Ölüm cəzası
Edam və ya ölüm hökmü, ya da ölüm cəzası — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır.
Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.