Fikrət Verdiyev (2 sentyabr 1947, Kirovabad – 22 dekabr 2022[1], Bakı) — Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2022-ci ildən).
Fikrət Verdiyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 2 sentyabr 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 22 dekabr 2022[1] (75 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Mükafatları |
Verdiyev Fikrət Süleyman oğlu 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. Ailələrində musiqiçinin olmamasına baxmayaraq, çox kiçik yaşlarından balaca Fikrətdə sənətə maraq yaranır. 1957-ci ildə Gəncə şəhər 1 saylı musiqi məktəbində tar sinfinə gedir. 1962-ci ildə məktəbi bitirərək Qənbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə daxil olur. Təhsilini davam etdirə-etdirə Gəncə Pioner və Məktəblilər Sarayında və Mədəniyyət evində özfəaliyyət kollektivlərinə rəhbərlik edir.
13 yaşında səhnədə həm solo, həm də ansamblla çıxışlar edən Fikrət uşaqlıq yaşlarından müstəqil ansambl yaratmaq arzusunda olur. Hətta 1960-cı ildə Bakıda respublika üzrə pioner və məktəblilər sarayı kollektivləri arasında keçirilən festivalda rəhbərlik etdiyi kollektiv qalib gəlir. O dövrdə — tələbə olarkən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayır. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olur. Adil Gərayın sinfində təhsil alır.
1969-cu ildə gərgin əməyi və fədakarlığı ilə Gəncə musiqiçilərini və sənətçilərini başına yığaraq ictimai əsaslarla "Göy göl" xalq çalğı alətləri ansamblını yaradır. Tezliklə bu ansamblın şöhrəti Gəncəbasardan çox uzaqlara yayılaraq, xaricdə də tanınır. Konsertlər verən kollektiv fəxri fərman və mükafatlarla təltif olunur. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər. Zeynəb Xanlarova 1972-ci ildən etibarən bu ansamblın müşayiəti ilə yaddaşlardan silinməyən konsertlər verib.
Konservatoriyadakı təhsilini başa vurandan sonra Fikrət Verdiyev ansambla rəhbərliklə yanaşı, Qənbər Hüseynli adına Gəncə ora ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətə də başlayır. 1977-ci ildə mərhum Heydər Əliyev bu ansamblı bəyənərək ona Dövlət mahnı və rəqs ansamblı statusu verilməsini məqsədəuyğun bilir.
1982-ci ildə isə Zeynəb Xanlarova Fikrət Verdiyevi öz yaratdığı ansambla konsertmeystr dəvət edir. Bu ansamblla birgə 40-dan çox ölkədə Azərbaycan mədəniyyətini təbliğ edirlər. 1987-ci ildə Fikrət Verdiyev əməkdar artist adını alır.
1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində "Göy göl" mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradır. Mixail Boyarskini, Müşərrəf Akayı Bakıya dəvət edərək çıxışlarını təşkil edir.
2001-ci ildə Dövlət Neft Şirkətinin Neft Emalı Zavodunun nəzdində "Neftçi" mahnı və rəqs ansamblını yaradır. Könül Xasıyeva, Aygün Bayramova, Rövşən Behcət, Samir Cəfərov, Firuz Səxavət, Cabir Abdullayev, Teyyub Aslanov kimi sənətçiləri bir yerə yığaraq zəngin repertuar yaradır. Yeni Azərbaycan Partiyasının 10 illiyi münasibətilə sarayda keçirilən konsert proqramında uğurla çıxış edirlər.
Fikrət Verdiyev məşhur xanəndə, muğam ustası Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova ilə ailə qurub. İki qızı, bir oğlu, 3 nəvəsi var.[2]
10 may 2022-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[3]
22 dekbar 2022-ci il tarixində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.[4][5]