Ülüş
Yemək növünün adıdır. Yuxanın və ya lavaşın arasına halva qoyulmaqla hazırlanır. Bu söz “ülüş” formasında Salyan, Quba dialektlərində, Sabirabad şivəsində “arasına halva qoyulmuş yuxa, lavaş” mənasında “ürüş” şəklində isə Ağdam, Şuşa şivələrində həmin mənada işlənir: - Qəbrsandıqda ürüş verdilər camata (Salyan); -Qoşunuz bizə bir ülüş halva verdi (Sabirabad); -Yas yerində həriyə bir ürüş halva verdilər. (Şuşa); -Yanı o xərtənə ölü oldux kun, bir ürüş halvanı da yeə bilmədix? (Ağdam) (1, 399)
Qərbi Azərbaycanın Qarakilsə şivəsində “ülüş” sözü “hay” mənasında işlənir. Qədim türk dilində “ülüş” sözü işlənmişdir və “pay, hissə” mənasını bildirir (8, 132).
“Ülüş” sözü müasir dilimizdə işlənən “pay-pülüş” qoşa sözünün tərkibində öz izlərini qoruyub saxlamışdır. Fikrimizcə, qədim türk dillərində “ülüş” sözü “ülütmək, udmaq, yemək” anlamlarında işlənmişdir. “Ül” və “-üş”, yəni kök+ şəkilçi modeli əsasında yaranmış bu sözün şəkilçi komponenti tarixi dövrlərdə olduğu kimi, müasir dilimizdə də feillərin kökünə artırılaraq hərəkətin adını bildirən isimlər düzəltməyə xidmət göstərir. Məs: gülüş, uçuş, baxış, görüş və s. “Ülüş” sözü Mahmud Kaşğarinin “Divan”ında “ülük//ülüğ// ülüt” şəkillərində işlənmiş və “pay, hissə, nəsib, xalq arasında təqsim” mənalarında olmuşdur. Məs.: “ülüş: budun (xalq) arasında pay ayırmaq” (8, 132).
“Ülük hissə, pay, qismət” (8, 140)
“Bilik kişi ara ülüklüğ ol” = bilik adamlar arasında bölüşdürülmüşdür” (8, 486)
“Ülüş” sözü Əhməd Yəsəvinin “Divani hikmət” əsərinin dilində də işlənmişdir.