Sənin adın[2] və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。?) — Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 2016-cı ildə çəkilmiş elmi fantastika və fentezi anime filmi.[3] Film Şinkay tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilmişdir.[4] Masayoşi Tanaka filmin personaj dizayneridir. Film üçün musiqi Radwimps rok qrupu tərəfindən bəstələnmişdir.
Sənin adın | |
---|---|
Kimi no Na wa. (君の名は。?) | |
| |
Janr | romantik film, fentezi filmi[d] |
Əsas mövzu | Zamanda səyahət |
Rejissor | Makoto Şinkay |
Prodüserlər |
Qenki Kavamura Katsuhiro Takey Koyçiro İto |
Ssenari müəllifi | Makoto Şinkay |
Baş rollarda |
Ryunosuke Kamiki Mone Kamişirayşi |
Operator | |
Bəstəkar | Radwimps |
Montajçı | Makoto Şinkay |
İstehsalçılar |
CoMix Wave Films Distribütor: Toho |
Distribütor | Toho[d], Netflix |
İlk baxış tarixi |
3 iyul 2016 (Anime Expo) 26 avqust 2016 (Yaponiya) |
Filmin növü | anime |
Müddət | 107 dəq. |
Gəlir | 243,1 milyon $[1] |
Ölkələr | Yaponiya |
Dil | yapon |
İl | 2016 |
Rəng | rəngli |
IMDb | ID5311514 |
Vikianbarda əlaqəli mediafayllar |
Film ilk öncə 3 iyul 2016-cı ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo 2016 tədbirində nümayiş etdirilmişdir.[5][6][7] Rəsmi premyerası 26 avqust 2016-cı ildə baş tutmuşdur. Film üçün ilham qaynağı olan roman 18 iyun 2016-cı ildə buraxılmışdır.[8] Anime Expo 2016 tədbirində filmin Funimation tərəfindən lisenziyalaşdırıldığı açıqlanmışdır.[9] Filmin daha 85 ölkə və regionda nümayiş etdirilməsi planlaşdırılır.[10]
Film əsas kişi personaj Taki Taçibana ilə əsas qadın personaj Mitsuha Miyamizunun səhər oyanıb normal həyata davam etmələri ilə başlayır. Taki Tokio şəhərində, Mitsuha isə kiçik qəsəbədə yaşayır. Bir gün Mitsuha liseydəki dostlarından keçən dəfə çox qəribə davrandığını öyrənir, lakin təəccüblü şəkildə, bunları xatırlamır. Mitsuha həm də məbəd qızı – mikodur. O, ağızla hazırlanan düyü şərabı növü olan "Kuchikami-zake" hazırlamaq üçün keçirilən ritualda iştirak edir və nənəsindən kumihimo düzəltməyi öyrənir. Mitsuha buradakı həyatından çox narazıdır, növbəti həyatında Tokioda yaşayan oğlan kimi doğulmağı arzulayır. Digər tərəfdən Taki qadınsayağı xasiyyət göstərdiyini öyrənir və Mitsuhanın onun bədənini bir müddətlik ələ keçirdiyini düşünməyə başlayır.
Tezliklə Taki və Mitsuha bədənlərini dəyişdirdiklərini başa düşürlər və bunun necə baş verdiyini tapmağa çalışırlar. Qeydlər buraxmaqla onlar bir-birilərinin həyatını yaşamağı əyləncəli hesab edirlər. Mitsuka Takiyə onun həmkarı Miki Okuderaya yaxınlaşmaqda kömək edir və onun üçün görüş təşkil edir. Mitsuha Takiyə yaxın zamanda Yerin yaxınlığından keçəcək kometa haqqında danışır, çox həyəcanlandığını, çünki qəsəbə festivalı ilə kometanın görünmə vaxtlarının üst-üstə düşəcəyini bildirir. Taki Mitsuhanın bədənində ikən bir nöqtədə Mitsuhanın nənəsi ondan "sən hələ də yuxu görürsən?" sualını verir və bu andan etibarən onların bədənləri dəyişmir. Taki ilə görüşdə Miki onu tərk edir və başqa Takini tanıdığını deyir. Taki Mitsuha ilə əlaqə saxlamağa çalışır, amma alınmır. Taki sonda onunla şəxsən görüşməyə və qəsəbəsinə getməyə qərar verir.
