Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Qurani-Kərimin dörd surəsində Zəkəriyyanın (ə) adı zikr olunubdur. Həmin surələr "Ali-İmran", "Ənam", "Məryəm" və "Ənbiya" surələridir. "Ənam" surəsində yalnız o Həzrətin başqa peyğəmbərlərin adları arasında gətirilib. Lakin qalan üç surədə Zəkəriyyanın (ə) bəzi əhvalatı haqqında da ayələr nazil olubdur. "Ali-İmran" surəsində İmranın qızı və İsanın (ə) anası Məryəmi öz öhdəsinə götürməsi, Allahdan övlad istəməsi, Yəhyanın dünyaya gəlməsini mələklər ona müjdə verməsi və buna aid başqa məsələlər belə zikr olubdur:
Zəkəriyyə | |
---|---|
Doğum tarixi | e. ə. I əsr |
Doğum yeri | |
Vəfat tarixi | I əsr |
Vəfat yeri | |
Uşağı | |
Fəaliyyəti | keşiş |
Vikianbarda əlaqəli mediafayllar |
"Zəkəriyya Məryəmin himayədarlığını öz üzərinə götürdü. Zəkəriyya mehraba Məryəmin yanına getdiyi zaman onun yanında naz-nemətli ruzilərin olduğunu görürdü. Ona deyirdi:
-"Ey Məryəm, bu ruzi sənin üçün haradandır?" Məryəm deyirdi:
-"Allah tərəfindəndir. Allah istədiyi hər kəsə hesabsız ruzi verir." Burada Zəkəriyya Pərvərdigarını çağırıb dedi:
-"Pərvərdigara, mənə öz tərəfindən pak bir övlad bağışla. Sən duaları eşidənsən (istəkləri qəbul edənsən)." Allahın mələkləri ona mehrabda namaz qıldığı zaman səslədilər: -"Allah sənə Yəhya adında övlad müjdəsini verir və o, Allah kəlməsini təsdiqləyəndir. Layiqlilərdən olan peyğəmbər, dözümlü və ağadır." Zəkəriyya (təəccüblə) dedi: -"Pərvərdigara! Mənim qoca və həyat yoldaşımın sonsuz olduğu halda mənim necə oğlum ola bilər!" Allah buyurdu: -"Belə olacaq və Allah istədiyi hər şeyi edəcək." Zəkəriyya dedi: -"Pərvərdigara! Mənim üçün nişanələr (əlamətlər) göstər (ki, bu hadisə nə vaxt baş verəcək)!" Allah buyurdu: -"Sənin üçün nişanə budur ki, adamlarla nişanələrdən başqa üç gün söz danışmazsan, Pərvərdigarını çox xatırlayıb gecə yarısı və səhər tezdən ona təsbih oxuyarsan."
1) Beytül-Müqəddəsin xidmətçiləri və ruhaniləri Məryəmin himayədarlığı üçün püşk atdılar. Püşk Zəkəriyyanın adına çıxdı və o, Məryəmi öz öhdəsinə götürdü. Bu haqda geniş məlumat verəcəyik.
2) Zəkəriyya Allahın Məryəmə etdiyi rəhmət və verdiyi fəziləti görəndən sonra özü üçün övlad istədi. Zəkəriyya Məryəmin Allah yanındakı məqamını müşahidə edirdi. Hər vaxt Məryəmin mehrabına (namaz qıldığı yerə) gəlirdi, onun yanında Allahın göndərdiyi ruzini görürdü. Zəkəriyyanın övladı olmadığı üçün Allahdan pak övlad istəyərək onun üçün Allahdan Məryəmin məqamı kimi məqam dilədi. Allah taala ona bir oğlan uşağı müjdəsini verdi və buyurdu ki, o, camaatın hamısından çox İsaya (ə) oxşayacaq. Bunun da şərhi Yəhyanın (ə) əhvalatında gələcək.
3) Yuxarıdakı ayələrdən belə məlum olur ki, Yəhyanın adını Allah taala özü qoyubdur. Necə ki, "Məryəm" surəsinin ayələri də bunu sübut edir.
4) Zəkəriyyanın Allahdan nişanə və əlamət istəməsinin səbəbi haqda bir neçə nəzəriyyə vardır. Bəzi alimlər deyiblər: -"Səbəbi bundan ibarət idi ki, Zəkəriyya bilmək istəyirdi bu xitab və müjdə Rəhman Allahın öz müjdəsidir, yoxsa şeytanın vəsvəsəsidir."
