Golian, Rosa. "iPad used to draft Hungarian constitution". NBC News. 8 March 2011. 14 April 2015 tarixində arxivləşdirilib.
  10. 1 2 "Hungary's new constitution: Family friendly, hostile to gays" (ingilis, fransız, və alman). EURACTIV. 2011-03-24. 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.
  11. Ungár Klára beszélt már másságáról Arxivləşdirilib 2008-06-10 at the Wayback Machine, index, 2005. március 8.)
  12. Ungár Klára. "Facebook oldal". 2015-05-18. 2020-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  13. "Pride a Nagybani piacon". C-Pont. 2015-05-30. 2021-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  14. "Megsértették Kocsis Mátét, a fideszes politikus nem homoszexuális". origo. 2015-10-30. 2021-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  15. "Kimondták: nem sértette Kocsis Máté jó hírnevét, ha melegnek nevezték". hvg. 2016-06-16. 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  16. "IATE: Convention on the Future of the European Union". 2022-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-12.
  17. "Prague Declaration: Selected signatories". Institute for Information on the Crimes of Communism. 2011-08-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-05-10.
  18. "Meeting of the Reconciliation of European Histories Group". Reconciliation of European Histories Group. 3 February 2011. 15 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 May 2011.
  19. "Declaration of the European Parliament on the proclamation of 23 August as European Day of Remembrance for Victims of Stalinism and Nazism". Europa.eu. 2019-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-10.
  20. "European Parliament resolution of 2 April 2009 on European conscience and totalitarianism". Europa.eu. 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-10.
  21. Mark Eeckhaut. "Organisator seksfeest met Hongaars Europarlementslid: 'Elke twee maanden een orgie'". standard.be. 2020-12-02. 2022-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-15.
  22. Guyoncourt, Sally. "Hungarian MEP József Szájer admits breaking lockdown rules after police raid 'sex party'". inews. 2020-12-01. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  23. Nadeau, Barbie Latza. "Inside the Brussels Lockdown Sex Party: Love Hearts, Devil's Tridents and Mattresses All Over". The Daily Beast. 2020-12-02. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
  24. Chini, Maïthé. "Guests 'already had Covid-19,' organiser of Brussels sex party says". The Brussels Times. 2020-12-02. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
  25. Gill, Jo; Fielder, Jez. "Brussels 'sex party': Hungarian MEP József Szájer admits to Being at Unlawful Gathering". Euronews. 2020-12-01. 2020-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.
  26. Maurice, Emma Powys. "Host of raucous gay sex party, where Viktor Orbán's top ally was arrested, is a 'wanted man' in Poland". PinkNews. 2020-12-05. 2020-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
  27. Fábián Tamás. "Belga lapok orgiaként jellemezték a bulit, ahol Szájer is jelen volt". telex.hu. 2020-12-01. 2022-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.
  28. Grád-Kovács Márta. "Belga ügyészség: az ereszcsatornán keresztül, vérző kézzel menekült Szájer, akinél drogot találtak". 24.hu. 2020-12-01. 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.
  29. "A belga sajtó szerint lemondott magyar EP-képviselő bukott le egy brüsszeli melegbárban". hvg.hu. 2020-12-01. 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-01.
  30. "Hongaars Europarlementslid neemt ontslag na aanwezigheid op seksfeestje in Brussel". HLN. 2020-12-01. İstifadə tarixi: 2020-12-01.
  31. "Orbán Viktor: Amit Szájer tett, az a mi politikai közösségünk értékrendjébe nem fér bele". origo.hu. 2020-12-02. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-04.
  32. Nyilas, Gergely. "Szájer kilépett a Fideszből, Orbán szerint is védhetetlen volt, amit tett" (macar). Telex.hu. 2020-12-02. 2022-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  33. Zsiros, Sandor. "MEPs accuse Budapest of hypocrisy over Brussels sex party scandal". Euronews. 2020-12-02. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  34. Noack, Rick; Ariès, Quentin. "Hungarian lawmaker resigns after police apprehend him fleeing reported 'sex party' amid pandemic restrictions". The Washington Post. 2020-12-01. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  35. Nagy Béla Ádám. "Így reagáltak az ellenzéki pártok a Szájer-botrányra". Alfahír. 2020-12-01. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  36. "DK: Véget kell vetni a pedofilmosdatásnak, legyen bűncselekmény a feljelentés elmaradása is". Nyugati Fény (macar). 2020-12-09. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-28.
  37. Bayer, Lili. "From Orbán ally to orgy scandal: Downfall of a Fidesz founder". Politico Europe. 2020-12-03. 2020-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-04.
  38. Botos, Tamás. "Emléktáblát kapott Szájer József ereszcsatornája". 444.hu (macar). 2020-12-05. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
  39. "«Covid partouze» à Bruxelles: l'ex-député hongrois Jozsef Szajer représenté en icône gay à Rome". sudinfo.be (fransız). 2020-12-05. 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-08.
  40. "MEP leaps from window as Belgian police raid orgy for breaking coronavirus rules". The Telegraph. 2020-12-02. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  41. "Euro MP for Viktor Orban's anti-LGBTQ party quits after being caught at Brussels gay orgy". National Post. Bloomberg News. 2020-12-02. 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-02.
  42. "Szájer lemondott soproni díszpolgári címéről". Telex.hu (macar). 2020-12-03. 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-03.
  43. "Szájer József lemondott Soprontól kapott díszpolgári címéről". kisalföld.hu. 2020-12-03. İstifadə tarixi: 2020-12-03.[ölü keçid]
  44. Szájer, József. Jogállam, szabadság, rendszerváltoztatás : beszédek, írások, dokumentumok, 1987-1997 [Rule of law, freedom, regime : Speeches, writings, documents 1987–1997] (macar). Budapest: DAC Alapítvány. 1998. ISBN 963-04-9970-3. OCLC 54404938. 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-19 – Moly vasitəsilə.
  45. Szájer, József; Laky, Zsuzsanna; Tapasztó, Szabolcs. Európa : az Európai Parlament és az Európai Unió további intézményei és működésük [Europe : The European Parliament and the European Union are further institutions and functioning] (macar). Budapest: Magyar Egyetemi Kiadó. 2004. ISBN 963-86383-9-7. OCLC 909139260. 2022-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-19 – Antikvarium.hu vasitəsilə.
  46. Szájer, József. Szabad Magyarország, szabad Európa - Beszédek, írások, dokumentumok 1998-2013 [Free Hungary, free Europe - Speeches, writings, documents 1998-2013] (macar). József Szájer. 2015. ISBN 9789631214840. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-19 – bookline.hu vasitəsilə.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

П:  Macarıstan portalı П:  Avropa İttifaqı portalı П:  LGBT portalı