Əhrar Partiyası (Azərbaycan)
Əhrar (Azadlıqsevər) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş siyasi partiya.
== Haqqında ==
1918-ci ilin payızında Bakıda yaradılmışdı. Sədri Aslan bəy Qardaşov idi.
=== Parlament və hökumətdə ===
Əhrarın fəaliyyəti, əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan eyni adlı fraksiya çərçivəsində keçirdi. Fraksiyanın üzvləri Aslan bəy Qardaşov, Rəşid bəy Qaplanov, Abdulla bəy Əfəndizadə, Qərib Kərim oğlu, Bayram Niyazi Kiçikxanlı və başqaları idilər.Əhrarın bəyannaməsi Abdulla bəy Əfəndizadə tərəfindən dekabrın 26-da Parlamentin iclasında açıqlandı. Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması alqışlanmaqla yanaşı, Hökumətin fəaliyyəti tənqid edilirdi. Əhrar aqrar islahatlarla bağlı mülkədar torpaqlarının kəndlilər arasında bölüşdürülməsi, fəhlə məsələsində isə 8 saatlıq iş günü, əməyin mühafizəsi tələblərinin tərəfdarı idi. Xarici siyasət sahəsində qonşu respublikalarla dostluq münasibətlərinin qurulmasına və inkişaf etdirilməsinə üstünlük verən partiya, Azərbaycan xalqı ilə yanaşı, bütün Qafqaz xalqlarının müstəqilliyinin və onların hüquqlarının müdafiə edilməsinin vacibliyinə xüsusi diqqət yetirirdi.
1919-cu il aprelin 14-də Əhrar fraksiyasından Rəşad bəy Qaplanov maarif və dini etiqad naziri, Aslan bəy Qardaşov isə əkinçilik naziri kimi Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi I Yusifbəyli hökumətinə daxil oldular.
Aqrar islahatların keçirilməsinin ləngidilməsinə görə Hökuməti tənqid edən sosialistlərə Əhrar fraksiyası da qoşulmuşdu.