Ağdamar adası (Akdamar, Ahtamar, Ağtamar, Axtamar) — Türkiyənin Van və Bitlis illəri arasında olan Van gölünün içində yer alan ən böyük adadır.
Ağdamar kilsəsi
Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır.
Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır.