Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu Aslanov (1858, Şuşa – 1938, Bakı) — Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq.
ZƏKƏRİYYƏ BƏY ASLANOV | |
---|---|
Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu Aslanov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Şamaxı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | repressiya |
Həyat yoldaşı | Əzizə xanım Şıxhəsən bəy qızı Vəlibəyova |
Uşaqları | Əmir bəy, Teymur bəy, Nadir bəy adlı oğulları, Sona xanım və Mina xanım qızları |
Təhsili | Zaqafqaziya Müəllimlər Seminariyası |
Fəaliyyəti | pedaqoq |
Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa şəhər məktəbini bitirmiş və Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuşdu. Seminariyanı tamamladiqdan sonra Şuşa qəzasının Gülablı və Ağdam Zemstvo məktəbində müəllim işləmişdi. Sonradan Bakı şəhərinə köçmüş, 1912–1915-ci illərdə 4-cü rus-müsəlman məktəbində dərs demişdi.
Zəkəriyyə bəy 1906–1907-ci illərdə çağrılan Qafqaz müəllımləri qurultayında iştirak etmişdi.
Zəkəriyyə bəy Aslanov həm də xeyriyyəçiliklə məşğul idi. Maarifçi-demokratik səciyyəli "Dəbistan" jurnalı maddi çətinliklə üzləşəndə onun nəşrini davam etdirmək üçün ona köməklik göstərənlər arasında Z. Aslanov da vardı.
Zəkəriyyə bəy Aslanov həvəskar aktyor idi. Müəllim işlədiyi dönəmdə Azərbaycan teatr sənətinin təbliğatçılarından birinə çevrilmişdi. O, Ağdam Zemstvo məktəbində çalışarkən müəllim yoldaşları ilə Şuşa şəhər məktəbinin kasıb şagirdlərinin nəfinə təşkil etdikləri tamaşalardan 152 manat 40 qəpik əldə etmişdilər.
O, "Dağılan tifaq", "Nadanlıq", Nadir şah", "Müsibəti Fəxrəddin", "Gavə" pyeslərinin tamaşaya qoyulmasında yaxından iştirak etmişdi. Obyektiv səbəblər teatrlara mane olurdusa da, Z. Aslanovun və onun həvəckar dostlarının Azərbaycan teatrını inkişaf etdirmək səyini qıra bilmirdi. Zəkəriyyə bəy Aslanov Süleyman Sani Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Nəriman Nərimanov, Mirzə Muxtar Məmmədov, Əbdüləli bəy Vəlibəyov, Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, Əbdürrəhim Rzayev, Mirzə Ələkbər Axundov, Zərgər Aslan, Muxtar Hüseynov, Nəcəfqulu bəy Vəliyev, Əbülfət Vəli, Bədəl bəy Bədəlbəyli, Dərya bəy Aslanov, Rəsul bəy Tahirov və başqaları o dövrdə Azərbaycan teatrında həvəskar aktyor kimi müxtəlif rollarda çıxış edən ziyalılar idi. N. Nərimanov Z. Aslanovun aktyorluq qabiliyyətinə yüksək qiymət vermişdi. O, Səfərəli bəy Vəlibəyovla dostluq edirdi.
Zəkəriyyə bəy Əzizə xanım Şıxhəsən bəy qızı Vəlibəyova ilə ailə qurmuşdu. Əmir bəy, Teymur bəy, Nadir bəy adlı oğulları, Sona xanım və Mina xanım adli qızları vardı.