Zəngibasar rayonu, Masis rayonu — Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Zəngibasar mahalı ərazisində rayon. Mərkəzi Uluxanlı şəhəridir.
Rayon | |
Zəngibasar rayonu | |
---|---|
İnzibati mərkəz | Uluxanlı |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 31.12.1937 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi | 76 172[1] (1989) nəfər |
İlk dəfə 1937-ci il, dekabrın 31-də, ikinci dəfə isə 1969-cu il yanvarın 14-də yaradılıb. Rayon mərkəzi Uluxanlı (dəyişdirilmiş adı Masis) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 20 km-dir.[2]
Rayonun indiki ərazisi VII–XI əsrlərə qədər ərəb işğalı altında olmuşdur. XI əsrdən Səlcuq türklərinin, 1230-cu ildə monqol-tatarlarının tabeliyində olmuşdur. XVI əsrdən Çuxur Səd bəylərbəyliyinin, XVIII əsrdən XIX əsrin əvvəllərinə kimi İrəvan xanlığının tərkibinə, XlX əsrdən XX əsrin 20-ci illərinə qədər İrəvan quberniyasının İrəvan qəzasının tərkibinə daxil edilmişdir.[3]
Zəngibasar mahalı özünün Uluxanlı (sonradan Zəngibasar və Əzizbəyov adına məktəb) məktəbi ilə Azərbaycan tarixində mühüm yer tutur. 1887-ci ildə Cəlil Məmmədquluzadə bu məktəbdə işləmək üçün təyinat almış və uzun müddət burada çalışmışdır.
1937-i ilə qədər rayonun kəndləri əsasən Üçkilsə rayonu və Qəmərli rayonu arasında bölünmüşdür. 1937-ci il dekabrın 31-də Qəmərli rayonundan 18, Üçkilsə rayonundan isə 14 kənd ayrılaraq ümumi sahəsi 170 kv km olan Zəngibasar rayonu yaradılmışdır. Qədim Uluxanlı kəndi də adı dəyişdirilərək Zəngibasar rayonu adı ilə mərkəz elan edilmişdi.
Zəngibasar rayonunun kəndlərindən 21-də ancaq azərbaycanlılar, 6-da çoxu azərbaycanlılar olmaqla həm də ermənilər, 5 kənddə isə yalnız ermənilər yaşayırdılar. Vaxtilə Uluxanlıda 5, Zəngi, Şöllü, Qaraqışlaq, Mehmandar, Hacı Elləz kəndlərinin hər birində 2 məscid olub. Cəfərabad kəndində isə XIII əsrin yadıgarı olan günbəzli türbə olub. 1948–1951-ci illərdə Rəncbər kəndi istisna olmaqla bütün kəndlərinin azərbaycanlı əhalisi Azərbaycana köçürüldü. Lakin Stalinin ölümündən sonra azərbaycanlı əhali öz dədə-baba yurdlarına dönsə də artıq boş evlərdə məskunlaşan ermənilər yerli azərbaycan türklərini Elləz, Göykümbət, Arbat və digər kəndlərə buraxmırlar.
1988-ci ilə kimi azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Haçapara, Qaraqışlaq, Dəmirçi, Sarvanlar, Rəncbər, Donuzyeyən, Həbilkənd, Yuxarı Neçili, Aşağı Neçili, Rəhimabad, Mehmandar, Şöllü, Uluxanlı və s.
XIX əsrin əvvəllərində İrəvan xanlığı 15 mahaldan – Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd-Parçenis, Səədli, Talin, Seyidli-Axsaqqallı, Sərdarabad, Körpübasar, Abaran, Dərəçiçək və Göyçə mahallarından ibarət idi. Xanlığın mərkəzini – İrəvan şəhərini 1804–1813-cü illərdə ruslar ələ keçirmək üçün iki dəfə cəhd göstərmişdilərsə də, buna nail olmamışdılar.
1828-ci ildə Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsinə əsasən Şimali Azərbaycanın Naxçıvan və İrəvan xanlıqları ərazisində Erməni vilayəti təşkil edilmişdir. Cəmisi 25 min erməninin yaşadığı həmin ərazilərə İran və Türkiyədən kütləvi surətdə ermənilər köçürülmüşdü ki, vilayətin etnik tərkibi ermənilərin say üstünlüyü ilə nəticələnsin və bununla da erməni vilayətinin inzibati-ərazi bölgüsü möhkəmləndirilsin.
Ermənilərin İran və Türkiyədən indiki Ermənistan ərazisinə kütləvi surətdə köçürülməsi ilə paralel olaraq erməni vilayətinə daxil edilən İrəvan əyalətinin Qırxbulaq, Zəngibasar, Körpübasar, Vedi, Şərur, Sürməli, Dərəkənd-Parçanis, Saatlı (Səədli), Talin, Seyidli-Ağsaqqallı, Sərdarabad, Gərnibasar, Abaran, Dərəçiçək, Göyçə (bir hissəsi) mahallarının, Naxçıvan əyalətinin Əlincəçay, Məvazixatun, Xok, Naxçıvan, Dərələyəz mahallarının, Ordubad dairəsinin Ordubad, Əylis, Dəstə, Biləv və Çənnəp mahalları türklərinin əksəriyyəti əsasən Türkiyə və İrana köçməyə məcbur olmuşlar.
1930-cu illərdə Vedinin, Zəngibasarın, Qəmərlinin, Dərələyəzin, Ağbabanın və digər bölgələrin əlli mindən artıq türk əhalisi ailəliklə Qazaxıstan SSR-in çöllərinə sürgün edilmişdilər. Sərt iqlim və bərbad mənzil şəraitinə uyğunlaşa bilməyən əhalinin xeyli hissəsi tələf olmuşdu.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Yuxarı Çarbağ | … | |
Bulaqlı | Həbilkənd | … |
Həbilkənd | Kalinin | … |
Hacı Elləz | Darakert | … |
Şöllü | Mehmandar | 03.01.1935 |
Donuzyeyən | Zəngilər | 03.01.1935 |
Haçapara | Zəhmət | 03.01.1935 |
Xaraberd | Nor Qyank | 04.07.1938 |
Cəfərabad | Arqavand | 04.04.1946 |
Kəllərə | Qukasavan | 01.12.1949 |
Ağahəmzəli | Marmaraşen | 25.05.1967 |
Təzəkənd | Ayntap | 10.09.1970 |
Ağcaqışlaq | Getapiya | 25.01.1978 |
Aşağı Neçili | Sayat-Nova | 25.01.1978 |
Qaraqışlaq | Dostluq | 25.01.1978 |
Yengicə | Norabats | 25.01.1978 |
Yuxarı Neçili | Nizami | 25.01.1978 |
Mehmandar | Hovtaşat | 25.01.1978 |
Xarratlı | Arevabuyr | 25.01.1978 |
Şöllü | Daştavan | 25.01.1978 |
Zəngilər | Zorak | 1991-ci il |
Sarvanlar | Sis | 1991-ci il |
Dostluq | Hayanist | 1991-ci il |
Dəmirçi | Darpnik | 1991-ci il |
Zəhmət | Xaçpar | 1991-ci il |