Gəl-Gör-Get qalası
İbn Ərəbşahın yazdığına görə 28 iyul 1402 tarixdə vaqe olmuş məşhur Ankara döyüşündən Qarabağa geri dönən Əmir Teymur Gürcüstandan keçərkən yolüstü 2 gürcü istehkamını bir müddət mühasirədə saxlamış və son nəhayətdə onları ələ keçirmişdir; bunlardan biri "Mağaralıq" deyilən yer, digəri isə "Gəl-Gör-Get" qalası idi və onlar "Gürcüstan qalaları arasında iki göz kimi idilər".
Ehtimal etmək mümkündür ki həmin "Gəl-Gör-Get" qalası indi xarabalığı Şəki rayonunun Kiş kəndindən 1 km şimalda olan "Gələrsən-Görərsən qalası"dır. Qalanın İbn Ərəbşah tərəfindən edilmiş təsviri də məhz, "Gələrsən-Görərsən qalası"na uyğun gəlməkdədir. O ki qaldı "Gəl-Gör-Get" qalasının gürcü istehkamı hesab edilməsinə, nəzərə alınmalıdır ki, sonda müəllif həm də Şirvanşah Şeyx İbrahimin dili ilə qeyd etmişdir ki, həmin qalaların xaçpərəst müdafiəçiləri heç də gürcü yox, əslində "tatar" imişlər! Deməli, bu istehkamların müdafiəçiləri xristian-provoslav məzhəbli "tatar"lar olduğuna görə, müdafiəçilər gürcü, istahkamlar isə "Gürcüstan qüllələri" hesab edilmişdir.
Bu qalalardan digər biri Gəl-Gör-Get’in göydələn qalasıdır ki öz adı kimi dikbaşlıq və təkəbbürdən söz açar və onun (adının) mənası türkcə belədir: "gələrsən, görərsən və geri dönərsən", yəni bir kimsə ona baxmaqdan başqa, qeyri bir şeyə nail olmaz, onun binası üç tərəfdən hündür təpəliyin üstündə(dir) və (yüksəkliyi həmin) tərəflərin yüksəkliklərinin hamısından daha yüksəkdir. Digər (dördüncü) tərəfindən dar və nahamar yol (gəlir) və (bu yol) sərt və çətin bir keçiddə başa çatır və o yolu gedən qarşılaşdığı sərtliklərə sinə gərərək hündür bir uçuruma və dərin bir yarğana yetişər ki, onunla qalanın darvazası arasında bir körpü bağlamışlar və körpü götürülərkən qalaya giriş qapadılmış olar.
Teymur elə ki o halın həqiqətindən agahlıq tapdı və o pünhan bir xəbər aşkar oldu, bu qərara gəldi ki, öz məqsədinə çatmayanadək o məhlədən köç etməsin; amma o qalanın yaxınlığına, bir məkan ki, ora düşər və ora elə yer ki dalğalanan dəniz onun içində yerləşsə tapmaq olmaz, bəlkə bütün ətrafı qarma-qarışıq idi və uçurum və yüksəklik elə bil, necə ki öz ərinin qarşısında həyasız bir qadının qəzəbli çöhrəsi – bütünlüklə sərt və kobuddur.
Amma Teymur tamahkarlığından öz sığınacaq və qərargahını orda, o qalanın göz qabağında qurdurmuşdu və ləşgərləri növbə ilə mühasirə və get-gəl işində olurlar və qala adamları gündüzlər körpünü götürüb müharibə və mübarizə bəlasından amanda idilər, çünki, o ətrafda bir məkan ki, mübarizə üçün yarasın və bir meydan ki, cəng üçün işə keçsin, tapmaq olmaz! Və teymurilər elə ki səhər açılır, uzaqdan ox atmaqla (, döyüşün başqa dəhşətlərindən) qurtulurlar və qane aşiq kimi, bir baxışa məmnun olurlar və gecə düşən kimi öz çadırlarının yolunu tuturlar və o yaxınlıqda bir yer yox idi ki bir gecəni başa vura bilələr, o zaman xaçpərəstlər körpünü yerinə qoyub dar bir yol ki, orda öz ehtiyaclarını təchiz edə bilərlər, [həmin yolu] açırlar və gediş-gəlişə başlayırlar, Teymur üçün o qaladan ümidsizlik nişanı zahir olan kimi və onun (qalanın) fəthini özü üçün xam arzu hesab edən kimi (o,) köç göstərişi verdirdi; amma bu rüsvayçılıqdan qorxuya düşdü və bu geri çəkilməsi üçün bəhanə və (uydurma bir) "səbəb" axtarır.(..)
Teymurun ləşgəri içində boyları bir və qolları iki şir qüvvəsində iki cavan var idi ki xasiyyət və görkəm və qorxmazlıq və mərdanəlikdə biri o birindən o qədər də fərqlənmirdi, mübarizə meydanında biri digərinə müvafiq irəli çıxır, tərəzinin iki gözü kimi bərabər olurdular, təsadüf düşdü ki, o ikisindən biri Gürcüstan adamlarından bir kafir ki, şücaətdə şir kimi və boy-buxunda dağ kimi idi, (onunla) qabaq-qabağa çıxdı və Bu onu yerə yıxıb başını kəsib götürdü və Teymurun dərgahına apardı və bu işdən yüksək bir rütbə qazandı; bu "özünü göstərmə" bunun bərabərinin ürəyinə təsir etdi və onu bərk şəkkə gətirib məcbur etdi ki bir çarə fikirləşə ki, bəlkə özünün tayı yanında daha yaxşı bir (iş görüb ad-san) qazansın?; onun adı Pirməhəmməd və ləqəbi Qənbər idi və körpü işində heç kəs ondan çox tanışlıq və səriştəyə malik deyildi.