Mansur Mansurov
Mansur Əbdül oğlu Mansurov (13 avqust 1944, Bakı – 22 aprel 2020, Bakı) — A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2012).
== Həyatı ==
Mansur Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub. 190 saylı məktəbdə oxuyub (1950-1960). Bakı kitabxanaçılıq texnikumunun aktyor-rejissorluq fakultəsində təhsil alıb (1963-1966). İxtisas aldığı illərdə və sonrakı vaxtlarda Bayıl və Tibb işçiləri mədəniyyət evlərinin xalq teatrında çalışıb, rejissor olub.
1970-ci ildən ömrünün sonuna qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışıb.Uzun müddət teatrın səhnə ustası olmuşdur.
Repertuarın əsasını təşkil edən tamaşalarda silsilə rolların ifaçısıdır. Əli Səmədlinin "Cubbulunun çərpələngi" tamaşasında Div, Abdulla Şaiqin "Tıq-tıq xanım" tamaşasında Siçan bəy, "Yaxşı arxa" tamaşasında Tülkü, Rəhman Əlizadənin "Dəcəl çəpişlər belə-belə işlər" tamaşasında Cangüdən, "Bilqamıs əfsanəsi" tamaşasında İlan, Odlu, E.Quliyev və A.Əbilovun "Dədə Qorqud" tamaşasında Ağsaqqal, N.Zamanov və M.Məmmədov "Səfərin nağılı" tamaşasında Rəmmal, N.Qarnet "Ələddinin sehirli çırağı" tamaşasında Cin, S.Marşal "Bu ev kimin evidir?" tamaşasında Kirpi, Ə.Vəliyevin "Madarın dastanı" tamaşasında Vəzir, F.Məmmədovun "Tələ quran özü düşər" tamaşasında Alabaş, Əli Səmədlinin "Artıq tamah baş yarar" tamaşasında Səməndər, H.Ziya "Əkiz qardaşlar" tamaşasında Cin, Kədi, T.Mütəllibov "Meşə nağılı" tamaşasında Dələ, "Danışan qayalar" tamaşasında Şakir, Y.Oleşa "Üç gombul" tamaşasında Tibul, Mirvarid Dilbazinin "Göyçək Fatma" tamaşasında Elçin, Xanımana Əlibəylinin "Cunquş" tamaşasında Vəli baba, Mirmehdi Seyidzadənin "Sehirli nar" tamaşasında Vüqar və Mərcan, Əyyub Abbasovun "Keçinin qisası" tamaşasında Qurd, Vaymil Rabadanın "Zəncirlənmiş Pəri" tamaşasında Zalım, Anarın "Qaravəlli" tamaşasında Abbas Abbasov, Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" tamaşasında Məşədi İbad, Rada Moskovanın "Hara qaçırsan, dayça?" tamaşasında Madyan, Şahmar Hüseynovun "Sehirli güzgü" tamaşasında Zalım, Mərkəz Quliyevin "Dovşanın məhkəməsi" tamaşasında Çaqqal, Firidun Qurbansoy və Bəhrəm Basqallının "Canım Qırat, Gözüm Dürat" tamaşasında Gavur çarı, Mirmehdi Seyidzadənin "Cırtan" tamaşasında Div, Mişşi Yuxmanın "Həsir oğlan" tamaşasında Mısmırıq, Eldar Baxışın "Məlikməmməd" tamaşasında Məlikməmməd, Rəhman Rəhmanovun "Rəhmanın nağılı" tamaşasında Əzazil, Karlo Qostinin "Şahzadə Turandot" tamaşasında Briqela, Pantalone rollarını xüsusi qeyd etmək olar.
Kukla teatrının Yəmən, Hindistan, İran, Moskva qastrollarında, beynəlxalq festivallarda iştirak edib.
2012-ci ildə "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına layiq görülmüşdür.