Oqtay Eloğlu
"Oqtay Eloğlu" pyesi — Cəfər Cabbarlının 1922-ci ildə qələmə aldığı pyes. Əsərdə ədib cəhalət içində boğulan, pulun, səltənətin hakim olduğu cəmiyyətdə vətəndaş — ziyalı təəssübkeşliyini ön plana çəkmişdir. Əsərin əsas qəhrəmanı xalqını, Vətənini bütün varlığı ilə sevən bir gəncdir. O özünü el oğlu, böyük bir vahidin kiçik parçası sayır. Millətinin cəhalət içində yaşaması Oqtayı ağrıdır. 0, rahatlıq tapa bilmir, həyatını, xalqını gerilikdən qurtarmaq, inkişafa qoşmaq uğrunda mübarizəyə həsr edir.
Oqtay xalqına xidmət yolunda milli teatr yaratmağı ən yaxşı vasitə sanır və bunu qarşısına məqsəd qoyur. O, dostu Səməd bəyə qətiyyətlə bildirir: "Səhnəmiz yox. Fəqət olmalıdır. Onu da mən yaradacağam".