Müsüslü Hərbi Dəstəsi
Bakı Xalq Komissarları Sovetinin AXC-ni aradan qaldırmaq üçün Gəncə istiqamətində hərəkət edən bolşevik-daşnak dəstələrindən ibarət I Qafqaz qırmızı korpusunun qüvvələrinə qarşı 1918-ci ilin iyununda Müsüslü stansiyası yaxınlığındakı mövqe tutmuş milli hərbi hissə və bölmələr.
Onların əsasını Müsəlman Korpusu tərkibində yaradılmış Azərbaycan hissə və bölmələri təşkil edirdi. Bolşevik-daşnak qüvvələrinin Gəncəyə doğru hücumu güclənərkən Qafqaz İslam Ordusunun qərərgah rəisi Nazim bəy 1918-ci ilin iyunun 14-də Müsüslü ətrafına gələrək buradakı milli hissə və bölmələrə ümumi rəhbərliyi öz üzərinə götürdü. 1918-ci ilin iyunun 27-də Nazim bəy Gəncəyə çağırıldı. Müsüslü ətrafındakı hərbi hissə və bölmələr isə vahid komandanlıq altında birləşdirildi və ona Müsüslü dəstəsi (müfrəzəsi) adı verildi. Qafqaz İslam Ordusu komandanının əmri ilə polkovnik-leytenant Həbib bəy Səlimov bu dəstəyə komandan təyin edildi. Dəstənin tərkibinə bu Azərbaycan hissə və bölmələri daxil idi:
I Tatatr süvari alayının I və II bölükləri,
II Süvari alayının II bölüyü,
Qarayazı süvari-piyada bölüyü,
Pulemyot bölüyü,
Zirehli qatar,
Səhra artilleriya batareyası,
Teleqraf taqımı,
Göyçay əsgər bölüyü.
Müsüslü dəstəsinə qarşı I Qafqaz qırmızı bolşevik-daşnak korpusunun I briqadası və təlimatçılar məktəbinin şəxsi heyətindən ibarət dəstə yaradılmışdı. Bolşeviklərin də zirehli qatarı var idi. 1918-ci ilin, iyulun 2-də Lazar Biçeraxovun dəstəsi də Müsüslü dəstəsinin qarşısında yerləşdirildi və cəbhə komandanlığı ona həvalə olundu.