1. Üzərində yazı yazılan, yazı çap edilən, rəsm çəkilən, yaxud başqa məqsədlər üçün işlədilən, ağac kütləsindən və s.-dən hazırlanan xüsusi material.
– Pul qalmadı, baxmışam hesabə; Getdi qələmə, kağız, kitabə.
Susuram önündə o şeriyyətin; Ürəyim dolsa da, ağ qalır kağız.
□ Divar kağızı – evin divarlarına çəkilən üzü naxışlı və ya şəkilli kağız.
Papiros (cığara) kağızı – tütün bükmək üçün zərif, yumşaq kağız növü.
Sumbata kağızı – bax sumbata.
Suçəkən (suqurulayan) kağız – bax suçəkən.
Şirli kağız – şəkil çəkmək və ya yazı yazmaq üçün üzəri parlaq maddə ilə örtülü kağız növü.
// Həmin materialın bir vərəqi, bir parçası. Bir kağız ver, ərizə yazım.
– [Mirzə Səfər] stulda əyləşib, qarşısına bir vərəq kağız qoyub, qələm götürdü.
[Mirzə Mehrəli] kağızı dizinin üstə sıxışdıraraq gözlüyün üstündən baxa-baxa yazdı…
Oturmuş qapıda məktəbli bir qız; Əlində bir qələm, bir parça kağız.
2. Məktub. Kağız yazmaq. Kağız göndərmək.
– [Mərcan bəy:] Üçüncü dəfə gördüm, tab gətirə bilmədim və bu kağızı sənə yazdım.
Qoy qara kağızım olsun; O kitab dostlara, tanışlara.
3. Rəsmi mahiyyətdə olan hər cür yazılı sənəd. Yaş kağızı. İşıq kağızı. Mərkəzdən kağız gəldi.
– [Məmmədcəfər:] Bu birinci kağızlar ki görürsən, qardaşlarımdan ayrılıq kağızlarımdır.
[Gəldiyev] direktor gələndə kağızları kargüzara verdi, imza üçün göndərdi…
// Təliqə.
[Aslan bəy:] Qulu, o yerin kağızını aldınmı? Tapşırmışdım hazır eləsinlər.
// İltizamnamə. Dilindən kağız vermək.
// Arayış, yazılı məlumat.
Məmməd Həsənoviç bir məsələ üçün yüz yerdən kağız istərdi…
4. Adətən cəm şəklində: kağızlar – qiymətli kağızlar (aksiya, istiqraz, banknot və s). Kağızlar qiymətdən düşür.
5. Qumar oynamağa məxsus xüsusi surətdə hazırlanmış kağız parçaları topası; kart. Kağızı kim paylayacaq? Kağızı kəsmək.
6. sif. mənasında. Kağızdan hazırlanmış, kağızdan düzəldilmiş. Kağız kisə.
– Qoltuqlarında kağız qovluğu və ya portfel olan çinovniklər, vəkillər girib-çıxırdılar.
□ Kağız pul – kağızdan kəsilmiş pul, kredit bileti.
Xəlilin atasından bir balaca, iki otaqdan ibarət ev və iyirmi iki manat kağız pul qalmışdı.
[Məşədi] gündən-günə qiymətdən düşən kağız pulun müqabilində gündən-günə qiymətə minən dupduru qızıl alırdı.
◊ Kağız kimi – ağappaq, qar kimi, lap ağ.
Kağız kimi ağarmaq – rəngi qaçmaq (çəkilmək), sifəti ağappaq olmaq. Gövhər qarı gizlincə Şahnaza baxdı.
Qızın rəngi kağız kimi ağarmışdı.
Kağız üzərində qalmaq – həyata keçməmək (keçirilməmək), yerinə yetirilməmək, icra olunmamaq.
Kağızını almaq dan. – boşanmaq.
Kağızını vermək dan. – boşamaq.
[Güllü:] Kağızımı ver, kəbinim halal, canım azad.
Dilindən kağız vermək – rəsmən öhdəsinə götürmək.