Lakin başqa alimlər bu nəzəriyyəni irəli sürürlər ki, ilahi peyğəmbərlər məsum (günahsız) olduqları üçün heç vaxt belə fikirləşmirlər. Onlar belə bir şəkk edə bilməzlər. Ümumiyyətlə, şeytanın onlara əli çatmır və şəkkə sala bilmir. Buna görə də deyirlər: -"Zəkəriyya həyat yoldaşının nə vaxt uşağı dünyaya gətirəcəyi üçün bir əlamət istədi. Həmin nişanə və əlamət öz qohum-əqrəbasına Allahın ona verdiyi müjdənin nə vaxt həyata keçəcəyini xəbər vermək istəyirdi."
5) Nişanə və əlamətin necə olduğu haqda da fikircə fərqli sözlər deyilibdir. Allah taala Zəkəriyyaya buyurdu ki, üç gün işarə və rəmzdən başqa yolla camaat ilə danışma. Bu əlamətin necəliyi barədə alimlər ixtilaf edirlər. Yəni bu suallar qarşıya çıxır ki, Zəkəriyya bu işdə məcbur idi, ya ixtiyarlı? Həmin üç gündə Zəkəriyyanın dili Allahın fərmanıyla işdən düşdü və yalnız işarə ilə camaatla danışa bilirdi, ya bu cümlələr dini bir hökm idi? Yəni bu yolla Allah taala Zəkəriyyaya hökm verdi ki, müjdə həyata keçəndən sonra ona şükür etmək məqsədiylə üç gün "sükut" orucu tutsun? Yoxsa, Zəkəriyya özü Allahdan istədi ki, həmin nemətə şükür məqsədilə onun üçün vəzifə və bir ibadət təyin etsin? Nəhayət, Allah taala da ona "sükut" orucu tutmağı əmr etdi. Lakin ikinci nəzəriyyəni ayədən başa düşmək və Allahın kəlamıyla uyğunlaşdırmaq çətindir. Necə ki, "Məryəm" surəsinin ayəsi ilə də uyğun gəlmir. Birinci nəzəriyyənin düzgünlüyü həqiqətə uyğun gəlir.
"Məryəm" surəsində Zəkəriyya haqqındakı ayələrin tərcüməsi bundan ibarətdir:
"Bu xəbər sənin Pərvərdigarının öz bəndəsi Zəkəriyyaya olan rəhmətidir. Allahını gizli çağırdığı zaman dedi: -"Pərvərdigara! Sümüklərim süstləşib, saçlarım qocalıqdan ağarıb. Amma sənin duan barəsində isə, Allahım, heç vaxt məhrum və bədbəxt olmamışam. (Etdiyim hər duanı qəbul etmisən). Özümdən sonrakı varislərimdən nigaranam. Həyat yoldaşım sonsuzdur. Mənə öz qəbul etdiyim duanı əta et (və mənim işlərimin icraçısı olan övlad ver) ki, mənim və Yəqub nəslinin varisi olsun. Onu özün bəyəndiyin və ondan razı qalacağın kimi et. (Ona dedik:) "Ey Zəkəriyya! Biz sənə adı Yəhya olacaq bir oğlan uşağının müjdəsini veririk. Bundan öncə onunla eyni adlı (ya onun kimisi) olmamışdır." Zəkəriyya dedi: -"Allahım, mənim qocalıqdan zəifləyib, qadınımın isə sonsuz olduğu bir halda mənim necə oğlum ola bilər?" Allah taala buyurdu: -"Bəli, sənin Pərvərdigarın bunu deyir, bu iş mənim üçün asandır. Mən sənin özünü (heç nə olduğun halda) bundan əvvəl yaratdım (yəni səni puçluqdan həyat verdim)." Zəkəriyya dedi: -"Allahım! Mənim üçün əlamətləri göstər!" Allah buyurdu: -"Əlamətlər bunlardır: "Tam üç gecə heç kəslə söz danışma! Beləliklə də Zəkəriyya öz qövmünün yanına gəlib onlarla işarə ilə danışdı. (İşarə və əlamətlərlə dedi) ki, səhər tezdən və gecələr təsbih desin."
