Zeyd ibn Əli

Zeyd ibn Əli (ərəb. زَيْد ٱبْن عَلِيّ‎) — Əli ibn Hüseynin oğlu və Hüseyn ibn Əlinin nəvəsi idi. Öldürüldüyü Əməvilər xilafətinə qarşı uğursuz bir qiyama başçılıq etdi.[1] Bu hadisə Əli ibn Hüseyndən sonrakı imam olaraq qəbul edən Şiə İslamın Zeydilik məzhəbinin yaranmasına səbəb oldu. Buna qarşılıq olaraq böyük qardaşı Məhəmməd əl-Baqir On iki imam şiəliyiİsmaili şiələrinin sonrakı imamıdır. Buna baxmayaraq, o, şiələr tərəfindən mühüm inqilabçı şəxs və İslamın bütün məktəbləri, sünnilər və şiələr tərəfindən şəhid hesab olunur. Onun ölümünə və bədəninin vəhşicəsinə göstərilməsinə görə qisas çağırışı Abbasilərin inqilabına kömək etdi.[2]

Zeyd ibn Əli
زيد بن علي
ƏvvəlkiZeynülabidin
SonrakıYəhya ibn Zeyd
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Mədinə
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Fəaliyyəti imam, ilahiyyatçı, fəqih, mühəddis, müfəssir, inqilabçı
Atası Əli ibn Hüseyn Zeynülabidin
Anası Cayda əl-Sindhi
Həyat yoldaşı Rayta binti Abdullah ibn Məhəmməd ibn əl-Hənəfiyyə
Uşaqları Həsən ibn Zeyd, Yəhya ibn Zeyd, Hüseyn ibn Zeyd, İsa Məvtamul İsball, Məhəmməd ibn Zeyd
Dini İslam
Elmi fəaliyyəti
Elm sahəsi fiqh, təfsir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zeyd din alimi idi. Ona müxtəlif əsərlər, o cümlədən Musnad əl İmam Zeyd, bəlkə də İslam hüquq qanunlarının ən erkən bilinən əsəridir. Ancaq təyinatı mübahisəlidir; bunlar, ehtimal ki, erkən Kufə ​​qanunu ənənəsini təmsil edir.[2][3]

Onun nəsil şəcərəsi Məhəmməd peyğəmbərə (s) qədər yüksəlir. Zeydin atası Əli Zeynul-Abidin, babası isə Həzrət Peyğəmbərin (s) nəvəsi və Raşidi xəlifə Əli ibn Əbu Talibin (ə) oğlu Hüseyn ibn Əli (ə) olmuşdur. Buna görə müsəlmanların çoxu (o cümlədən zeydilər) onu peyğəmbərin ailə üzvünün nümayəndəsi (əhli-beyt) kimi tanıyırlar.

Onun atası Əli Zeynül-Abidin zamanəsinin ən savadlı adamlarından biri, fiqh və hədislərin mükəmməl bilicisi idi. Zeyd də bu elmləri gənc yaşlarından öyrənməyə başlamışdır. Onun elmlə maraqlanması hər şeydən əvvəl ailə ənənəsindən irəli gəlirdi. Bundan başqa, Mədinədə Həzrət Məhəmməd peyğəmbərin (s) səhabələri də yaşayırdı və Zeyd onlarla görüşürdü. Bu amil də onun seçiminə təsir etmişdir. Peyğəmbər ailəsindən olduğuna görə o, çoxlu hədis bilicisi və ötürücüsü olmuşdur.

Zeyd ibn Əlinin dünyagörüşü təkcə Mədinədə formalaşmamışdır. O, səyahət edir, başqa yerlərdə də elm öyrənirdi. Məsələn, Bəsrədə olarkən mötəzililiyin yaradıcısı Vasil ibn Əta ilə görüşmüşdür.

Zeyd ibn Əli peyğəmbər nəslinin başqa üzvləri kimi xalq arasında böyük hörmət qazana bilmişdir. Hakim sülalənin idarəçiliyi ilə razılaşmayan bir çox adamlar özlərini onların tərəfdarları (şiələri) hesab edirdilər. Lakin bəzi hallarda peyğəmbər ailə üzvlərinin yaşadıqları Mədinədən uzaqda və onlarla bilavasitə ünsiyyətdə olmadıqlarına görə, bu adamların şiə olduqları haqqında bəyanatları yalnız sözdə idi, deklarativ xarakter daşıyırdı. Bəzən isə onlar özlərini şiə adlandırsalar da, peyğəmbər ailə üzvlərinin əqidəsinə zidd baxışlarla çıxış edir, öz fikirlərini əhli-beytin mülahizələri kimi qələmə verirdilər. Məhz bu cür olaylar Əməvilərin peyğəmbər nəslinə qarşı təqiblər etməsinə gətirib çıxarmışdır.

