Yunis Qurbanəli oğlu Orucov (21 dekabr 1977, Zəngibasar rayonu) — Azərbaycan əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, tərcüməçi.
Yunis Orucov | |
---|---|
Yunis Qurbanəli oğlu Orucov | |
![]() | |
Doğum tarixi | 21 dekabr 1977 (46 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Fəaliyyət illəri | 1996-cı ildən |
Mükafatları |
![]() ![]() ![]() |
Üzvlüyü |
Yunis Orucov 1977-ci il dekabrın 21-də Ermənistan SSR-nin Masis rayonunda (keç. Zəngibasar, daha əvvəl isə Uluxanlı) anadan olub. 1984-cü ildə ailəsi ilə Azərbaycana köçüb, əvvəlcə Şirvan, daha sonra Bakı şəhərində məskunlaşıblar. Yunis Orucov Şirvan şəhərindəki 13 saylı orta məktəbin məzunudur.
1994-cü ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsinə daxil olan Yunis Orucov 1998-ci ildə bakalavr, 2000-ci ildə isə magistr pilləsini bitirib. "Türk xalqlarının mədəniyyəti XI–XV əsrlərdə" mövzusunda magistr dissertasiyası müdafiə edib.
2001–2002-ci illərdə Azərbaycan silahlı qüvvələrində hərbi xidmət keçib.
Yunis Orucov tələbəlik illərindən mətbuata gəlib. Onun ilk iş yeri "Yeni Azərbaycan" qəzeti olub. 90-cı illərin sonundan başlayaraq qəzetdə bir çox mövzularda maraqlı məqalələri dərc olunan Yunis Orucov 2006-2022-ci illərdə televiziya sahəsində fəaliyyət göstərib. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) müxbir, şef-redaktor, baş redaktorun müavini, informasiya proqramları departamentinin direktor müavini və direktoru vəzifələrində çalışıb.[1] O, xəbər işi ilə yanaşı, ictimai-siyasi, iqtisadi, sosial və mədəniyyət mövzularında bir çox sənədli televiziya filmlərinin ssenari müəllifidir. O, həmçinin böyük tamaşaçı rəğbəti qazanan "Jurnalist araşdırması" verilişinin müəllifi və aparıcısı olub. İndiyə qədər Qafqaz İslam Ordusuna, XX əsrin 30–50-ci illərdəki repressiya dövrünün əsas həbs düşərgələri olan KARLAQ və ALJİR-ə, Nargin adasının tarixinə, Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin beynəlxalq miqyasda tanınmasının 100 illiyinə, Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi işğal və soyqırım siyasətinə, "Başlıbel faciəsi"nə, "Tunel qətliamı"na və digər mövzulara həsr olunan çoxsaylı verilişlər və sənədli filmlər hazırlayıb.
Yunis Orucov "Nargin — saralmış kədər" və "Boraltan — azadlığın tələsi" tarixi romanlarının müəllifidir. Yunis Orucov həmçinin Orxan Pamukun “Qar” və Yunus Şenin “Xəzərin qanı” romanlarını dilimizə tərcümə edib.
Ailəlidir, iki övladı var.