"Ənbiya" surəsində də Zəkəriyya haqqında qısa məlumat verilibdir. Allah taala iki ayədə belə buyurur:
"…Allahını səsləyən Zəkəriyyanı xatırla ki, belə deyirdi: -"Pərvərdigara, məni tənha qoyma! Əlbəttə, Sən bütün varislərdən yaxşısan." Biz duasını qəbul etdik, Yəhyanı ona bağışladıq və qadınını (hamiləlik dövrünə) layiqli etdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edərdilər və bizim qarşımızda təvazökar idilər."
Bu həzrət Zəkəriyya haqqındakı ayələrin tərcüməsinin qısa izahı idi.
Tarixçilər və müfəssirlərin nəzərincə Zəkəriyya "Bəni-İsrail" peyğəmbərlərindən biri və Harunun övladlarından idi.
Atasının adı Bəlxiya və həyat yoldaşı İşadır. Deyirlər ki, İşa Məryəmin xalası idi. Lakin bəziləri onu Məryəmin bacısı bilirlər. Amma birinci söz daha da məşhurdur.
Məryəmin atası İmran nəzr etmişdi ki, övladı dünyaya gəlsə, onu kilsədə xidmətçi qoyacaq. Məryəm dünyaya gəldi. O, Məryəmi Məscidül-Əqsaya gətirdi. Onu kilsənin rəhbərləri və ruhanilərinə tapşırdı. Lakin bəzi tarixçilər bu əqidədədirlər ki, Məryəm dünyaya gəlməmiş İmran vəfat etdi. Dünyaya gələndən sonra anası "Hənət" onu ağ parçaya büküb kilsə ruhanilərinə tapşırdı. Kilsə ruhaniləri Məryəmin üstündə bir-biriylə mübahisəyə qalxdılar. Bu vaxt ruhanilərin rəisi Zəkəriyya irəli gəlib dedi: -"Mən onun öz himayəmə götürməyə daha ləyaqətliyəm. Çünki Məryəmin xalası mənim həyat yoldaşımdır." Lakin ruhanilər onun sözünə qane olmayıb dedilər: -"Əgər ləyaqətli olub-olmamaq dəlil olsaydı, anası onu saxlamağa hamıdan üstündür. İndi isə püşk atırıq. Kimin adı çıxsa, uşağı onun öhdəsinə qoyacağıq."
Onlar on doqquz nəfər idilər. Püşk atmaq üçün su arxının yanında xüsusi yer var idi. Həmin yerə gəldilər. Həmişəki kimi öz əlamətli oxlarını suya atdılar. Zəkəriyyanın oxu suyun üstünə qalxaraq püşk onun adına çıxdı və Məryəmi saxlamağı öz öhdəsinə götürdü. Zəkəriyya Məryəmi evə, xalasının yanına gətirdi. Məryəm süd və uşaqlıq dövrünü Zəkəriyyanın evində xalasının himayəsi altında keçirtdi. Böyük qız olandan sonra Zəkəriyya onun üçün məsciddə ibadət otağı düzəltdi. Otağın qapısından içəri daxil olmaq üçün nərdivandan istifadə olunurdu. Zəkəriyyadan başqa heç kəs Məryəmin yanına getmirdi. Onun yemək-içməyini Zəkəriyya özü aparırdı.
Hər vaxt Zəkəriyya Məryəmin otağına daxil olurdu, onun yanında cürbəcür meyvə görürdü. Qışda yay meyvəsi və yayda qış meyvəsini Məryəmin otağında müşahidə edirdi. Zəkəriyya soruşanda bu meyvələr haradan gəlir, o cavab verirdi:
-"Allah tərəfindən. Allah hər kəsə istəsə zəhmətsiz ruzi yetirər!"
Zəkəriyyanın o vaxta qədər uşağı yox idi. Həyat yoldaşı İşanın uşağı olmadığı üçün övladı olmağa ümidi yox idi. Ola bilsin ki, buna görə də narahat idi. O, bu mənzərəni görəndən sonra yenidən övlad fikrinə düşdü. Xüsusiylə, Zəkəriyya özündən sonra hikmət və dini qoruyub saxlayan bir şəxsin arzusunda idi. Lakin onun və İşanın ömrünün çoxu keçdiyi, cavanlıq dövrünün arxada qaldığı üçün, həmçinin İşanın sonsuz olduğuna görə, tədricən naümid olurdu. Amma Zəkəriyya gördü ki, heç bir adi vasitə və səbəblər olmadan Allah taala Məryəm üçün cürbəcür meyvələr, yeməklər göndərir. Ümid çırağı qəlbinə işıq saldı və öz keçmiş arzusu fikrinə düşdü. Zəkəriyya öz-özünə dedi: -"Qış meyvəsini yayda və yay meyvəsini qışda Məryəm üçün göndərməyə qadir olan Allah, bizim qoca vaxtımızda da bizə uşaq verməyə qadirdir."
