Bakı Xalq Komissarları Sovetinin AXC-ni aradan qaldırmaq üçün Gəncə istiqamətində hərəkət edən bolşevik-daşnak dəstələrindən ibarət I Qafqaz qırmızı korpusunun qüvvələrinə qarşı 1918-ci ilin iyununda Müsüslü stansiyası yaxınlığındakı mövqe tutmuş milli hərbi hissə və bölmələr.[1]
Onların əsasını Müsəlman Korpusu tərkibində yaradılmış Azərbaycan hissə və bölmələri təşkil edirdi. Bolşevik-daşnak qüvvələrinin Gəncəyə doğru hücumu güclənərkən Qafqaz İslam Ordusunun qərərgah rəisi Nazim bəy 1918-ci ilin iyunun 14-də Müsüslü ətrafına gələrək buradakı milli hissə və bölmələrə ümumi rəhbərliyi öz üzərinə götürdü. 1918-ci ilin iyunun 27-də Nazim bəy Gəncəyə çağırıldı. Müsüslü ətrafındakı hərbi hissə və bölmələr isə vahid komandanlıq altında birləşdirildi və ona Müsüslü dəstəsi (müfrəzəsi) adı verildi. Qafqaz İslam Ordusu komandanının əmri ilə polkovnik-leytenant Həbib bəy Səlimov bu dəstəyə komandan təyin edildi. Dəstənin tərkibinə bu Azərbaycan hissə və bölmələri daxil idi:[1]
Müsüslü dəstəsinə qarşı I Qafqaz qırmızı bolşevik-daşnak korpusunun I briqadası və təlimatçılar məktəbinin şəxsi heyətindən ibarət dəstə yaradılmışdı. Bolşeviklərin də zirehli qatarı var idi. 1918-ci ilin, iyulun 2-də Lazar Biçeraxovun dəstəsi də Müsüslü dəstəsinin qarşısında yerləşdirildi və cəbhə komandanlığı ona həvalə olundu. Müsüslü dəstəsi 3 döyüşdə-1918-ci il, iyunun 18–29-da Müsüslü-Qaraməryəm xəttində, iyulun 5–10-da Kürdəmir ətrafında və iyulun 12–14-də Karrar stansiyası ətrafında baş verən döyüşlərdə iştirak etmişdi. Döyüşün miqyasından asılı olaraq, Müsüslü dəstəsi həm türk hərbi qüvvələri, həm də könülü Azərbaycan dəstələri ilə möhkəmləndirilirdi. Məsələn, Kürdəmirdəki döyüşlərin gedişində Nuru Paşanın əmri ilə Ağdaş və Xaldandakı dəstələr, Qazaxda toplanmış 350 nəfərlik silahsız dəstə Müsüslü dəstəsinin tabeliyinə verlmişdi. 1918-ci ilin, iyulun 16-da Müsüslü dəstəsinin bazasında Cənub qrupu təşkil edildi və bununla da Müsüslü dəstəsinin mövcudluğuna son qoyuldu.[1]