Atom gəmisi
Atom gəmisi - nüvə-güc qurğusu ilə işləyən gəmilərin ümumi adı. Müxtəlif təyinatlı mülki və hərbi Atom gəmiləri (buzqıran gəmi, tanker, sualtı gəmi, aviasiya
gəmisi və s.) olur. Güc qurğuları üzvi yanacaqla işləyən gəmilər ilə müqayisədə atom gəmiləri əlahiddə üzmə və yüksək gediş sürətini uzun müddət saxlama qabiliyyətinə malikdir. İlk dəfə 1950-ci ildə sualtı gəmini nüvə energetika qurğusu ilə təchiz etməklə yüksək taktiki-texniki göstəricilərə (suyun altında 80 km/saat sürətlə hərəkət, 1000 m-ədək dalma dərinliyi, suyun, o cümlədən buzun altında limanlara çıxmadan uzaq ölkələrə üzmə qabiliyyəti) nail olundu.
Güc qurğusuna istilik neytronları, yaxud cəld neytronlarla işləyən nüvə reaktoru, reaktorda hasil olunan istiliyi mexaniki və ya elektrik enerjisinə çevirən buxar, yaxud qaz turbinli enerji qurğusu daxildir. Avar vintləri turbinlə, yaxud da elektrik mühərriki ilə hərəkətə gətirilir.
Atom gəmisinin nüvə-energetika qurğusu adi atom-elektrik stansiyası kimi bir, iki və üç konturlu istilik sxemi ilə işləyə bilər. İstilikdaşıyıcı və işlək cism kimi su, su buxarı, qaz, maye metallar və üzvi maddələr tətbiq edilir.
Nüvə-güc qurğusu ilə buzqıran gəmilər, yük, yük-sərnişin gəmiləri, konteyner daşıyan gəmilər, sualtı gəmilər, yedək və elmi tədqiqat gəmiləri təchiz olunur.
Azərbaycan Milli Ensiklopediyası (25 cilddə).