Xaşlama
“Xörək növü”nün adıdır. “Ət soyutması, bozartma” mənasında Qərbi Azərbaycanın Vedi, Zəngibasar şivələrində işlənir. (10, 184)
Türkiyə türkcəsində bu söz haşlama, Azərbaycan türkcəsində xaşlama, başqırd türkcəsində bişkən (bişirilgən) it, qazax türkcəsində pişirilgen (pişken) et, qırğız türkcəsində bışkan et, kaynatkan et, özbək türkcəsində dimləmə, tatar türkcəsində pişkən (pişirilgən) it, türkmən türkcəsində qaynatma, uyğur türkcəsində pişirilgən qoş (33, 318-319) şəkillərində işlənir.
Qədimlərdə bu söz ”ətdən hazırlanan xörək” mənasında, “haşlama” şəklində işlənmişdir. “Haşlama” sözü osmanlı dilində “suda bişirilmiş”, “pörtlədilmiş” mənalarında işlənmişdir: haşlama at = suda bişirilmiş ət.(20, 1773)
“Haşlama” sözü “xaşlama” şəklində Azərbaycan dilində işlənir. Məs: xaşlama ət. “Xaşlama ət” ətin (inək, qoyun, quzu, keçi və s.) suda bişirilməsidir. Buna ətin pörtlədilməsi də deyilir (3, 33)
Osmanlı dilində “haşla ( xaşla) sözü də işlənmişdir. Bu söz “qaynar suyu, qaynadılmış suyu, dağ suyu tökmək, axıtmaq” və “pörtmək, pörtləmək ” mənalarını bildirmişdir (20, 1773)
B. Xəlilovun fikrincə, Azərbaycan dilindəki “xaşlama, xaş, aş” sözləri eyni kökdəndir (3, 33)