Ağdamar kilsəsi

Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır.

Ağdamar kilsəsi
Ախթամարի Սուրբ Խաչ եկեղեցի
Xəritə
38°20′30″ şm. e. 43°02′07″ ş. u.
Ölkə  Türkiyə
Yerləşir Van ili, Van gölü adası
Aidiyyatı Erməni Qriqoryan Kilsəsi
Memar Manuel
Sifarişçi Qagik Artsruni
Tikilmə tarixi 915—921-ci illər
Üslubu Erməni memarlığı
Vəziyyəti muzey kimi fəaliyyət göstərir
Ağdamar kilsəsi (Türkiyə)
Ağdamar kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır. Kilsənin şimal-şərq tərəfində yerləşən əlavə ibadət mərkəzi 1296-1336-cı illərdə, qərbində yerləşən qonaq evi isə 1793-cü ildə inşa olunmuşdur. Şimal tərəfdə yerləşən ibadət mərkəzinin nə zaman inşa olunduğu dəqiq məlum deyil.

1951-ci ildə Türkiyənin şərqində yerləşən kilsələrin dağıdılması barədə yerli icra orqanlarına göstəriş verilmişdir. Göstərişə əsasən Ağdamar kilsəsi də uçurulmalı idi. Kilsənin yaxın zamanda uçurulacağından xəbər tutan jurnalist Yaşar Kamalın cəhdlərindən sonra kilsənin dağıdılması barədə qərar ləğv olunmuşdur. 1915-ci il hadisələrindən sonra Türkiyə hakimiyyəti kilsədə dini ibadətlərin icra olunmasını qadağan etmişdir.

2005-2007-ci illərdə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi kilsə üzərində bərpa işlərinin aparılması üçün 1,5 milyon dollar pul ayırmışdır. 19 sentyabr 2010-cu ildə Türkiyə erməniləri kilsədə 95 illik fasilədən sonra dini mərasim təşkil etmişdilər. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ermənilərə ildə bir dəfə kilsədə ibadət təşkil etməyə icazə vermişdir.