Zəylik alunit yatağı

Zəylik alunit yatağı — dünyada ən böyük alunit yataqlarından biri ola­raq, filizləşmənin miqyasına, yaranma şəraitinə və layşəkilli yatımına görə çox nadirdir və Azərbaycan Respublikasının və dünyanın başqa yataqla­rından kəskin surətdə fərqlənir. Yataq Daşkəsən sinklinalının orta və üst yura vulkanogen və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş şimali-şərq qanadında yerləşir və sənaye ehtiyatları 170 mln. tondan çoxdur.

Zəylik alunit yatağı
Yerləşdiyi yer
Ölkə
Koordinatlar 40°10′11″ şm. e. 46°34′49″ ş. u.HGYO

Minerallar paragenezinə alunit, kaolinit (dikkit), kvars, xalsedon, pirofillit, serisit, diaspor, züniit, korund, hematitflüorit daxildir. Hipergen minerallardan qalluazit, limonit, tək-tək hallarda isə kalsit, gips və başqa­larına rast gəlinir.

Yataq Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km məsafədə yerləşir.[1] Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri və istismar edilən yeganə alunit yatağıdır.[2]

Zəylik alunit yatağı Gəncə Gil-Torpaq Kombinatının mineral-xammal bazası kimi[3] 1964-cü ildən istismar olunur 1990-cı ilin əvvəllərinə qədər istismar olunmuşdur. Yatağın qalıq ehtiyatları 160 mln. tondan çoxdur. Yataq SSRİ ərazisində alüminium xammalı kimi istismar olunan yeganə yataq olmuşdur.[4] Hər il alunitdən  200 min ton gil-topraq, 385 min ton sulfat turşusu, 78 min ton kalium gübrəsi alınırdı və o illərdə əsasən Krasnoyarsk və Irkutsk alüminium zavodlarına göndərilirdi.[1]

Alunit filizləri üst yura yaşlı tufogen çöküntülərdə intişar tapmışlar və lay formalı iki filiz qatı ilə təmsil olunurlar. Filizlər əsasən alunitdən və kvarsdan ibarətdir. Alunitin miqdarı 10-80% arasında dəyişməklə, yataq üzrə orta miqdarı-53%-dir. Alunit filizləri Respublika üzrə ümumi filiz ehtiyatlarının 29,7% -ni təşkil edir.[1]

Yatağın ən cəlbedici amillərindən biri də odur ki, alunit filizlərinin tərkibində nüvə reaktorlarında, təyyarə və raket texnikasında, ərinti birləşmələrində istifadə edilən vanadium və qallium metalları vardır.[1]

  • Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
  1. 1 2 3 4 Azərbaycan Coğrafiya Cəmiyyəti, AZƏRBAYCANIN FAYDALI QAZINTILARI, 2023-02-03 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2023-12-24
  2. Səfərov, Elnur. Kiçik Qafqazın faydalı qazıntı yataqları. Bakı: "Apostrof" nəşriyyatı. 2012. 23.
  3. Cəfərov, Allahverdi. "Milyonlar səltənəti...Vanadium və qallium kimi metallarımız da var". Zaman. 8–9 fevral 2011. səh. 9.
  4. Azər Şükürov. "Ağır sənaye. Dağ-mədən sənayesinin Azərbaycan iqtisadiyyatında yeri və rolu" (PDF). Geo strategiya. 5 (11). 2012: 32-35. 2023-07-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-24.