Xəlifə Hişam ibn Əbdül-Malikin (105/724–125/743) hakimiyyəti dövründə şiə təbliğatı Məvarənnəhr və Xorasanda güclənmişdi. Bu da öz növbəsində peyğəmbər nəslinə qarşı hakimiyyətin təqiblərini gücləndirmişdi. Əməvilərin cəsusları Zeyd ibn Əlindən də çox şübhələnirdilər. Amma bu şübhələr əsassız idi, çünki Zeyd Xilafətin siyasi həyatında iştirak etməyib günlərini elmi fəaliyyətdə keçirirdi. Buna baxmayaraq, o, xəlifənin canişinləri tərəfindən təhqirlərə məruz qalırdı. Sonda şübhələrdən və təhqirlərdən doymuş Zeyd, xəlifə Hişamın hüzuruna gedib öz mövqeyini açıqlamaq istəmişdir. Amma xəlifə onu dinləməkdən boyun qaçırmışdır.

Bundan sonra Zeyd, Hişam istibdadına qarşı açıq çıxış etməkdən başqa heç bir yolun qalmadığı qərarına gəlmişdir. Bu məqsədlə onu dəstəkləyən Kufə şiələrinin yanına getmişdir. Bəzi mənbələrə görə, orada təxminən 15 min insan ona sədaqət andı içmişdir. Eyni zamanda, tarixçilər yazırlar ki, peyğəmbər nəslinin bir çox üzvləri Zeydi üsyan fikrindən çəkindirmək istəmiş, babası Hüseynə (ə) xəyanət etmiş kufəlilərə etibarsızlıq göstərməyə çağırmışlar. Lakin qorxmaz Zeyd fikrindən dönməmişdir.

Zeyd ibn Əli tərəfdarları ilə söhbətlərində peyğəmbər ailə üzvlərindən heç kimin Raşidi xəlifələr Əbu Bəkr (r.a) və Ömər (r.a) haqqında pis fikirdə olmadıqlarını açıq bildirmişdir[mənbə göstərin]. Zeyd demişdir ki, onlar xalq tərəfindən sevilən və dəstəklənən qanuni xəlifələr olmuşlar[mənbə göstərin]. Amma onun sözlərinə görə, peyğəmbər ailəsinin nümayəndələri hakimiyyətə onlardan daha çox layiq idi. Bu tipli söhbətlərdə kufəlilər ona peyğəmbər ailəsindən olmayanların hakimiyyətlərini qanuni hesab etdiyi təqdirdə, niyə Əməvilərə qarşı qiyam qaldırmışdır sualını verəndə isə, Zeyd, Əməvilərin ilk Raşidi xəlifələrdən fərqli olaraq, zülmkarlıqlarını əsas gətirmişdir. Bu söhbətdən sonra kufəlilərin çoxu ondan ayrılaraq, Cəfər Sadiqi imam elan etmişlər. Beləliklə, küfəlilər növbəti dəfə verdikləri sözdən qaçmış, babası Hüseyn ibn Əlidən (ə) yayındıqları kimi Zeyddən də ayrılmışlar.

Son məqamda onunla yalnız 400 nəfər qalmışdı; o bu kiçik güvvə ilə Kufəyə yaxınlaşan Əməvi ordusuna qarşı çıxmışdır. Doyüş zamanı dəstə məğlub olmuş, Zeyd ibn Əli şəhid düşmüşdür. Xəlifə Hişamın əmri ilə onun meyiti qəbrdən çıxarılıb Kufədə dirəkdən asılmışdır. Dirəkdə bir-neçə gün asılı qalandan sonra cəsəd yandırılmış, külü isə havaya sovrulmuşdur.

