Praqa baharı
"Praqa baharı" (çex. "Pražské jaro", slovak. "Pražská jar") - Çexoslovakiyada 1968-ci il yanvarın 5-dən avqustun 20-dək cəmiyyətdə gedən kütləvi siyasi liberallaşma prosesi. Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının qoşunlarının ölkəyə yeridilməsi ilə bu prosesin qarşısı alınmışdır.
5 yanvar 1968-ci ildə Aleksandr Dubçekin Çexoslovakiya Kommunist Partiyası rəhbərliyinə gəlməsi ilə Çexoslovakiya açıq şəkildə SSRİ-dən asılı olmadığını nümayiş etdirməyə başladı.
"İnsan sifətli sosializm" yaratmaq məqsədilə Dubçek və onun həmfikirləri tərəfindən həyata keçirilən siyasi islahatlar 1956-cı ildə Macarıstanda olduğu kimi əvvəlki siyasi xətdən tam imtina xarakteri daşımırdı. Lakin Sovet İttifaqının və Avropadakı bəzi sosialist dövlətlərin rəhbərləri Çexoslovakiyadakı islahatları sosialist dövlət quruluşunun əsaslarına və "sosialist bloku"nun bütövlüyünə qarşı yönəlmiş təhlükə kimi qəbul edirdilər.
Belə ki, ölkədə senzura kifayət qədər məhdudlaşdırılmış, sərbəst ictimai diskussiyalar genişlənmiş, çoxpartiyalı sistemə keçid başlamışdı. Tam şəkildə söz, toplaşma və hərəkət azadlığı veriləcəyi, dövlət təhlükəsizlik orqanları üzərində nəzarətin gücləndiriləcəyi, şəxsi müəssisələrin açılmasına icazələrin asanlaşdırılacağı və istehsal üzərində dövlət nəzarətinin məhdudlaşdırılacağı bəyan olunmuşdu. Bundan əlavə, ölkənin federasiyaya çevrilməsi və ÇSSR-in tərkibinə daxil olan Çexiya və Slovakiyanın hakimiyyət orqanlarına verilən səlahiyyətlərin artırılması planlaşdırılmışdı.