Daşlı (Laçın)
Daşlı — Azərbaycan Respublikasının Laçın rayonu Daşlı kənd inzibati ərazi dairəsində kənd.
== Etimologiyası ==
Ərazinin daşla əhatə olunduğu və çınqıllı, daşlı yer oldugu üçün, həmçinin kəndin də həmin daşlı ərazidə salındığına görə, toponimin adı da Daşlı adlandırılmışdır.Yerli əhali bəzən kəndin adını Daşdı, Daştı formasında tələffüz edir. Daşlı sözü düzəltmə toponimdir və relyeflə bağlı yaranıb. Sözün kökü ola daş termini oronimiyada “filiz”, “qaya”, “daş” mənalarında işlənir. Sözün ikinci hissəsi Azərbaycan dilində daş sözünə çoxluq mənası ifadə edən “lı” şəkilçisidir.
Daşlı toponiminin arealları Xəzər dənizinin arxipelağında ada, Gədəbəy ərazisində dağ, Şamaxı ərazisində dağ adı kimi keçir. Ölkə xaricində Başqırdıstanda Taşlı, Dağıstanda Daşlıkənd, Moldovada Taşlı, Türkmənistanda Daşlıq və s.
== Tarixi ==
1593 cü ildə Daşlıkəndinin ərazisi Mağavuz nahiyəsinin tərkibində olub. Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyəsinin tərkibində olan zaman Osmanlı dövləti Mağavuz nahiyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya alıb. Həmin siyahıda Böyük Daşlı və Kiçik Daşlı adında iki kənd qeydə alınmışdır.