XƏLVƏTİLƏR
sufi təriqətlərindən birinin davamçılarıdırlar. Bu təriqətin adı Əbu Abdullah Siracəddin Ömər ibn Əqmələddin Xəlvətiyə (800/1397-ci ildə vəfat etmişdir) ilə bağlıdır. Onun müəllimi əmisi Kəriməddin Xəlvəti olmuşdur. Ömər Xəlvəti xəlvətə çəkilmək ayininə böyük əhəmiyyət verdiyindən bu yol xəlvətilik adlandırılmışdır.
Bu yolun mənəvi varislik silsiləsi Əli ibn Əbu Talibə gedib çıxır. İranın Şimal və Qərbində, eləcə də Azərbaycanda geniş yayılmışdır. Xəlvətiliyin ikinci müəllimi Azərbaycanın görkəmli sufisi Cəlaləddin Yəhya Şirvani Bakuvi (868/1464-cü ildə vəfat etmişdir) olmuşdur. O, Şamaxıda doğulmuş, Bakıda vəfat etmişdir. Onun, eləcə də davamçısı olmuş Nəsirəddin Dədə Ömər Aydıninin xəlvətilik ideyaları Azərbaycan və İranda geniş yayılmışdır. Türk Qaraqoyunlu və Ağqoyunlu sultanları onları dəstəkləmişdirlər. Sonra xəlvətilik Osmanlı imperiyasında da yayılmışdır. Onları I Süleyman və I Səlim kimi türk sultanları xüsusi dəstəkləmişdirlər. Buna görə xəlvətiliyin davamçıları imperiyanın müxtəlif yerlərində, eləcə də Balkanlarda da geniş yayılmışdır.
Ancaq, X/XVI əsrlərdə İranda və Azərbaycanda güclənmiş Səfəvilər xəlvətiliyi sıxışdırıb ortadan çıxarmışdırlar. Türkiyədə xəlvətilik 1925-ci ilə qədər fəaliyyət göstərmiş, sonra isə onların təkkələri bağlanmışdır.
İndi xəlvəti təriqətinin mənsubları Misir, Şimali Afrika, Sudan, Yaxın Şərq, Balkanlar, Avropa və Amerikada vardırlar.
Bu təriqətin yalnız ilk dövrlərində Təbrizdə yerləşən bir mərkəzi olmuşdur.
Sonra isə xəlvətilik müxtəlif şeyxlərin başçılıq etdiyi kiçik icmalara bölünmüşdür.
Onların adətləri və mərasimləri bir-birlərindən fərqlənirlər. Xəlvətiliyin 30 yaxın qolu vardır.
Xəlvətilik təlimində İbn Ərəbinin vəhdəti-vücud anlayışı önəmli yer tutur.
Təriqətdə üç gündən qırx günə qədər xəlvətə çəkilmə adəti vardır. Xəlvətilərin mənəvi yolunda zikrlər, rabitə, sükut, aclıq təcrübələri də nəzər çarpır. Xəlvətilikdə yuxuların yozumuna da böyük əhəmiyyət verilir.