Gicgah epilepsiyası
Gicgah epilepsiyası — epilepsiyanın bütün parsial formaları
arasında ən tez-tez (80-85%) rast gəlinir. Simptomatik və kriptogen
gicgah epilepsiyaları ayırd edilir.
Simptomatik gicgah epilepsiyasına medial (mezial) sklerozla
gedən formalar, həmçinin əmələ gəlməsi şişlər, damar patologiyası
(malformasiyalar), kortikal displaziya ilə əlaqələndirilən formalar
aid edilir. Birincili epilepsiya ocağının baş beyində
lokalizasiyasından asılı olaraq gicgah epilepsiyasının
mediotemporal (paleo-kortikal) və neokortikal alttipləri
fərqləndirilir. Onların klinik mənzərəsində prinsipial fərqlər
mövcuddur.
Medial gicgah epilepsiyası ən çox yayılmış parsial epilepsiyalara
aiddir. Onun morfoloji substratını beynin hippokamp şöbələrinin
neyroqliyanın mamırabənzər artmaları ilə gedən sklerozu (medial
temporal skleroz, ammon buynuzu sklerozu) təşkil edir. Bu, sinir
toxumasında sinxronizasiya və oyanıqlığın artmasına, son nəticədə
isə spontan epileptik boşalmaların əmələ gəlməsinə gətirib çıxarır.
Etioloji faktorlar arasında uşaq yaşlarında mürəkkəb febril
tutmaların, həmçinin MSS xəstəliklərinin (o cümlədən infeksion və
kəllə-beyin travması mənşəli) olması qeyd edilir. Xəstələrin bir
hissəsində 2-5 yaşlarında baş verən, sonradan keçib gedən febril
tutmalar müşahidə olunur.