Bədr Şirvani
Bədr Şirvani (1387, Şamaxı – 26 noyabr 1450) — Azərbaycan şairi.
== Həyatı ==
Bədr Şirvaninin həyatı və tərcümeyi-halını işıqlandıran ən mötəbər mənbə onun öz "Divan"ıdır. Şairin "Divan"ına daxil olan əsərlərdən belə məlum olur ki, o, XIV əsrin sonlarında, yəni, 1387-ci ildə Şirvanda, Şamaxı şəhərində yoxsul ailədə anadan olub. Yaradıcılığı az öyrənilmiş Bədrin dövrümüzədək gəlib çatan divanı qəzəl, qəsidə, rübai, mərasi, müqəttiat, mütəyyibat, məsnəvi, həzliyyat, təvarix, müsəmmət, mütəfərriqat, müəmma kimi janrları əhatə edir. Divan hazırda Özbəkistan EA-nın Əbu Reyhan Birunu adına Şərqşünaslıq institutunda qorunmaqdadır. Onu Bədr Şirvani irsinin öyrənilməsində böyük əməyi olan şərqşünas alim Əbülfəz Rəhimov 1975-ci ildə Moskvada nəşr etdirmişdir.
Bədr Şirvaninin ömür yolu 1387–1450-ci illərə təsadüf etdiyindən onun yaradıcılığında əsasən, XV əsrin əvvəllərindən ortalarınadək baş verən tarixi hadisələr əks olunub. Ümumiyyətlə, onun 122 beytdən çox şeiri tarixi hadisələrə həsr edilib.
"Divan"da şair tərəfindən verilən maddeyi-tarixlər xüsusi əhəmiyyət kəsb edir.
XV əsr Şirvan tarixini və memarlığını araşdıran bir çox alimlər bu mürəkkəb dövrü öyrənərkən Bədr Şirvani yaradıcılığını tutarlı mənbə hesab etmişlər.