Ebola virusu xəstəliyi
Ebola virusu xəstəliyi (ing. Ebola virus disease, EVD), həmçinin Ebola hemorragik qızdırması kimi tanınır (ing. Ebola haemorrhagic fever, EHF, lat. Ebola febris haemorrhagica) — kəskin viruslu yüksək yoluxucu xəstəlik. Nadir, lakin olduqca təhlükəli bir xəstəlikdir. Epidemiyanın başlaması Mərkəzi və Qərbi Afrikada qeydə alındı, ölüm 25–90% arasında dəyişdi (orta hesabla 50%). Hal-hazırda Ebola üçün etibarlı bir peyvənd yoxdur, ancaq ölkələr 2015-ci ildə yayıldığı üçün artıq peyvəndi ciddi qəbul etdilər.
— Ebola virusu insanlara əsasən qan və digər bədəndaxili mayelər, eləcə də virus daşıyıcısı olan heyvanlardan keçir. Yarasa, meymun və digər heyvan növləri virus daşıyıcısı ola bilər;
— Ebola insandan insana qan və digər bədəndaxili mayelərlə əlaqə yoluyla keçir;
— Dəfn mərasimlərində ölü insana toxunmaq yoluyla da virusa yoluxmaq mümkündür;
— Virusun inkubasiya müddəti (infeksiyaya yoluxma anıyla xəstəliyin əlamətlərinin müşahidəsi arasındakı müddət) 2 gündən 21 gün arasında dəyişə bilir;
— Qanlarında və daxili əzalarında virus daşıdıqları müddətcə insanlar infeksiya daşıyıcısı hesab olunur
İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qara ciyər fəaliyyətində problemlər müşahidə olunur.