Qəsəbənin harada yerləşdiyini və necə adlandığını bilməyən Taki ipucu kimi qəsəbənin yaddaşında qalan mənzərəsini çəkir. Taki yaxın dostu Tsukasa Fucii və Miki Okudera ilə Yaponiyanın müxtəlif bölgələrinə səyahət edir. Bir restoranda xidmətçi Takinin eskizlərini tanıyır və ərinin bu qəsəbədən olduğunu bildirir. Əri onu böyük kraterin yanına aparır. Məlum olur ki, İtomori qəsəbəsi 3 il əvvəl düşən kometa nəticəsində məhv olub, əhalisinin böyük hissəsi ölüb. Taki öyrəndiklərindən şoka düşür və ölülərin siyahısından Mitsuhanı, eləcə də, yaxın dostları Katsuhiko Teşiqavaranı və Sayaka Natorini tapır.
Artıq nəyin real olub-olmadığını başa düşməyən Taki Mitsuhanın onun telefonunda buraxdığı qeydlərə baxmaq istəyir, lakin hamısının silindiyini görür. Lakin Taki hələ də Mitsuha və qəsəbəni xilas etmək istəyir. O, dağda yerləşən yeraltı məbədə gedərək Mitsuhanın oraya qoyduğu düyü şərabını içir və Mitsuha ilə yenə bədənlərini dəyişə bilir. Məlum olur ki, bədənlərin dəyişməsi dayandıqdan sonra Mitsuha da Takini axtarmaq qərarına gəlibmiş və bu məqsədlə Tokioya gəlibmiş. Mitsuha sonda onu tapa bilibmiş, lakin bunlar keçmişdə baş verdiyindən Taki onu tanımıyıbmış. Mitsuha Takinin bədənində oyanır və dağdakı məbəddə olduğunu görür. Bu zaman Mitsuhanın bədənində olan Taki də dağa gəlir. Hər ikisi fərqli zaman dilimlərində olduqlarından əvvəlcə sadəcə səslərini eşidirlər, lakin bədənləri yenə dəyişir və bir-birilərini görürlər. Hər ikisi adlarını unutmamaq üçün əllərinə yazmaq istəyirlər, lakin ancaq Taki yaza bilir, Mitsuha adını yazmaq istəyəndə səhər açılır və əvvəlki zaman xətlərinə qayıdırlar. Bu "Katavare-doki"dir (alaqaranlıq vaxtı).[a] Onlar adlarını yada salmaq istəyirlər, lakin xatırlamırlar. Mitsuha Takinin onun ovucuna yazdığı ada baxmaq istəyir, lakin Takinin adı əvəzinə "Səni sevirəm" yazdığını görür və ağlayaraq onu axmaq adlandırır. Mitsuha və dostları qəsəbəni kometanın gəlişindən xilas etməyə çalışır, lakin sonda bunu bacarmadıqları təəssüratı yaranır.
Kometanın düşməsindən 8 il sonra məlum olur ki, Mitsuha və dostları əslində qəsəbəni xilas edə biliblərmiş. Mitsuha və Taki qatarda rastlaşırlar və sanki bir-biriləri tanıdıqlarını hiss edirlər. Bir-birilərinin adlarını soruşmaları ilə səhnə başa çatır.
