Yorklu Mariya (ing. Mary of York; 11 avqust 1467, Vindzor sarayı – 23 may 1482, Plasentiya sarayı[d], Böyük London regionu[d]) — İngiltərə kralı IV Eduardın və Elizabet Vudvilin qızı.
Yorklu Mariya | |
---|---|
ing. Mary of York | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 avqust 1467 |
Doğum yeri | |
Vəfat tarixi | 23 may 1482 (14 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | əsilzadə |
Atası | IV Eduard[1] |
Anası | Elizabet Vudvil[1] |
Ailəsi | York sülaləsi |
Vikianbarda əlaqəli mediafayllar |
Uşaqlığının ilk illəri özündən bir yaş böyük bacısı Elizabetlə birlikdə keçdi. Bacısıyla birlikdə dini təhsil aldı. Hələ 2 yaşında ikən 1469-cu ildə əmisi Corc Plantagenet və Vorvik lordu Riçard Nevilin səyləri nəticəsində atası IV Eduard qısa müddətliyinə taxtdan endirildi. Anası Elizabet Vudvil saraydakı xeyli qəniməti də yanına alaraq qızlarıyla birlikdə Vestminster Abbadlığına qaçaraq burada sığınacaq tələb etdilər. Burada təxminən 5 ay yaşadılar. Gələcəkdə taxta çıxarılan qardaşı Eduard da məhz bu əsnada abbadlığın zirzəmisində dünyaya gəldi. Çox keçmədən atasının taxt mübarizəsini qazanmasının ardından ailə üzvləriylə birlikdə azadlığa çıxdılar.
Çox keçmədən Mariyanın evlilik planları hazırlanmağa başlandı. Böyük bacısı Elizabetin Fransa kralının varisi dofen Karlla evlənməsi planlaşdırılırdı və hər hansı bir tərslik olarsa, Mariyanın bacısının yerinə təklif edilməsi düşünülürdü. Digər yandan 1481-ci ildə Danimarka kralı I Kristianın oğlu Fridrixlə evlənməsi planlaşdırıldı. Ancaq o əsnada Mariya xəstələndi və anidən vəfat etdi.
Mariya 11 avqust 1467-ci ildə Vindzor sarayında İngiltərə kralı IV Eduard və Elizabet Vudvilin ikinci uşağı olaraq dünyaya gəldi. Uşaqlığı bacısı Elizabetlə birlikdə Londondan nisbətən uzaqda olan Riçmond qəsrində keçdi. Burada atasının istəyilə gözlərdən uzaq və təhlükəsiz şəraitdə böyüdüldülər. Hələ uşaq yaşlarından etibarən atasının səyahətlərində iştirak etdi. Bacısıyla birlikdə 4 yaşından etibarən dini təhsil almağa başlayan Mariya 2 yaşında ikən anası növbəti bir qız uşağı - Sesilyanı dünyaya gətirdi və beləcə, IV Eduard özündən sonra taxta kimin çıxacağını düşünməyə başladı. Anasının mənsub olduğu Vudvil ailəsinin kral və saray üzərindəki nüfuzundan narazı olan əmisi Corc Plantagenet bunu bəhanə edərək 1469-cu ildə ayaqlandı. Böyük qızı İzabella Nevillə evlənərək Vorvik lordu Riçard Nevilin dəstəyini qazanan Corc Plantagenet özünü İngiltərə kralı elan etdi və ardından Vudvil ailəsinə qarşı hərəkətə keçdi. Mariyanın babası Riçard Vudvil və dayısı Antoni Vudvil ələ keçirilərək 12 avqust 1469-cu ildə edam olundular. Nənəsi Jaketta isə cadugərliklə ittiham olunaraq həbs edildi.
Həmin ilin sentyabrında atası IV Eduard Londona gələrək hakimiyyətini bərpa etsə də, ölkədən qaçan əmisi Corc Plantagenet və Vorvik lordu Riçard Nevil öz iddialarını davam etdirdilər. Bu dəfə də ölkədən qovulan keçmiş Lankaster İngiltərə kralı VI Henrinin xanımı Anjulu Marqaritayla ittifaq qurdular. Müttəfiq birlikləriylə döyüşə hazırlanan IV Eduard xanımı və övladlarını təhlükəsizlik səbəbilə London qəsrinə göndərdi. Ancaq bu mübarizədə məğlub edildi və 6 oktyabrda müttəfiqlər Londona daxil oldular. 30 oktyabrda keçirilən mərasimlə VI Henri yenidən taxta çıxarıldı. Mariya bacıları Elizabet və Sesilyayla birlikdə anasının nəzarətində Vestminster abbadlığına gətirildi. Burada bir neçə ay gizləndilər və o əsnada hamilə olan anası Elizabet Vudvil oğlu Eduardı məhz abbadlığın zirzəmisində dünyaya gətirdi.
1471-ci ilin aprelində Londona gələn atası IV Eduard hakimiyyətini bərpa etdi. İlk iş olaraq Vestminster abbadlığında gizlənən ailə üzvlərini buradan çıxararaq öncə anası Sesilya Nevilin mülkünə, daha sonra isə London qəsrinə göndərdi. Ardından şimala yürüş tərtibləyərək müttəfiq qoşunlarını ölkədən qovmaqla məşğul oldu. Lankasterlərin son tərəfdarları da məğlub edildi. Vorvik lordu həlak oldu, Anjulu Marqarita əsir alındı və yeganə oğlu olan Vestminsterli Eduard öldürüldü. Həbs olunan VI Henri isə çox keçmədən tutulduğu zindanda qətlə yetirildi.
1474-cü ilin sonlarında atası IV Eduard Fransa kralı XI Lüdoviklə ittifaq qurdu və bu birlik Yüzillik müharibənin ardından İngiltərə və Fransa arasında qurulan ilk ittifaq oldu. İttifaq şərtlərinə görə, kralın 8 yaşlı qızı Elizabet evlilik yaşına çatanda Fransa kralının varisi dofen Karlla evlənməlidi idi. Ancaq qızcığaz çok kiçik idi və yetkinlik yaşına çatıb-çatmayacağı məlum deyildi. Bu səbəblə, hər hansı bir tərslik olarsa, Mariyanın bacısının yerinə Fransaya göndərilməsi düşünülürdü. Bununla yanaşı, 1481-ci ildə Mariyanın Danimarka kralı I Kristianın oğlu Fridrixlə evlənməsi də müzakirə edildi. Ancaq o əsnada səhhəti pisləşdi və 1482-ci ildə Plasentiya sarayında vəfat etdi. Cənazəsi doğulduğu Vindzor sarayına gətirildi və burada yerləşən Müqəddəs Corc kilsəsində - 2 yaşında vəfat edən qardaşı Corcun yanına dəfn olundu.