Ceyms Preskott Coul
Ceyms Preskott Coul (ing. James Prescott Joule d. 24 dekabr 1818, Solford, Lankaşir qraflığı (indiki böyük Mançester); ö. 11 oktyabr 1889, Seyl, Çeşir qraflığı) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1850). İlk Termodinamika qanunu - Enerjinin Saxlanması Qanununu təsvir edib.
Ceyms Preskott Coul ev təhsili almışdı. Müəllimi C. Daltonun təsiri altında fizikaya böyük maraq göstərərək, fiziki eksperimentlər aparmağa başlayan Coul elektromaqnit hadisələrinin öyrənilməsinə, alçaq temperaturlar fizikasına, enerjinin saxlanması qanununun əsaslandırılmasına böyük töhfə vermişdir. 1840-cı ildə Ferromaqnetiklərin maqnitlənməsi zamanı doyma effektini və 1842-ci ildə maqnito striksiyanı aşkar etmişdir. Coul E.X.Lentsdən asılı olmayaraq, 1841-ci ildə naqildən cərəyan keçərkən ayrılan istilik miqdarının naqilin müqavimətindən və cərəyan şiddətindən asılılığını müəyyən etmişdir və bu, 1843-cü ildə nəşr olunmuşdur. Həmin qanun Coul-Lents qanunu adlandırılır.