Bayıl həbsxanası
Bayıl həbsxanası — Müxtəlif mənbələrdə tikilməsi 1874, 1880 və 1886-cı illərə aid edilən penitensiar müəssisə.
== Tarixi ==
Rəsmi olaraq Bakıda həbsxananın tikilməsi, bu işə kapital qoyuluşu XIX əsrin 80-ci illərinə təsadüf edir. Bakı şəhərinin ilk həbsxana müəssisələrindən biri Bayıl həbsxana qəsridir ki, buranı çox vaxt Bayıl həbsxanası adlandırıblar. Qəsrin inşası haqqında Azərbaycan Respublikasının Dövlət Arxivində xeyli material saxlanmışdır. Əvvəllər at tövləsi kimi istifadə olunub.
Bu sənədlərdə qeyd olunduğuna görə Rusiya imperatorunun 1 sentyabr 1885-ci ildə irəli sürdüyü təklifə əsasən Xəzər hərbi gəmiçiliyinin nəzdindəki aşağı çinlilərinin ixtisara düşməsilə əlaqədar onların 62, 63, 64, 65, 66, 67 saylı ailə kazarmaları müvafiq avadanlıqları ilə birgə həbsxanaya çevrilməkdən ötrü Vətəndaş İdarəsinə təhvil verildi. Məhz Bayıl burnundakı həmin kazarmaların əsasında müvafiq tələblərə uyğun yenidənqurma, təmir, bərpa işləri aparmaqla, yeni, əlavə tikililər inşa etməklə həbsxana binası qurulmalı idi. Respublikanın Tarix Arxivində saxlanılan sənədlərə diqqət yetirək: 1888-ci il dekabrın 31-də Bakı Qubernatoru idarə heyətinin tikinti üzrə bölməsində Bakı 1-ci tacir gildiyasının qəyyumu (səlahiyyətli nümayəndəsi) tacir Musael Danilov — Şagedanov, andlıların səlahiyyətli nümayəndəsi Nikolay Karlov Qauzen Bakı Qubernatoruna cari ilin 18 noyabrında dinlənilmiş məsələ ilə əlaqədar aşağıda dərc olunanları bildirir: Bayıl burnunda 38484 rubl dəyərində həbsxana tikintisi Bakı Quberniya İdarəsinin 29 noyabr 1886-cı ildə Musael Şagedanov tərəfindən icraata qəbul edilmiş və bütün işlər heç bir şərtsiz 1888-ci il yanvarın 1-də başa çatdırılmalıdır. Çünki, əvvəllər Krasilnikovun evində icarəyə götürülmüş otaqların müqavilə vaxtı 1 yanvar 1888-ci ildə başa çatır. Həmin müqavilə dəqiqliklə, vaxtında icra olundu, çünki, tutulanlar, həbsdə olanlar yeni inşa olunmuş həbsxanaya bu ilin (1888-ci ilin) yanvar ayının 14-də keçirilmişlər və görülən işlərin tələblərə tam cavab verdiyi 31 dekabr 1887-ci ildə tərtib olunan aktla təsdiq olunur.