İslam əxlaqına zidd olan bu cür hədsiz qəddarlıq xalq arasında böyük narazılığa səbəb olmuşdur. Zeydin faciəli ölümündən sonra Əməvilərin nüfuzu sürətlə enməyə başlamışdır. Eyni zamanda, bu hadisədən siyasi məqsədləri üçün istifadə etmiş Abbasilərin təbliğatı güclənmişdir. Zeydin babası Həzrət Hüseynin (ə) faciəli ölümü də Əməvilərin Süfyanilər qolunun enməsi ilə nəticələnmişdir. O zaman hakimiyyət Əməvilərin başqa bir qoluna – Mərvanilərin əlinə keçmişdir. Zeydin ölümü isə Əməvi sülaləsinin hakimiyyətdən kənarlaşdırılması prosesini sürətləndirmişdir. Onun ölümündən on il sonra Əməvi hakimiyyəti devrilmişdir. Bununla kifayətlənməyən qiyamçılar ölən Əməvilərin cəsədlərini (o cümlədən xəlifə Hişamın cəsədini) qəbirlərindən çıxarıb yandırmışlar.

Qeyd edildiyi kimi Zeyd ibn Əli Xilafətdə peyğəmbər ailəsindən olmayanların da hakimiyyətlərini qanuni saymışdır. Bununla belə o deyirdi ki, xəlifənin əhli-beyt nümayəndələrindən seçilməsi daha yaxşıdır. Xəlifənin qanuniliyini təsdiqləyən əsas şərt onun xalq tərəfindən dəstəklənməsi və ədalət tərəfdarı olmasıdır.

Zeyd ibn Əli imami şiələrdən fərqli olaraq ilk xəlifələr: Əbu Bəkr və Ömərin hakimiyyətlərini şəriətə uyğun hesab etmiş, amma Əli ibn Əbu Talibin xəlifə kimi Məhəmməd peyğəmbər tərəfindən təyin edilməsini təsdiqləməmişdir. Zeydə görə, Həzrət Əli və Həzrət Fatimənin uşaqları olan Həzrət Həsən və Həzrət Hüseynin nəslindən hər bir ləyaqətli şəxs xəlifə seçilə bilər; bu seçim başqalarının seçilməsindən daha yaxşıdır. Lakin başqa adam seçilsə də, onun hakimiyyəti qanuni olur.

Şiələrin çoxu əhli-beytin günahsız olmasına inanırlar. Lakin Zeydin bunu təsdiq etməsi haqqında heç bir məlumat yoxdur. Amma bəzi zeydi qrupları gələcəkdə Həzrət Əlinin, onun həyat yoldaşı Həzrət Fatimənin və övladları Həzrət Həsən və Həzrət Hüseynin günahsız olduqlarına inanmışdılar.

Zeyd ibn Əli Qiyamət hadisələrindən öncə dünyanı xilas edən "gizli" imamın (qaimin) gəlişi haqqında da heç bir şey söyləməmişdir. Amma şiələrin çoxu buna inandıqlarına görə, bəzi zeydi qrupları da sonralar bu inancı qəbul etmişlər.

Zeyd İlahi qərarın (bədə) "dəyişməsini" də qəbul etməmişdir. Lakin bu da bir çox şiə qrupları arasında yayılmışdır. Onlar deyirdilər ki, əgər imam eyni şey haqqında fərqli qərar verirdisə, deməli onları ilhamlandıran Allah qərarını "dəyişdirmişdir".

Zeyd ibn Əli böyük günah etmiş müsəlmanların küfrlə iman arasında olduqları fikrini dəstəkləmiş, bununla da mütəzililərin mövqelərinə yaxınlaşmışdır. Amma mütəzililərdən fərqli olaraq o, tövbə etməyən günahkarların əbədi olaraq Cəhənnəmdə qalması inancını qəbul etməmişdir. İlahi tale və insanın iradə azadlığı probleminə gəldikdə, Zeydin fikrincə, hər kəs etdiyi əməllərə görə məsuliyyət daşımalıdır. İnsan isə öz əməllərini Allahın ona verdiyi qüdrət vasitəsə ilə reallaşdırır. Etdiyi yaxşı işləri Allah dəstəkləyir, pisləri isə dəstəkləmir.

  1. Esposito, John L., redaktorZayd ibn Ali // The Oxford Dictionary of Islam. Oxford University Press. 2003. ISBN 9780199891207.
  2. 1 2 Madelung, Wilferd. Zayd b. ʿAlī b. al-Ḥusayn // P. Bearman, Th. Bianquis, C.E. Bosworth, E. van Donzel, W.P. Heinrichs (redaktorlar ). Encyclopaedia of Islam, Second Edition. Oxford University Press. 2012. ISBN 9789004161214. 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.
  3. Katz, Stanley N., redaktorIslamic Schools of Sacred Law: Shiʿi Schools: The Zaydi School of Law // The Oxford International Encyclopedia of Legal History. Oxford University Press. 2009. ISBN 9780195336511. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]