Zeyn Malik (tam adı: Zeyn Cavadd Malik; 12 yanvar1993, Bredford, İngiltərə) — Böyük Britaniya müğənnisi. Bütün zamanların ən məşhur oğlan qruplarından biri olan “One Direction”ın üzvü olmuşdur.
Zeyn Malik 2015-ci ildə qrupla yollarını ayırmaq qərarına gəlmişdir. Zeyn 2016-cı ildə özünün solo debüt albomu olan “Mind of Mine”ı təqdim etmişdir. Bu albom “Pillowtalk” sinqlına görə məşhurdur. Onun digər sənətçilərlə ifa etdiyi, bütün dünyada hitə çevilən mahnıları da var: “I Don't Wanna Live Forever” (Teylor Svift ilə) və “Dusk Till Dawn” (Sia ilə). Zeyn 2018-ci ildə “Icarus Falls” adlı ikinci studiya albomunu buraxıb. Onun üçüncü albomu “Nobody Is Listening” 2021-ci ildə işıq üzünə çıxıb.
Zeyn müxtəlif mükafarlara namizəd göstərilib və bəzilərini qazanıb: bir “American Music Award” və bir “MTV Video Music Award”. Zeyn Malik yeganə sənətçidir ki, iki dəfə Billboard Musiqi Mükafatında “İlin Yeni Sənətçi” mükafatını qazanıb. O, ilk dəfə 2013-cü ildə One Direction qrupunun üzvü kimi bu mükafatı qazanmışdı, sonra isə 2017-ci ildə solo ifaçı kimi yenidən qalib olub.
Zeyn Cavad Malik 12 yanvar 1993-cü ildə İngiltərənin Vest-Yorkşir qraflığındakı Bredford şəhərində anadan olub.[3][4][5] Onun atası olan Yaser Malik Pakistandan İngiltərəyə köçmüş müsəlmandır, anası isə ingilis və irland mənşəlidir. Zeynin anası evləndikdən sonra İslam dinini qəbul etmişdir.[6][7][8] Zeynin Doniya, Waliyha və Safaa adlı üç bacısı var. Aralarında ən böyüyü olan isə Doniyadır.[9]
Zeyn Malik aşağı təbəqəli mühitdə böyüyüb.[10] Yeniyetmə ikən aktyorluq dərsləri alıb və məktəb tamaşalarında çıxış edib.[11] Zeyn uşaq yaşlarında atasının sahib olduğu albom disklərinə qulaq asardı. Onun dinlədiyi mahnılar əsasən R&B, hip-hop və reqqi janrlarından ibarət idi. Zeyn məktəbdə oxuyarkən rep mahnıları yazıb oxuyurdu.[12] Bir dəfə müğənni Cey Şon onun məktəbini ziyarətə gələndə Zeyn şansından istifadə edərək səhnədə çıxış etmişdir.[13] Zeyn iki il müddətinə, 15–17 yaşlarında boksla məşğul olub.[14] Musiqi karyerasına başlamazdan əvvəl ingilis dili üzrə təhsil almağı və müəllim olmağı qarşısına məqsəd qoymuşdu.[15]
Zeyn Malik bilinqualdır. Həm ingilis, həm də urdu dillərində sərbəst danışır. O, həmçinin ərəb dilində oxumağı bilir və başa düşür.[16]
Zeyn bildirib ki, o, təkcə dini mənsubiyyətinə görə seçilmək istəmir və insanların onu müsəlman olaraq deyil, özü kimi görməsini istəyir. O, bir dinə və ya mədəniyyətə bağlı olmaqdansa, daha çox şəxsiyyət kimi tanınmağı üstün tutur.[17] Zeyn Malik 2018-ci ildə müsəlman olmadığını açıqlayıb.[18][19]
Zeyn Malik “One Direction” qrupunda fəaliyyət göstərərkən qidalanma pozuntusu ilə mübarizə aparmasından danışmışdır.[20] O bildirib ki, konsert turları zamanı işin çoxluğu, o cümlədən stres onda bunun yaranmasına gətirib çıxarıb: “Mən günlərlə, bəzən hətta iki və ya üç gün ümumiyyətlə heç nə yemədən davam edirdim”. Zeyn xüsusilə səhnədə təkbaşına canlı çıxış etməzdən əvvəl narahatlıq keçirdiyini də əlavə edib. O, deyir ki, təşvişin dərəcəsi bəzən o qədər yüksək olurmuş ki, buna görə konsert turlarını ləğv etmək məcburiyyətində qalıb.[21][22][23]
Onun Manhettendəki SoHo məhəlləsində mənzili var və əvvəllər Los-Anceles və Londonda evləri olub, lakin 2018-ci ildə onları satıb.[24][25]
Zeyn Malik 2011-ci ilin dekabrında “Little Mix” qrupunun ifaçısı Perri Edvardsla romantik münasibətə başlayıb.[26] Onlar 2013-cü ilin avqustunda nişanlanıblar və 2015-ci ilin avqustunda ayrılıblar.[27]
2015-ci ilin sonunda Zeyn Malik amerikalı model Cici Hadid ilə münasibət qurub. Onların münasibətlərində yenidən bir araya gəldikləri və olmadıqları vaxtlar olub. Cici Zeynin “Pillowtalk” mahnısı üçün klipə çəkilmişdi.[28][29] Həmçinin, onlar 2017-ci ilin avqustunda “Vogue” jurnalının üz qabığı üçün birlikdə fotosessiya etdiriblər.[30]
Zeyn və Cicinin 2020-ci ilin sentyabrında qız uşağı dünyaya gəlib.[31][32] Cütlük vaxtının böyük hissəsini Pensilvaniya ştatının Baks qraflığındakı ferma evində yaşayaq keçirirdi. Zeyn at və inək saxlayırdı.[33] Cicinin anası Yolanda və bacısı Bella da orada torpaq sahibi idi.[34] 2021-ci ilin oktyabrında cütlük münasibətlərinə son qoyub. Cicinin anası Zeynin Cicini döydüyünü iddia edir. [35][36] Məhkəmə sənədlərində deyilir ki, Zeyn Cicini tutub şkafın içərisinə salaraq həm ruhi, həm də fiziki zərər verib.[37] Anası Zeynin nalayiq və təhqiramiz dildən istifadə etdiyini də bildirib.[38] Pensilvaniya məhkəməsi Zeyn Malikə qəzəb və məişət zorakılığı problemlərində kömək almaq üçün proqramlarda iştirak etməsini tələb edib.[39][40]
↑"Zayn (2016 Cover Story)". Complex. 17 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2016. Interviewer: "You've been tight-lipped about your relationship with Gigi Hadid. You're a huge pop star and the person you're with is also very much in the spotlight. Are you getting used to it?" Malik: "Nah. I try to keep the two very separate. I try to, as much as I can. But there's only so much you can do."