Bakı Quberniyasının Neft Rüsumları üzrə Aksiz İdarəsi
== Tarixi ==
Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi.
== Qurumlar ==
=== Bakı Aksiz İdarəsi ===
Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.