Cəlairilər
Cəlairilər sultanlığı — 1340-cı ildən 1432-ci ilədək Azərbaycanda, İranda və İraqda iqtidarda olmuş eyniadlı monqol əsilli türk xanədanının idarə etdiyi dövlət.
== Tarixi ==
Cəlairilər el, ulus şəklində monqol yürüşləri dövründə Azərbaycana gəlmişlər. Tərkibinə İraqi Ərəb, İraqi Əcəm, Kürdüstan , Gürcüstan, Ermənistan, Deyləm, Xorasan, Cəzirə, Luristan, Xuzistan və digər ərazilər daxil idi. Paytaxtı Bağdad, sonra isə Təbriz şəhərləri olmuşdur. Şeyx Həsən Cəlairi 1341-ci ildə Bağdadda Cahan Teymuru taxtdan salaraq Cəlairilər dövlətinin əsasını qoydu. Onu əvəz edən Şeyx Üveys 1359-cu ildə Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı və Təbrizi paytaxt etdi.
Sultan Əhməd Cəlairinin dövründə Cəlairilər dövlətinin daxilində hakimiyyət uğrunda mübarizə gücləndi, dövlət tənəzzülə uğradı və sonra Teymurun və Qızıl Orda xanı Toxtamışın hücumlarına məruz qaldı. Teymurun yürüşləri dövründə Əlincəqala Cəlairilərin əsas müdafiə istehkamına çevrildi. 1386-cı ildə Teymurun qoşunu Təbrizi tutduqdan sonra Naxçıvan ərazisində onlara qarşı vuruşan Sultan Əhməd Bağdada, onun əmirlərinin bir hissəsi isə Əlincəqalaya çəkildi. Qalada Cəlairilərin xəzinəsi, Sultan Əhmədin ailəsi, oğlu Sultan Tahir və yaxın adamları, 300-ə yaxın cəngavər var idi.