2017-ci ildə ABŞ-da buraxılması planlaşdırılır.[13] 7 sentyabr 2017-ci ildə Azərbaycanda buraxılması planlaşdırılsa da,[2] daha sonra başqa tarixə qədər təxirə salınmışdır.[14]
Film Yaponiyada böyük uğur qazanmışdır. Film açılış həftəsində 930 milyon ¥ gəlir əldə etmiş (688 min bilet) və gəlir baxımından Yaponiyada birinci yerə yüksəlmişdir. Açılış günü də nəzərə alınmaqla film ümumilikdə 1,28 milyard ¥ gəlir əldə etmişdir.[15] 5 sentyabr 2016-cı ilə kimi – filmin premyerasından cəmi 10 gün sonra filmin Yaponiyada əldə etdiyi ümumi gəlir 3,8 milyard ¥ olmuşdur.[16] 11 sentyabr 2016-cı ilə kimi filmin əldə etdiyi gəlir 6,2 milyard ¥ olmuş və distribütor Toho-nun təxmin etdiyi gəliri (6 milyard ¥) ötmüşdür.[17] Dördüncü həftəsində film yenə mövqeyini əldən verməmiş, əldə etdiyi gəlir 9,1 milyard ¥-ə çatmış və 10 milyard ¥-dən çox qazanc əldə edən ilk qeyri-Ghibli anime filmi olmuşdur.[18] 23 sentyabr 2016-cı ildə filmin cəmi 28 gün içində 10 milyard ¥ gəlir etdiyi açıqlanmışdır.[19] Beşinci həftəsində film yenə zirvədə qalmış, 637.000 bilet sataraq 860 milyon ¥, ümumilikdə isə 11,1 milyard ¥ gəlir əldə etmişdir. Beləliklə film 2016-cı ildə Yaponiyada ən çox gəlir əldə edən film olmuşdur.[20] Düz ardıcıl 9 həftə Yaponiya kinoteatrlarının ən yaxşı filmi olmuş "Sənin adın" 10-cu həftəsində mövqeyini "Ölüm dəftəri: Yeni dünyanı işıqlandırmaq" filminə vermişdir. Lakin 11-ci həftəsində yenidən mövqeyinə qayıtmışdır.[21]
"Sənin adın" anime filmi ən çox gəlir əldə edən 4-cü anime filmi və 4-cü Yaponiya filmidir. Həmçinin Yaponiyada ən çox gəlir əldə edən 7-ci filmdir.[21]
Film Tayvanda 21 oktyabr 2016-cı ildə nümayiş etdirilməyə başlanmış və 31 oktyabra qədər 52.909.581 Tayvan dolları (1.683.785 ABŞ dolları) gəlir əldə edərək Tayvanda ən çox gəlir qazanan Yaponiya filmi olmuşdur.[22]
2016-cı ilin noyabrında Funimation "Sənin adın" filminin Oskar mükafatının "Ən yaxşı animasiya filmi" kateqoriyasında namizəd siyahısında olduğunu açıqlamışdır.[23]
Mükafat və nominasiyalar | |||||
---|---|---|---|---|---|
İl | Mükafat | Kateqoriya | Namizəd | Nəticə | |
2016 | 49-cu Sices Film Festival[24] | Ən yaxşı animasiya filmi | Sənin adın | Qazandı | |
60-cı BFİ London Film Festivalı[25] | Ən yaxşı film | Sənin adın | Namizəd | ||
18-ci Puçxon Beynəlxalq Animasiya Festivalı[26] | Xüsusi Fərqlənmə Mükafatı | Sənin adın | Qazandı | ||
Auditoriya mükafatı | Sənin adın | Qazandı | |||
29-cu Tokio Beynəlxalq Film Festivalı[27] | Ariqato mükafatı | Makoto Şinkay | Qazandı | ||
7-ci Newtype Anime Mükafatı[28] | Ən yaxşı anime filmi | Sənin adın | Qazandı | ||
41-ci Hoçi Film Mükafatı | Ən yaxşı film | Sənin adın | Namizəd | ||
29-cu Nikkan Sports Film Mükafatı | Ən yaxşı film | Sənin adın | Namizəd | ||
Ən yaxşı rejissor | Makoto Şinkay | Qazandı | |||
44-cü Enni mükafatı[29] | Ən yaxşı animasiya (müstəqil) | Sənin adın | Gözlənilir | ||
Animasiyada görkəmli uğur, rejissorluq | Makoto Şinkay | Gözlənilir | |||
2016 Los-Anceles Film Tənqidçiləri Assosiasiyası Mükafatı[30] | Ən yaxşı film | Sənin adın | Qazandı | ||
2017 | 21-ci Peyk mükafatı[31] | Ən yaxşı animasiya və ya qarışıq media | Sənin adın | Gözlənilir |