Yanma
Yanma – ekzotermik reaksiya nəticəsində ilkin maddələrin intensiv istilik ayrılması ilə müşayiət olunan, yandırılma məhsullarına çevrilməsi ilə gedən mürəkkəb fiziki-kimyəvi prosesdir. İlkin maddə qarışığının komponentlərində toplanmış kimyəvi enerji istilik şüalanması və işıq kimi də ayrıla bilər.İşıqlanan zona alov cəbhəsi və ya sadəcə alov adlanır.
== Tarixi ==
1770-ci ilin əvvələrində Karl Şeele və Jozef Pristli oksigeni kəşf edənədək belə hesab olunurdu ki, yana bilən bütün cisimlər “floqiston” adlanan xüsusi başlanğıca malikdir ki, bu da yanma prosesində cisimdən çıxır və yalnız kül qalır. 1775-ci ildə Lavuazye göstərdi ki, əksinə, yanar maddəyə yanma zamanı havanın oksigeni birləşir, 1783-cü ildə isə Lavuazye və Laplas müəyyən etdilər ki, hidrogenin yanma məhsulu təmiz sudur.
Bu kəşflər yanmanın təbiətinə müasir elmi baxışların əsasını qoymuş oldu. Yanma nəzəriyyəsinin inkişafında növbəti addım Millar və Le Şatelyenin 1880-ci illərdə apardıqları işlərlə əlaqədardır. 1890-cı ildə Mixelsen alovun boruda yayılması haqqında elmi iş dərc etdirdi və Bunzen lampasının nəzəriyyəsni təklif etdi.
Müasir yanma nəzəriyyəsi öz başlanğıcını N.N. Semyonovun 1920-ci ildə istilik partlayışı üzrə apardığı işlərdən alır. 1931-ci ldə N.N. Semyonov tərəfindən əsası qoyulmuş Kimyəvi Fizika İnstitutu kimyəvi fizika və yanma üzrə aparıcı mərkəz oldu. 1938-ci ildə D.A. Frank-Kamenskiy istilik partlayışı nəzəriyyəsini və J.B. Zeldoviçlə birgə əvvəlcədən qarışdırılmış qarışıqlarda [8] laminar alovun yayılması nəzəriyyəsini inkişaf etdirdi.