Üçrəng gecə şəbpərəsi
Üçrəng gecə şəbpərəsi (lat. Myotis emarginatus) — kiçik ölçüyə malik yarasa olaraq Gecə yarasaları cinsinə aid növdür. Onların çəkisi 5–10 q, uzunluğu 44–55 mm, quyruğun uzunluğu isə 38–44 mm təşkil edir. Qanadlar arasında məsafə 22–28 sm-dir.
Şimali Afrikadan Hollandiyaya kimi, Almaniyanın, Çexiyanın və Polşanın cənubuna qədər, Ukraynanın qərbində, Krımda, Qafqazda, İranda, ön və orta Asiyada, Əfqanıstanda və Birmada, Bütün Aralıq dənizi sahili boyunca ərazilərdə yayılmışdır. Azərbaycanda d.s.1000 metrə qədər hündürlükdə bütün təbii bölgələrdə və əsasən ölkənin şimal-qərbində quru və meşə landşaftlarında üstünlük təşkil edir.
80%-ə qədər tapıntı Aran zonalarda və dağətəyi rayonlarda aşkar olunmuşdur. Lənkəranətrafı ərazidə balalayan fərdlərdən ibarət toplantıda 1000-ə yaxın yetkin dişi cins, Mingəçevir ətrafındakı ərazilərdəki meşə mağaralarında isə 500-dən çox fərdə təsadüf edilmişdir. Sığınacaqlar müxtəlifdir. Böyük Qafqazda qədim Daş tikililərdə bu növlə yanaşı, Böyük nalburuna da təsadüf edilir.