Elə burada da ehtiyac əllərini Allah dərgahına qaldırıb ondan pak və ləyaqətli övlad istədi. Çox keçmədi ki, onun duası qəbul oldu və mələklər həyat yoldaşı İşadan Yəhyanın dünyaya gəlməsini ona müjdə verdilər.
Zəkəriyya bu xəbəri eşitməklə hədsiz sevindi. Lakin onun yüz iyirmi və həyat yoldaşının doxsan səkkiz yaşı olduğuna görə xatircəm olmaq üçün soruşdu: -"Mənim bu yaşımda övlad sahibi olmağım necə mümkündür?"
Ya da o, bu sualla bilmək istəyirdi ki, onun uşağı İşadan olacaq, ya başqa bir qadından. Mələklər Allahın qüdrətini onun yadına salandan sonra xatircəm oldu. Həyat yoldaşına və başqalarına bu xəbəri vermək istədiyinə görə, uşaq olmamışdan qabaq Allahdan bir əlamət istədi. Əvvəldəki ayələrin tərcümə və təfsirindən məlum olduğu kimi, Allah taala bu işin əlamətini ona dedi. O, gərək üç gün rəmz və işarələrlə camaatla söhbət edərdi. Diliylə danışmağa haqqı yox idi. Allahın ona verdiyi vədə həyata keçdi. Yəhya dünyaya gəldi. Bir hədisə görə müjdədən beş il keçəndən sonra Yəhya anadan oldu. Yəhya elə həmin ilk uşaqlıq çağlarından mehriban Allahın lütfündən bəhrələnərək peyğəmbərlik məqamına yetişdi və ən böyük zahidlərdən oldu. O, Allaha ibadət etməkdə fəal və ciddi idi.
Həzrət Zəkəriyya çox vaxtını Allaha ibadət, camaata moizə və öyüd-nəsihət etməkdə keçirdirdi. O, bu işini dövrün zalım padşahının hökmü ilə oğlu Yəhyanın qətlinə qədər davam etdirdi. Zəkəriyya padşahın qorxusundan şəhərdən çıxdı. Beytül-Müqəddəs şəhərinin ətrafındakı bağlardan birində gizləndi. Şahın məmurları onu axtarmaq üçün bağa daxil oldular. Orada bir ağac var idi. Zəkəriyya həmin ağacın arasında gizlənmişdi. İnsan surətinə düşmüş şeytan şahın məmurlarına bələdçilik edərək həmin ağacın yanına gətirdi. Mişarla ağacı iki yerə böldülər. Zəkəriyya peyğəmbər də ağacın arasında iki yerə bölündü. Bəzi tarix kitablarında Zəkəriyyanın Beytül-Müqəddəsdən çıxmağının səbəbini, yəhudilərin o həzrətə böhtan atmasını bilirlər. Yəhudilər ona böhtan atdılar ki, Məryəmlə zina edibdir. Çünki ondan başqa heç kəs Məryəmin yanına getmirdi. Məryəm də əri olmadan hamilə olmuşdu. Yəhudilər dedilər: -"Bu uşaq Zəkəriyyadandır." Şeytan da bu şayiəni yaymaqda kömək edərək yəhudiləri Zəkəriyyanın əleyhinə qaldırdı. Zəkəriyya şəhərdən çıxmağa məcbur oldu və həmin bağa pənah apardı. Lakin yəhudilər həzrətin dalınca gəlib ağacın arasında onu şəhid etdilər. Həmin ağac yəhudilərin yanında müqəddəs idi. Buna görə də onlar ağacı kəsmək istəmirdilər. Lakin şeytan onları təhrik edib ağacı kəsdirdi. Sonra Allah taala Yəhya və Zəkəriyyanın qanının intiqamını almaq üçün insanların ən xəbisini onların canına saldı. Onların çoxunu o iki peyğəmbərin qanını almaq intiqamı bəhanəsiylə cəhənnəmə vasil edərək Beytül-Müqəddəsi viran etdi. Həzrət Zəkəriyya və Yəhya Beytül-Müqəddəsdə dəfn olundu.