"Heydər Əliyev" mükafatı
Heydər Əliyev Mükafatı — Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət təltifi.
Mükafatın 2004-cü il 10 mart tarixli 38 nömrəli Fərmanla təsis edilməsi ilə əlaqədar qərar alınmasına baxmayaraq, əsasnaməsi 2007-ci il 20 sentyabr tarixli 628 nömrəli Fərmanla ilə təsdiq edilmişdir.
== Haqqında ==
Mükafatın 25 bənddən ibarət əsasnaməsində göstərilir ki, Heydər Əliyev Mükafatı ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni sahələrdə xüsusi xidmətlərə, dövlət qulluğunda xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka, Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsində fərqlənməyə, beynəlxalq münasibətlərdə dostluq və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə görə verilir.
Hər il verilən əlli min manat (50.000) məbləğində olan Mükafat mütəmadi olaraq hər il mayın 10-da — Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin doğulduğu gündə dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən verilir. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
Mükafat Azərbaycan vətəndaşlarına, həmçinin xarici ölkələrin vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilə bilər.
Komissiya müstəqil balansa, müvafiq bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. Komissiyanın fəaliyyətinin maliyyələşdirilməsi isə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Komissiyanın tərkibi və sayı Azərbaycan Respublikasının Prezidenti tərəfindən beş il müddətinə müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yenidən təşkil və ləğv edilə bilər.