Kartof
Kartof (lat. Solanum tuberosum) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Əsasən, Cənubi və Mərkəzi Amerikada bitən 200-dək yabanı və mədəni növü məlumdur. Mədəni halda 2 növü – geniş yayılmış Çili kartofu (S. tuberosum) və And kartofu (S. andigenum) var. Çili kartofu 3–6 gövdədən ibarət, hündürlüyü 50–80 sm olan koldur. Yarpağı təklələkvarı bölümlüdür. Kök yumrularının forması girdə, oval, uzunsov, ləti ağ, sarı, çəhrayı, qırmızı və göydür. Üzərində spiral istiqamətində 3–4 tumurcuğu olan gözcüklər yerləşir. Kartofun tərkibində orta hesabla 76,3% su, 23,7% quru maddə, o cümlədən 17,5% nişasta, 0,5% şəkər, 1–2% zülal, 1%-dək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və karotinoidlər var. Xalq təbabətində kartof şirəsindən vərəmin, tənəffüs orqanlarının, mədə yarasının, onikibarmaq bağırsağın müalicəsində də istifadə edilir.